Agentlik sədri: Qara Qarayev istəyirdi ki, onları antidopinq siyahısından çıxaraq

Baxış sayı: 2. 977 dəfə baxılıb.

Agentlik sədri: Qara Qarayev istəyirdi ki, onları antidopinq siyahısından çıxaraq

Bu il ərzində ən çox dopinq testini güləş idman növündə aparmışıq. Çünki güləş ölkəmizdə ən çox idmançının müraciət etdiyi növlərdən biridir.

ÇıxışYolu.Com xəbər verir ki, bu sözləri Azərbaycan Antidopinq Agentliyinin (AMADA) sədri Şəfəq Hüseynli bildirib. 

O, 2018-ci ilin hesabatını ictimaiyyətə açıqlayarkən maraqlı məqamlara toxunub:

“Biz güləşdə, əsasən, Azərbaycan çempionatında I yeri tutan idmançıları yoxlayırıq. Çünki bu idmançılar milliyə düşməyə çox yaxın olur. Əgər dopinqdən istifadə edibsə, bizim tərəfimizdən dopinqin tapılması daha yaxşıdır. Bir dəfə Beynəlxalq Antidopinq Agentliyi tərəfindən cəzalandırılmışıq. Ölkə idmanı adına ikinci belə sanksiya almağı istəmirik”.

Şəfəq Hüseynli futbolda dopinq testlərinin necə aparıldığını da izah edib:

“Futbol komanda idman növü olduğundan idmançıları püşkə əsasən yoxlayırıq. İdmançıların test zamanı məkanlarını bildirməsi çox vacib şərtdir. Bizdə futbolçuların test siyahısı olur.

Açıq deyəcəm, Qara Qarayev hər dəfə bizə zəng vurur ki, bizi o siyahıdan çıxarın. Biz də ona izah etməyə çalışırıq ki, futbolçu müəyyən müddətdən sonra o siyahıdan çıxarılır və bu siyahı dopinqə düşmüş idmançılarınkı deyil. Bundan sonra o bizi başa düşdü və hətta dedi ki, görüşlərdə sizin antidopinq fəaliyyətinizi təbliğ edəcəyəm.

Ümumiyyətlə, futbolda 30 dəqiqə – 1 saatdan sonra bədəndən dopinqin çıxmasını şərtləndirən preparatlar var. Buna görə futbolda qarşı tərəfə xəbər vermədən dopinq aparılmalıdır. Təəssüf ki, “Qarabağ“ın mətbuat xidməti tərəfindən bu ictimailəşdirildi. Dopinq testin gedişatının şəklini çəkib yaymaq isə qanunsuzluqdur”.

Şəfəq Hüseynli daha sonra idmançılara müraciət edib:

“Bizdə belə bir hal olmuşdu ki, Rafael Məmmədov adlı idmançı dopinq qəbul etdiyini bildirərək özü şəxsən müraciət etmişdi. Ondan başqa, belə müraciət edən olmayıb. İdmançılara səslənirəm ki, belələri varsa və ya hansısa dopinqdən istifadə halları barədə məlumat çatdırarsa, bizə müraciət etsinlər. Bu, onların cəzalarının iki dəfə az olmasına səbəb ola bilər.

Təəssüf ki, fitnes məşqçiləri sosial şəbəkələrdə dopinq tərkibli maddələrin reklamını aparır. 2019-cu ildə bu məsələləri də hüquq-mühafizə orqanları vasitəsilə tənzimləməyə çalışacağıq”.

Səbuhi MUSAYEV

www.ÇıxışYolu.Com