Ağ Evin aqressivləşən “demokratiya hamiliyi”: İrəvanın sığındığı qucağın vəd
etdiyi TƏHLÜKƏ
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
ABŞ “demokratiya”sı qəbul edilmiş ümumi anlayışın hüdudlarından çox kənarda
sərhədlərə malikdir. İlk növbədə bütün dünyaya sırınmağa çalışılan müvafiq
anlayışın kökü və təməl prinsipləri normal demokratiya anlayışına heç bir
şəkildə uyğunlaşmır. Belə ki, ABŞ-nin özünəməxsus “demokratiya”sı sırf güc və
maraqlar üzərində qurulmuş anlayışdır. Burada başlıca dəyərlər heç də insan
haqları və azadlıqlar deyil, məhz ABŞ siyasətinin bəşəriyyətə diktə edilməsi,
güc yolu ilə dünya siyasətini Vaşinqtona xidmət edən mexanizmə çevirməkdir.
Elə ABŞ-nin “demokratik ölkələr” seçimi və onlara dəstək sxemi də məhz
dövlətlərin bu mexanizmin çarxlarından birinə çevrilmək istəyi üzərindən
qurulur. Çarxın işlək detallarından biri olmağa razılaşanlar demokratiya adı
altında ABŞ-nin hərbi gücünün nüfuz dairəsinə cəlb edilir, sonradan bu nüfuz
real iştirakla əvəzlənir və yekun olaraq ABŞ hərbi gücünü öz sərhədlərindən
olduqca kənarda istifadə etmək imkanı əldə edir. Təbii ki, əlaltı olmağa
razılaşmayan ölkələrə qarşı…
Mövcud geosiyasi vəziyyətdə dünyanın siyasi arenasında ABŞ-nin özünə rəqib
hesab etdiyi və siyasi xəttini münasib görmədiyi dövlətlərin ümumi cəhətlərini
aydın sezmək mümkündür. İlk növbədə müstəqil siyasi kurs və ABŞ-nin nüfuz
dairəsinə düşməmək üçün ən azından müqavimət göstərmək…
Birləşmiş Ştatların bütün dünyada 1000-dən çox aktiv və ya ehtiyac halında
aktiv fəaliyyət göstərə biləcək hərbi bazalar şəbəkəsinə sahibdir. Bu bazalarda
yerləşdirilmiş minlərlə hərbçi və texnika dünyada ABŞ-nin maraqlarını
“qorumaq”la məşğuldur. Məsələn, təkcə Almaniyada yerləşən Ramştayn
aviabazasında 9200 amerikalı hərbçinin saxlanıldığı bildirilir. Bu, rəsmi
mənbələrə görə, ABŞ-nin hərbi kontingentin sayına görə ən böyük bazası hesab
edilsə də, müvafiq statistikaların da dövlətlərin maraqları nöqteyi-nəzərindən
tərtib edildiyini unutmamaq gərəkdir. Odur ki, ABŞ-nin sərhədlərindən kənarda
“demokratiya”ya xidmət edən onminlərlə hərbçiyə sahib olduğunu diqqətdə
saxlamaq lazımdır.
ABŞ-nin rəqib hesab etdiyi ölkələrin sırasında Rusiya, Çin, İran və Türkiyəni
xüsusilə qeyd etmək lazımdır. Maraqlıdır ki, bu ölkələrdən üçü Azərbaycanın
sərhəd qonşularıdır. Demək ki, bütövlükdə Qafqaz regionu Ağ Evin geosiyasi
maraqlarında mühüm yer tutur.
ABŞ yuxarıda sadalanan ölkələr və həmçinin digər rəqib hesab etdiyi
dövlətlərin ətrafında hərbi baza şəbəkəsini genişləndirir. Beləliklə də, təkcə
ölkələr üçün deyil, ümumilikdə regionlar ətrafında ciddi təhlükə mənbəyinə
çevrilir. ABŞ-nin hərbi mövcudluğunun genişlənməsi sözügedən ərazilərdə
militarizasiya prosesini təbii olaraq gücləndirir. Çünki təhdid altındakı
ölkələr də müdafiə qabiliyyətlərini artırmaq məcburiyyətindədirlər.
NATO-nun çətiri altında həyata keçirilən müvafiq proseslər birbaşa olaraq Ağ
Evin maraqlarına xidmət edir və ənənəvi olaraq bəhanə qismində insan haqları və
“demokratiya”nın müdafiəsi seçilir.
ABŞ-nin “demokratiya hamiliyi” xüsusən mövcud geosiyasi konyunkturda daha
aqressiv şəkildə hiss olunur. Məsələn, dünya mətbuatında təkcə bu yaxınlarda
yayılmış bir sıra xəbərlərə nəzər salaq:
– ABŞ Finlandiyada F-35 qırıcıları vasitəsilə Rusiyanın Antarktidadakı hava
hücumundan müdafiə potensialını ortaya çıxarmaq üçün aviabazalar şəbəkəsi
formalaşdırır.
– İspaniyanın Minorka adasındakı hərbi dəniz qüvvələrinə məxsus Maon bazası
NATO-nun Aralıq dənizindəki gəmilərinə logistik dəstək üçün ABŞ-nin ölkə
ərazisindəki üçüncü hərbi bazası olaraq seçilib.
– Rumıniya ərazisində 2040-cı ilə qədər NATO-nun minlərlə hektar ərazini əhatə
edəcək ən böyük hərbi bazası inşa edilə bilər.
Sonuncu faktla bağlı qeyd edək ki, burada ABŞ-nin minlərlə hərbçisi ailələri
ilə birlikdə yaşamaq imkanı əldə edəcəklər. Rumıniya hökuməti layihənin icrası
üçün 2,5 milyard dollar xərcləyəcək. Göründüyü kimi ABŞ təkcə NATO çətiri
altında dövlətlərin ərazilərinə ordu yerləşdirmir, həmçinin bu ölkələrin
maliyyə imkanlarını da öz maraqlarının icrasına yönəldir.
Cənubi Qafqaz regionu ilə bağlı qeyd etdiyimiz faktlar bölgəmizin Vaşinqton
üçün strateji əhəmiyyətə malik olmasını sübut edir. Üstəlik regionda yerləşən
dövlətlərin hər biri ilə də ABŞ-nin münasibəti olduqca aydın konturlara
sahibdir. Burada rəsmi İrəvanı fərqləndirmək yəqin ki, yerinə düşər. Xüsusən
ABŞ-nin keçirmiş olduğu qondarma “demokratiya sammiti”nə də dəvət olunması
faktı Ağ Evin Ermənistanda nüfuz edəcək çoxsaylı boşluqları tapmasına dəlalət
edir. Çünki Ermənistan hansısa gücün peyki olmağa və əlaltı kimi istifadə
olunmağa, necə deyərlər, dünəndən razıdır. Bunu İrəvanın Rusiyadan üz çevirib,
Vaşinqtonun qucağına oturmaq cəhdləri də sübut edir.
Artıq aprelin 5-də ABŞ, Avropa İttifaqı və Ermənistan arasında görüşün
keçirilməsi faktı hər kəsə bəllidir. Bu görüşün arxasında yatan gizli məqamlar,
əsas məram isə məhz Ermənistan dövlətinin xislətində və ABŞ siyasətinin sadiq
qaldığı ənənələrdə gizlidir. Belə ki, Ağ Ev artıq İrəvana öz “demokratiya”sı
vasitəsilə nüfuz edib. Artıq bu nüfuzu hərbi iştiraka çevirmək, sonradan isə
bütövlükdə bu dövləti ABŞ-nin bazası kimi istifadə etmək planları geniş vüsət
almağa başlayıb. Aprelin 5-nə planlaşdırılan görüş ilk növbədə Ermənistandakı
Aİ missiyasını genişləndirmək məqsədi daşıyır. Təbii ki, bu genişlənmənin əsas
icraçısı və iştirakçısı ABŞ olmalıdır.
ABŞ-nin regiondakı hərbi mövcudluğu isə birbaşa olaraq regionun
təhlükəsizliyinə qarşı ciddi təhdid yaradır. Çünki bu mövcudluq
militarizasiyanın artmasına, gərginliyik pik həddə çatmasına zəmin yaradır.
Sözügedən durum isə nə qədər təzadlı səslənsə də, öz növbəsində yenidən ABŞ-nin
hərbi mövcudluğunun artmasına təkan verir. Bütövlükdə sistem ABŞ-nin
maraqlarına xidmət edir və planın icrası üçün Ağ Evin regiona bir dəfə ayaq
açması kifayət edə bilər.
Gərginlik, militarizasiya kimi amillərin inkişafı eyni zamanda yeni münaqişə
ocağının yaradılması deməkdir. Münaqişə ocaqlarının yaradılması və bundan öz
maraqları naminə istifadə edilməsi isə bütün dünyada müəllifi bəlli olan siyasi
gedişdir. Dünya ən yaxın keçmişdə – Suriya, İraq kimi nümunələrdə bu gedişlərin
şahidi olub. ABŞ “demokratiya”sının gətirdiyi faciələri yaşayıb və hələ də
yaşamaqdadır.
İrəvan isə bu prosesdə könüllü görünür. Çünki Ermənistanın xisləti də,
mahiyyəti də destruktiv çalarlara sahibdir. Burada hansısa siyasi səriştə və
iradədən söhbət belə gedə bilməz. İrəvan üçün sadəcə sükanı arxasında əyləşən
bir ağanın olması yetərlidir. Hətta bundan öz xalqı hər kəsdən çox zərər görsə
belə… Hər halda əsas məsələ Ermənistanın kiminsə qucağında əyləşməsi sayılır.
Bu qucaq isə ilk növbədə Ermənistanın özü üçün yaxşı heç nə vəd etmir…
Orxan Tağıyev