AFFA “Qarabağ”ı buraxılış vəsiqəsinə görə cərimələdi

Baxış sayı: 2. 351 dəfə baxılıb.

AFFA “Qarabağ”ı buraxılış vəsiqəsinə görə cərimələdi

AFFA İntizam Komitəsi yeni mövsümün ilk qərarını açıqlayıb.

ÇıxışYolu.Com xəbər verir ki, Premyer Liqanın I turunun oyunlarındakı pozuntulara hüquqi qiymət verilib.

Belə ki, “Keşlə” – “Qarabağ” matçının 74-cü dəqiqəsində meydan sahiblərinin futbolçusu Emin Mehtiyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün bir oyun cəzalanıb, klub 200 manat cərimə olunub. “Qarabağ” klubunun bəzi rəsmilərinin “A” buraxılışından istifadə etməməsinə görə klub 800 manat cərimə ödəyəcək.

Bundan başqa, “Qəbələ” – “Sumqayıt” matçında qonaq komandanın beş futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Oyunun 84-cü dəqiqəsində “Qəbələ” klubunun futbolçusu Asif Məmmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün bir oyunluq cəzalanıb, klub 200 manat cərimələnib. Oyun başa çatdıqdan sonra “Qəbələ” klubunun azarkeşi tunelə daxil olaraq hakimlər briqadasını təhqir etdiyi üçün meydan sahibi klub daha 4 min manat cərimə ödəməli olacaq. Həmçinin matç “Sumqayıt” klubunun ucbatından doqquz dəqiqə gec başladığı üçün qonaq komanda da əlavə 800 manatını AFFA xəzinəsinə verəcək.

“Neftçi” – “Sabah” matçında isə qonaq komandanın dörd futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Səbuhi Musayev