“Müstəmləkə altında yaşamaq, neokolonializm siyasətinizə məruz qalmaq
suverenlik və müstəqil qərar vermək anlayışlarını bizdən uzaqlaşdırır”.
Cixisyolu.com xəbər verir ki, bunu “Afrikada Fransanın Neokolonializm siyasətinə”
həsr edilən beynəlxalq konfransda çıxışı zamanı ASRAD (İnkişaf Yardımının
Gücləndirilməsinə Həmrəylik Dəstəyi) Qeyri Hökumət Təşkilatının prezidenti
Kabine Doumbia deyib.
O bildirib ki, bu kimi tədbirlər vasitəsilə səslərini müxtəlif bölgələrdə
yaşayan insanların və beynəlxalq təşkilatların diqqətinə çatdırmaq imkanı əldə
edirlər:
“Dövlətin öz ərazisi üzərində öz hakimiyyətini həyata keçirmək və müstəqil
qərar qəbul etmək mənasını verən suverenlik anlayışı bu gün qloballaşan
dünyanın mürəkkəb reallıqları ilə üz-üzə gəlir. İqtisadi suverenlik isə
şübhəsiz ki, Afrika xalqlarının üzləşdiyi ən ciddi və aktual problemlərdən
biridir. Aşağı qiymətlərlə ixrac edilən Afrika xammalının daha sonra yuxarı
qiymətlərlə yenidən satılması bunun ən bariz nümunəsidir”.
“Ona görə də bu gün bizim qarşımızda duran ən mühüm məsələ suverenliklə
bağlıdır. Çünki Afrika xalqlarının azadlıq və müstəqillik əldə etmək
çağırışları beynəlxalq aləmdə eşidilmir. Bu çərçivədə Bakı Təşəbbüs Qrupu (BTQ)
bizim səsimizi beynəlxalq aləmə çatdırmaq üçün uğurlu bir platformadır”, – deyə
QHT rəhbəri əlavə edib.
Mərahim Nəsib