60de447a-5fbb-492b-9242-aa3df1bb4af7..jpg

AFFA rəsmisi: “Qarabağ”ın Almaniyadakı matçda da qol imkanları olacaq”

Baxış sayı: 939 dəfə baxılıb.

AFFA rəsmisi: “Qarabağ”ın Almaniyadakı matçda da qol imkanları olacaq”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağ”ın Almaniyadakı matçda da qol imkanları olacaq. Leverkuzen təmsilçisi
nə qədər güclü olsa da, komandamız əks-hücumlarda kifayət qədər təhlükəlidir”.

Bunu “Report”a açıqlamasında AFFA-nın əməkdaşı, məşqçi kurslarının
maarifləndirmə üzrə direktoru Aslan Kərimov UEFA Avropa Liqasının 1/8 final
mərhələsində keçirilən “Qarabağ” – “Bayer 04” matçını dəyərləndirərkən deyib.

“Qarabağ”ın sabiq kapitanı Ağdam təmsilçisinin ilk matçdakı performansını
yüksək qiymətləndirib:

“Qrup mərhələsindən sonra keçirilən matçları dəyərləndirərkən “Qarabağ”
haqqında yalnız pozitiv danışmaq mümkündür. Burada tənqid etməyin heç bir əsası
yoxdur. Bu səviyyədə komandaya qarşı belə bir mübarizə aparmaq artıq çox şeydən
xəbər verir. “Qarabağ” böyük məktəb keçib. Son görüşün ilk hissəsində düzgün
seçilmiş strategiya var idi. Almaniyadakı oyundan fərqli olaraq Ağdam
təmsilçisi rəqibə bu dəfə başqa cür yanaşdı. Ön xətdə inamlı oynadılar. İrəliyə
çox getmirdilər, əks-hücumdan oyunu qururdular. Bu da öz bəhrəsini verdi, ilk
hissəni iki top fərqi ilə başa vurduq. İkinci hissədə də oyunumuzda dəyişiklik
olmadı”.

A.Kərimov “Qarabağ”ın üstünlüyü əldən verməsinin səbəblərini açıqlayıb:

“Buraxdığımız iki qol oyunçularımızın gücünün tükənməsinə görə baş vermədi.
“Bayer 04”ün “onurğa sütunları” meydana daxil olaraq matçı tamamilə dəyişə
bildilər. 2-3 futbolçu ilə Leverkuzen təmsilçisi bu qədər güclü ola bilir.
Oyunçunun keyfiyyəti burada həlledici rol oynayır. Düzdür, “Bayer 04” hər iki
hissədə Xabi Alonsonun komandası idi. Oyun strategiyasını ortaya qoya bilən
futbolçular ikinci hissədə meydana daxil oldular. Leverkuzen klubu ikinci
hissədə davamlı şəkildə hücumlar edirdi. Bu hücumları təşkil edən Virtz, Caka,
Frimponq kimi oyunçular idi. “Qarabağ” topu özündə saxlamağa çalışarkən bu
oyunçular pressinq edərək hücumun təşkilinin qarşısını alırdılar. Bu da oyunun
sonunda yorğunluğa gətirib çıxardı. Juninyonun şansı olsa da, fərqlənə bilmədi.
Ona böyük ehtimalla zədəsi mane oldu. İkinci hissə tamamilə “Bayer 04”ün
üstünlüyü ilə keçdi”.

51 yaşlı mütəxəssis komandamızın Almaniyadakı matçda da inamlı çıxış edəcəyini
vurğulayıb:

“Cavab matçında “Bayer 04” ikinci hissədəki kimi oynayacaq. Almaniya klubu
topun ətrafında say çoxluğu yaradaraq hücuma çıxır. Bəzən 4-5 metrlik məsafədən
oyunçular bir-birinə ötürmə verirlər. Dünən belə oyun üslubunda olan səhvlərdən
“Qarabağ” qol imkanları yarada bildi. Almaniyada müdafiəni toxunulmaz
saxlamalıyıq. “Bayer 04” hazırda üstünlüyə malikdir. Amma səfərdə bizim də
şanslarımız olacaq”.

Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının pley-off mərhələsində Almaniyanın
“Bayer 04” klubu ilə heç-heçə (2:2) edib. Komandalar arasında cavab oyunu
martın 14-də Leverkuzen şəhərində gerçəkləşəcək.

Source link