c1862758-4423-4bc7-93eb-64c62874a82c..jpg

Ağdamda İdarələrarası Mərkəzin İqtisadi məsələlər üzrə İşçi Qrupunun iclası keçirilib – FOTO

Baxış sayı: 717 dəfə baxılıb.

Ağdamda İdarələrarası Mərkəzin İqtisadi məsələlər üzrə İşçi Qrupunun iclası
keçirilib – FOTO

İşğaldan azad edilmiş ərazilərdə iqtisadi canlanmanın sürətləndirilməsi,
regionun investisiya cəlbediciliyinin artırılması və dayanıqlı məşğulluğun
təmin olunması istiqamətində müzakirələr aparılıb.

Cixisyolu.com xəbər verir ki, Ağdamda Azərbaycan Respublikasının işğaldan azad
edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı
yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası
Mərkəzin İqtisadi Məsələlər üzrə İşçi Qrupunun növbəti iclası keçirilib.

İqtisadiyyat nazirinin birinci müavini, İşçi Qrupun rəhbəri Elnur Əliyev ölkə
başçısının tapşırıqlarına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərin
inkişafı istiqamətində kompleks proqramların, genişmiqyaslı bərpa
tədbirlərinin, o cümlədən infrastruktur layihələrinin icra olunduğunu qeyd
edib. Bildirilib ki, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I
Dövlət Proqramına əsasən, müasir və effektiv istehsal, ticarət və xidmət
infrastrukturunun yaradılmasının, sənaye potensialının reallaşdırılmasının,
eləcə də optimal güzəştlərin və stimullaşdırıcı mexanizmlərin hazırlanması əsas
vəzifələr sırasındadır.

Tədbirdə işğaldan azad olunmuş ərazilərdə iqtisadi canlanmanın
sürətləndirilməsi və investisiya cəlbediciliyinin artırılması üçün əlverişli
şəraitin yaradılması məqsədilə görülən işlər, o cümlədən vergi və gömrük
güzəştləri, sahibkarların maliyyə resurslarına çıxış imkanlarının
genişləndirilməsi, sosial sığorta haqlarının subsidiyalaşdırılması və digər
güzəştlər barədə məlumat verilib. Stimullaşdırıcı alətlərin və güzəştlərin
Qarabağla yanaşı, regionda təhlükəsiz və layiqli həyat səviyyəsinin
formalaşdırılmasına, sosial-iqtisadi potensialın xalqın rifahı naminə effektiv
istifadəsinə, xüsusilə insan kapitalının keyfiyyətinin yüksəldilməsinə, elmin
və biliktutumlu sahələrin inkişafına, əmək məhsuldarlığının və rəqabət
qabiliyyətinin yüksəldilməsinə, məşğulluğun artırılmasına təkan verəcəyi
vurğulanıb.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa
rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi
nümayəndəsinin müavini Bəşir Hacıyev aparılan bərpa və quruculuq işləri barədə
məlumat verib, bu ərazilərə köçürülən əhalinin məşğulluğunun təmin edilməsində
dövlət və özəl müəssisələr tərəfindən xüsusi yanaşmanı tətbiq etməklə,
özəl-dövlət tərəfdaşlığının vacibliyini qeyd edib.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının sektor müdiri, İşçi
qrupun üzvü Şaiq Adıgözəlov işğaldan azad edilmiş ərazilərdə məşğulluğun təmin
olunması ilə bağlı fikirlərini bölüşüb. İşçi Qrupun digər üzvləri təmsil
etdikləri qurumlar tərəfindən bu sahədə görülmüş işlər barədə məlumat veriblər.
İclasda təqdim olunan hesabatlar İşçi Qrupunun üzvləri tərəfindən müzakirə
edilib.

İqtisadi məsələlər üzrə İşçi Qrupunun üzvləri Ağdam rayonunda həyata keçirilən
layihələrlə, o cümlədən Ağdam Sənaye Parkında görülən işlərlə də tanış olublar.

Source link