Xalq artisti Ağadadaş Ağayevin “MedEra Hospital”a qarşı iddiası əsasında
məhkəmə başlayıb.
APA xəbər verir ki, bu gün Binəqədi Rayon Məhkəməsində hakim Etibar
Mustafayevin sədrliyi ilə keçirilən hazırlıq iclasında anket məlumatları
dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası oktyabrın 23-nə təyin olunub.
Qeyd edək ki, bu ilin iyul ayında Xalq artisti Ağadadaş Ağayevlə “MedEra
Hospital”ın mühafizəçisi Nurəddin Cəlilov arasında insident baş verib. Ağadadaş
Ağayev mübahisə etdiyi mühafizəçiyə balta atıb, balta klinikada çalışan N.
Paşayevaya dəyərək xəsarət yetirib.
Mühafizəçi Nurəddin Cəlilov isə Xalq artistini döyüb.
Ağadadaş Ağayev “MedEra Hospital”ı Mülki hüquq pozuntularından (deliktlərdən)
əmələ gələn öhdəliklər üzrə mübahisələr – mənəvi zərərin ödənilməsi üçün
məhkəməyə verib.
Öz növbəsində,”MedEra Hospital”ın rəhbəri Qaraxan Əliyev də Ağadadaş Ağayevə
qarşı iddia qaldıracaqlarını bildirmişdi.