3edba391-dc37-4a29-a380-7af261cdad55..jpg

Ağdamda mina partladı: İki nəfər həyatını itirdi – YENİLƏNİB + VİDEO

Baxış sayı: 1. 080 dəfə baxılıb.

Ağdamda mina partladı: İki nəfər həyatını itirdi – YENİLƏNİB + VİDEO

Xarici İşlər Nazirliyi Ağdamın Yusifcanlı kəndi ərazisində mina partlaması
nəticəsində iki nəfərin həlak olması ilə bağlı məlumat yayıb.

XİN-in məlumatına görə, 16 mart 2023-cü il tarixində Ağdam rayonunda mina
partlayışı nəticəsində iki nəfər dinc sakin həlak olub.

“Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.
Allah rəhmət eləsin!

Bununla, 2020-ci ildə 44 günlük Vətən müharibəsindən indiyə qədər ümumilikdə
286 nəfər mina qurbanı olmuş, onlardan 48 nəfər həlak olmuşdur.

Ağdamda baş verən mina partlayışı bir daha onu göstərir ki, Azərbaycana
yararlı və düzgün mina xəritələrini təqdim etməyən, 10 noyabr 2020-ci il
tarixli Üçtərəfli bəyanatın 6-cı bəndini kobudcasına pozaraq Azərbaycan
ərazisində hərbi fəaliyyəti, minaların daşınmasını və yerləşdirməsini davam
etdirən Ermənistanın əsas məqsədi post-münaqişə dövründə aparılan genişmiqyaslı
bərpa-quruculuq işlərinə, bu ərazilərdə fəaliyyət göstərən mülki əhaliyə,
habelə məcburi köçkünlərin geri qayıtmasına və öz yerlərində dinc yaşamasına
maneçilik yaratmaqdır.

Ermənistanın bu addımları regionda sülh, təhlükəsizlik və əməkdaşlığın
reallaşdırılmasına başlıca əngəl olmaqda davam edir.

Beynəlxalq ictimaiyyəti Ermənistanın beynəlxalq öhdəliklərini kobud şəkildə
pozmasına, o cümlədən məqsədli şəkildə minalar yerləşdirmək siyasətinə göz
yummamağa və Ermənistandan beynəlxalq hüquq qarşısında üzərinə götürdüyü
öhdəliklərini yerinə yetirməsini tələb etməyə çağırırıq”, – deyə qurumdan
bildirilib.

14:51

Baş Prokurorluq Ağdam rayonunun Yusifcanlı kəndi ərazisində sakinlərin minaya
düşməsi hadisəsi ilə bağlı hərəkətə keçib.

Qurumun mətbuat xidmətindən verilən məlumata görə, Ağdam rayonunun Səfərli
qəsəbə sakinləri 1999-ci il təvəllüdlü İsrail Həsənov və 1987-ci il təvəllüdlü
Amid Həsənovun rayonun işğaldan azad edilmiş Yusifcanlı kəndi ərazisində mina
partlayışı nəticəsində ölməsi faktı üzrə prokurorluq əməkdaşları tərəfindən
hadisə yerinə baxış keçirilib, digər zəruri istintaq hərəkətləri aparılıb.

Hazırda Ağdam rayon prokurorluğunda araşdırma davam etdirilir.

Həmçinin bildirilir ki, 2020-ci ilin 10 noyabr razılaşması ilə döyüş
əməliyyatları dayandırılandan bu günə qədər Ermənistan silahlı qüvvələrinin
basdırdıqları minaların partlaması nəticəsində hərbi qulluqçu və mülki şəxs
olmaqla ümumilikdə 49 nəfər həlak olub, 234 nəfər isə müxtəlif dərəcəli bədən
xəsarətləri alıb.

13:03

Ağdam rayonu Yusifcanlı kəndi ərazisində sakinlər mina partlayışı nəticəsində
həyatlarını itiriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, 1999-cu il
təvəllüdlü İsrail Həsənov İbrahim oğlu və 1987-ci il təvəllüdlü Həsənov Amid
Hüseyn oğlu heyvan otararkən minaya düşüblər.

Araşdırma aparılır.


Source link