d39b5631-7f06-48d5-827c-fbdbcb373739..jpg

Ağdamın Xıdırlı kəndində ilk mərhələdə 719 ev inşa olunacaq – FOTOREPORTAJ

Baxış sayı: 556 dəfə baxılıb.

Ağdamın Xıdırlı kəndində ilk mərhələdə 719 ev inşa olunacaq – FOTOREPORTAJ
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İşğaldan azad olunan digər ərazilərdə olduğu kimi, Ağdam rayonunda da
quruculuq işləri geniş vüsət alıb. Ağdam şəhəri ilə yanaşı, rayonun Kəngərli,
Sarıcalı və Xıdırlı kəndlərinin tikintisi həyata keçirilir.

AZƏRTAC xəbər verir ki, birinci mərhələdə kəndə 2 951 nəfərin köçürülməsi üçün
719 fərdi ev inşa olunacaq. Evlərin 263-ü ikiotaqlı, 332-si üçotaqlı, 121-i
dördotaqlı, üçü isə beşotaqlıdır. Kəndin inşasında yerli tikinti
materiallarından, o cümlədən Şahbulaq yüksəkliyində istehsal edilən ağ
daşlardan istifadə edilir. Ümumiyyətlə, Ağdam şəhərinin mərkəzindən üç kilometr
məsafədə yerləşən Xıdırlı kəndində 5 990 nəfərin (1 500 ailə) məskunlaşması
planlaşdırılır.

“Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi
şəxsin icraçı direktoru Övsət Həmidov bildirir ki, Xıdırlı kəndinin tikintisi
də digər yaşayış məntəqələri kimi, dörd mərhələdən ibarət olacaq: ərazinin
hamarlanması və inşaat tullantılarından təmizlənməsi, fərdi yaşayış evlərinin,
qeyri-yaşayış binalarının tikintisi, kommunikasiya şəbəkəsinin və yolların
inşası. Artıq ərazidə vertikal hamarlama işləri başa çatıb, yaşayış evlərinin
tikintisi həyata keçirilir.

Evlər, əsasən, birmərtəbəli, beşotaqlı evlər isə ikimərtəbəli olacaq. Kəndin
mərkəzi kommunikasiya xətləri Ağdam şəhərinin şəbəkəsinə qoşulacaq. Sarıcalı və
Kəngərli kəndləri ilə müqayisədə Xıdırlı kəndinin relyefi daha sərtdir. Bu
səbəbdən vertikal şaquli planlama işləri həyata keçirilməlidir. Kanalizasiya və
yağış sularının mərkəzi şəbəkəyə ötürülməsi üçün işlər görülür.

Övsət Həmidovun sözlərinə görə, Xıdırlıda torpaqların şişən və çökən qrunt
olması evlərin tikintisində olduğu kimi, yol tikintisi zamanı da böyük torpaq
kütləsinin çıxarılmasını tələb edir:

“Daha yüksək texnoloji materiallardan istifadə etməklə bunun həllinə
çalışırıq. Düşünürəm ki, bu materialların tətbiqi ilə biz ciddi qənaət
edəcəyik. Torpaq kütləsinin ərazidən çıxarılmasının qarşısı alınacaq. Bu da
yekun nəticədə büdcəyə qənaətə səbəb olacaq. Eyni zamanda, yolların gələcəkdə
çökmə təhlükəsi az olacaq. Bu materialların tətbiqi üçün müvafiq hesabatlar
aparılıb”.

Xıdırlı kəndinin tikintisində çalışanlarla söhbət zamanı onların hər birində
yüksək əhvali-ruhiyyənin şahidi oluruq. İnşaatçılar işğaldan azad edilmiş
ərazilərdə çalışdıqları üçün sevinc və qürur hissi keçirdiklərini bildirirlər.
Hörgü işində çalışan Elşən Əliyev deyir:

“Çox sevinirik ki, işğalda olan bütün torpaqlarımız azad edildi və aparılan
tikinti işlərində mənim də əməyim var. Bundan əvvəl Laçın rayonunun
tikintisində iştirak etmişəm. Allah Ordumuzu qorusun! Allah şəhidlərə rəhmət
eləsin, qazilərə cansağlığı versin”.

Qeyd edək ki, Ağdam rayonunda ilkin mərhələdə bir şəhər və 12 kəndin bərpası
nəzərdə tutulur. Sarıcalı, Xıdırlı və Kəngərli kəndlərində 2024-cü ilin sonuna
kimi işlərin birinci mərhələsinin yekunlaşdırılması planlaşdırılır.

Source link