a6342904-ef92-43bc-aa70-d6104a987660..jpg

Ağdamda turizmlə bağlı elmi-praktiki konfrans keçirilib – YENİLƏNİB + FOTO

Baxış sayı: 585 dəfə baxılıb.

Ağdamda turizmlə bağlı elmi-praktiki konfrans keçirilib – YENİLƏNİB + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dekabrın 14-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Ağdamda “İşğaldan
azad olunmuş ərazilərdə turizmin bərpası və inkişafı” mövzusunda birinci
elmi-praktiki konfransı keçirilib.

Cixisyolu.com-ın məlumatına görə, Qarabağ və Şərqi Zəngəzur bölgəsində turizm
potensialı və mövcud resurslardan səmərəli istifadə üsullarının, eləcə də
sektorun sürətli inkişafı üçün təkliflərin müzakirə olunması məqsədilə təşkil
olunan konfransda dövlət orqanlarının nümayəndələri, investorlar, turizm
sənayesinin təmsilçiləri və turizm ixtisası üzrə təhsil alan tələbələr iştirak
ediblər.

Konfransdan öncə Memorial Xatirə Kompleksini ziyarət edilib, şəhidlərin ruhuna
ehtiram olaraq kompleksin önünə gül dəstələri düzülüb.

Tədbirdə açılış nitqi ilə çıxış edən Dövlət Turizm Agentliyinin sədrinin
müavini Azadə Hüseynova müzəffər Ali Baş Komandan Prezidentİlham Əliyevin
rəhbərliyi ilə şanlı Ordumuzun işğaldan azad etdiyi bölgələrdə qurulan yeni
turizm infrastrukturu haqqında məlumat verib.

A.Hüseynova Xocavəndin Tuğ, Hadrut kəndləri, Şuşanın Daşaltı kəndində turizm
infrastrukturunun yaradılması üçün inkişaf konsepsiyaları üzrə layihələndirmə
işlərinin aparıldığını qeyd edib.

Tərtər rayonunun Suqovuşan qəsəbəsində istirahət parkının açılışı, “Tuğ”
Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun yaradılması, Şuşaya turist
səfərlərindən söz açan A.Hüseynova bu istiqamətdə işlərin davam etdiriləcəyini
vurğulayıb.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa
rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi
nümayəndəsinin məsləhətçisi Faiq Hacıyev çıxış edərək Ağdamda, o cümlədən digər
ərazilərdə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük
Qayıdışa dair I Dövlət Proqramı”na əsasən genişmiqyaslı bərpa və quruculuq
işlərinin aparıldığını, Qarabağda turizmin müxtəlif növlərinin inkişafı üçün
geniş turizm potensialının mövcudluğunu, turizmin bölgənin bərpasında əsas
sahələrdən biri olacağını qeyd edib.

Sonra post-konflikt dövründə turizmin inkişafı üzrə ən yaxşı təcrübələr,
təbliğat işlərinin gücləndirilməsi mövzusu ilə Azərbaycan Turizm Bürosunun Baş
icraçı direktoru Florian Zenqstşmid, Qarabağ və Şərqi Zəngəzur iqtisadi
rayonlarında turizmin inkişafı və bərpa istiqamətləri, mövcud potensialın
səmərəli istifadəsi mövzusu ilə isə Dövlət Turizm Agentliyinin Regional turizm
və mədəni irs şöbəsinin müdiri Elgün Cavadov təqdimatla çıxış ediblər.

“İşğaldan azad edilmiş ərazilərin investisiya mühitinin turizm aspektləri:
mövcud çağırışlar və imkanlar” adlı paneldə bölgənin investisiya ehtiyacları,
sərmayə mühiti, o cümlədən investorların ərazilərə cəlb edilməsi prosesi
müzakirə edilib. Aidiyyəti dövlət qurumlarının və biznes təmsilçilərinin
iştirak etdiyi müzakirələrin sonunda auditoriyanın sualları cavablandırılıb.

“İşğaldan azad edilmiş ərazilərə turizmin inkişafına elmi baxış” adlı
sessiyada Bakı Dövlət Universiteti, Azərbaycan Turizm və Menecment
Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, ADA Universiteti və Xəzər
Universitetindən olan turizm ixtisası üzrə təhsil alan tələbə qrupları mövzu
ilə bağlı layihələrini təqdim ediblər.

Konfransda, həmçinin “İşğaldan azad edilmiş ərazilərdə turizm xidmətləri
infrastrukturunun genişləndirilməsi və xidmət keyfiyyətinin artırılması”
mövzusunda dəyirmi masa təşkil olunub. Azərbaycan Hotel Assosiasiyası,
Azərbaycan Turizm Agentlikləri Assosiasiyası, Azərbaycan Turizm Bələdçiləri
Assosiasiyası, Azərbaycan Sağlamlıq və Termal Turizmə dəstək Assosiasiyasının
təmsilçiləri və bir sıra hotel və turizm şirkətlərinin nümayəndələri mövzu
ətrafında müzakirələr aparıblar. Müzakirələrdə Şuşa ilə yanaşı, digər ərazilərə
turların təşkil edilməsi, həmçinin Suqovuşan və digər istiqamətlərdə yeni
turizm məhsullarının yaradılması, turistlərin xidmətlərə əlçatanlığının
artırılması, dövlət-özəl tərəfdaşlığı modellərinin inkişaf etdirilməsi haqqında
fikir mübadiləsi aparılıb.

11:58

Bu gün Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Ağdam rayonunda “İşğaldan
azad olunmuş ərazilərdə turizmin bərpası və inkişafı” mövzusunda elmi-praktiki
konfrans keçirilir.

Cixisyolu.com-ın məlumatına görə, Qarabağ və Şərqi Zəngəzur bölgəsində turizm
potensialı və mövcud resurslardan səmərəli istifadə üsullarının, sektorun
sürətli inkişafı üçün təkliflərin müzakirə olunması məqsədilə təşkil olunan
konfransda dövlət orqanlarının nümayəndələri, investorlar, turizm sənayesinin
təmsilçiləri və turizm ixtisası üzrə təhsil alan tələbələr iştirak edirlər.

Konfransdan öncə iştirakçılar Memorial Xatirə Kompleksini ziyarət edib,
şəhidlərin ruhuna ehtiram olaraq kompleksin önünə gül dəstələri düzüblər.

İlhamə Əbülfət

Source link