Laçın rayon polis şöbəsinin əməkdaşları qanunsuz ov edən şəxslər aşkar edib.
ÇıxışYolu.Com-ın Qarabağ üzrə bölgə müxbirinin verdiyi məlumata görə, Laçın rayon polis şöbəsinə Agcəbədi rayonu Taxta körpü qəsəbəsi Nurəddin qış obası istiqamətində qanunsuz ov edilməsi barədə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində “VAZ 21099” markalı avtomobil saxlanılıb.
Həmin vaxt maşında sürücü 1968-ci il təvəllüdlü Zərdab rayon sakini Tahir Süleymanov və sərnişin 1986-ci il təvəllüdlü Ağcabədi rayon sakini Əli Mirzəyev olublar. Hər iki şəxsin iştirakı ilə avtomobilə baxış keçirilən zaman nəqliyyat vasitəsinin yük yerində 7 ədəd ovlanması qadağan edilmiş Turac növünə aid çöl quşları, avtomobilin salonunda 1 ədəd ov tüfəngi, 1 ədəd 16 çaplı qoşa lülə və həmin silahlara aid çoxlu sayda müxtəlif növ patronlar aşkar edilərək götürülüb.
Faktla bağlı Laçın rayon polis şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.