Ağdamda tarixi ənənələr qorunmaqla müasir üslubda kənd salınacaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Ağdamda tarixi ənənələri qorumaqla müasir üslubda kənd salınacaq”.
APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qarabağ iqtisadi rayonuna
daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla)
Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir
Hacıyev deyib.
O bildirib ki, Prezident İlham Əliyev Ağdama səfəri zamanı Qiyaslı, Salahlı
Kəngərli və Baş Qərvənd kəndlərinin təməllərini qoyub:
“Yeni salınacaq Qiyaslı kəndində 2 546 nəfərin köçürülməsi üçün 656 fərdi
yaşayış evi tikiləcək. Qiyaslı kəndində 656, Salahlı Kəngərlidə 150, Baş
Qərvənd kəndində isə 851 fərdi yaşayış evlərinin inşası nəzərdə tutulub. Fərdi
yaşayış evləri iki, üç, dörd, beşotaqlı olacaq. Ərazidə qeyri-yaşayış
obyektlərinin də inşası nəzərdə tutulub. Burada klub-icma mərkəzi, inzibati
bina, ticarət və iaşə obyektləri və sair kimi qeyri-yaşayış obyektlərinin
inşası da düşünülür”.
Bəşir Hacıyev qeyd edib ki, daha öncə Prezident İlham Əliyev tərəfindən təməli
qoyulan kəndlərdə artıq fərdi yaşayış evlərinin inşasına start verilib.
“Xıdırlı, Sarıcalı və Kəngərli kəndlərində artıq söküntü və şaquli
planlaşdırma işləri yekunlaşıb. Fərdi yaşayış evlərinin inşasına start verilib.
İşlər sürətlə davam etdirilir. Növbəti mərhələlərdə yol və kommunikasiya
işlərinə başlanılacaq. Həmçinin, qeyri-yaşayış obyektlərinin inşasının
başlanması gözlənilir”.