Ağdamda 16 yaşına çatmayan qız ərə verilib? – AÇIQLAMA + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Ağdamda yeniyetmə qızın ərə verildiyi iddia edilib.
İddialara görə, qız toyu Ağdamın Qaradağlı kəndində baş tutub. Deyilənlərə
görə, qızın 16 yaşı tamam olmayıb və o, öz doğma dayısı oğlu ilə evləndirilib.
Eləcə də iddia edilir ki, yetkinlik yaşına çatmayan qızın təhsil aldığı
məktəbin direktoru onun evləndirilməsi ilə bağlı məsələyə etiraz edib. Məktəb
direktoru narazılıq etdiyi üçün qızın valideynləri onu məktəbdən də çıxarıb.
Yaxın günlərdə oğlan toyunun keçirilməsi planlaşdırılır.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş
inspektoru, polis kapitanıAslan Qiyaslı iddialara cavab olaraq Cixisyolu.com-a
açıqlamasında bildirib ki, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları Qaradağlı
kəndində yaşayan həmin ailənin evinə gediblər:
“Araşdırma zamanı şəxslərin kimliyi müəyyənləşdirilib. 2008-ci il təvəllüdlü
A.T. (şərti) ilə 2001-ci il təvəllüdlü S.Q.-nin (şərti) toyunun olması
iddiaları təsdiqini tapmayıb:
“Hər iki tərəfin valideynləri ilə profilaktiki söhbətlər aparılıb. Onlara
qanunvericiliyin tələbləri izah olunub. Qanunla nəzərdə tutulmuş evlilik yaşına
çatmayan şəxslərin evləndirilməsinin hüquqi məsuliyyət yaratdığı ailələrin
diqqətinə çatdırılıb.
Yetkinlik yaşına çatmayan qızın ən qısa zamanda tədris müəssisəsinə geri
qaytarılması və təhsilinə qaldığı yerdən davam etməsi istiqamətində zəruri
tədbirlər görülür”.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur
Mərdanoğlu Cixisyolu.com-ın sorğusuna cavab olaraq bildirib ki, daxil olan məlumat
əsasında aidiyyəti qurumlarla birlikdə araşdırma başlanılıb:
“Araşdırmanın yekun nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”.
Aytac Qasımova