Ağasəlim Mircavadov: “Sabah” – “Neftçi” oyununun ədalətli nəticəsi heç-heçə
idi”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov “Sabah” və “Neftçi”
arasında keçirilmiş Azərbaycan Premyer Liqasının XIX turunun oyununu
dəyərləndirib.
76 yaşlı mütəxəssis “Report”a açıqlamasında təlim-məşq toplanışından sonra
birinci matçların həmişə ağır keçdiyini bildirib.
“Sadəcə, hazırlıq prosesinin ardından relsə düşmək lazımdır. İki-üç görüşdən
sonra klubların necə toplanış keçdikləri tam görünəcək. “Neftçi”də
nizam-intizam hiss edilirdi. Qol vəziyyəti də yaratdılar, lakin yararlana
bilmədilər. Yeni baş məşqçi Miodraq Bojoviçin axtardığı heyəti tapması üçün
vaxt lazımdır”, – Mircavadov söyləyib.
Təcrübəli mütəxəssis “Sabah”ın çempionat ərəfəsindəki oyununu nümayiş
etdirdiyini vurğulayıb:
“Komandanın orta xəttində problem var. Oyunu idarə edən futbolçu lazımdır.
Çünki “Sabah”ın hücumçuları yarımmüdafiədən asılıdırlar. Baş məşqçilərin hər
ikisi matçdan razı olduqlarını söylədilər. Ədalətli nəticə də heç-heçə idi”.
AFFA Məşqçilər Komitəsinin üzvü hər iki kollektivin avrokuboklara vəsiqə
qazanmaq istədiyini söyləyib:
“Birinci yer üçün mübarizə aparmaq ağır olar. Lider “Qarabağ”la xal fərqi də
çoxdur. Oyun səviyyəsi də o qədər deyil. Lakin “Sabah” və “Neftçi”nin ölkə
kubokunda da şansları var. Hər ikisi ideal komanda deyil və problemləri də var.
Aleksey İsayevin getməsi isə “Sabah”a təsir etməməlidir. Murad Musayevin bu
mövqedə başqa futbolçuları var. Məsələn, dünən Ayaz Quliyev meydanda idi. O isə
əvvəlki Quliyev deyil. “Spartak”da və “Rostov”da tamam fərqli idi”.