ba6dfdbc-e5dd-4745-9352-4b658eeeeca4.jpg

AHİK sədri: “Əsas məqsədimiz Azərbaycan həmkarlar ittifaqlarını dinamik olaraq inkişaf etdirməkdir”

Baxış sayı: 258 dəfə baxılıb.

“Azərbaycan həmkarlar ittifaqlarının başlıca vəzifəsi üzvlərinin əmək, sosial,
iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsidir. Hazırda biz
fəaliyyətimizin daha da təkmilləşdirilməsi istiqamətində səylə çalışırıq.
Azərbaycanda bərqərar olan demokratik mühit, insan hüquq və azadlıqlarının ən
ali səviyyədə təmin edilməsi ictimai təşkilatların, o cümlədən həmkarlar
ittifaqlarının da səmərəli fəaliyyətinə geniş imkanlar açır. Biz bu imkanlardan
yararlanaraq ittifaq üzvü olan vətəndaşlarımızın iş şəraitinin qabaqcıl
beynəlxalq standartlara uyğunlaşdırılması, əməyin mühafizəsi, sağlam və
təhlükəsiz iş şəraitinin yaradılması, sosial problemlərin həlli və əmək
hüquqlarının təmin olunması sahəsində ardıcıl və məqsədyönlü tədbirlərin həyata
keçirilməsi istiqamətində fəaliyyətimizi qururuq. Həmçinin üzvlərimizin
sağlamlığına, sanatoriya, kurort müalicəsinə, istirahətlərinin təşkilinə
diqqətimizi artırırıq. Hazırda Konfederasiyaya məxsus sanatoriyalara baxışlar
keçiririk, vəziyyətlə yerində tanış oluruq. Bilirsiniz ki, hər il həmkarlar
ittifaqlarının minlərlə üzvü yollayışlarla təmin edilir, onların normal
müalicəsi və istirahəti üçün hər cür şərait yaradılır. Lakin onu da etiraf edək
ki, hazırkı infrastrukturla bütün üzvlərimizin bu xidmətlərə əlçatanlığını tam
təmin edə bilmirik. Bunun üçün mövcud vəziyyət diaqnostika olunur və biz bu
prosesə Azərbaycan İnvestisiya Holdinqini, habelə beynəlxalq konsaltinq –
“Boston Consulting Group” və “McKinsey & Company” şirkətlərini cəlb etmişik,
həmçinin xarici təcrübə öyrənilir. Çalışacağıq ki, sanatoriyaları daha müasir
avadanlıqlarla təchiz edək, maddi-texniki bazanı təkmilləşdirək, eyni zamanda
qabaqcıl beynəlxalq tələblər və mütərəqqi üsullarla idarə olunmasını təşkil
edək. Sahə həmkarlar ittifaqlarının rəhbərləri ilə keçirdiyimiz görüşlərdə
yollayışların verilməsində növbəlik prinsipinin qorunmasını xüsusi olaraq
tövsiyə edirik. Çünki bu imkandan ehtiyacı olan bütün ittifaq üzvləri
yararlanmalı, əlçatanlıq təmin olunmalıdır”.

Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov deyib.

Onun sözlərinə görə, üzvlərin sosial müdafiəsinin gücləndirilməsi də diqqət
mərkəzindədir:

“Ölkəmizin başçısı cənab İlham Əliyevin həyata keçirdiyi davamlı
sosial-iqtisadi islahatlar, qəbul etdiyi mütərəqqi proqramlar, bu istiqamətdə
verdiyi vacib fərman və sərəncamlarla xalqımızın maddi təminatı dəfələrlə
yüksəlib. Müstəqil iqtisadi siyasət həyata keçirən dövlətimizin geniş maliyyə
imkanları xalqımızın bilavasitə mənafeyinə xidmət edir. Son 5 ildə minimum
əməkhaqqı 2,7 dəfə artıb. Sentyabrın 23-də yeddinci çağırış Azərbaycan
Respublikası Milli Məclisinin ilk iclasında iştirak edən cənab Prezidentimiz
İlham Əliyev bildirdi ki, gələn ildən minimum əməkhaqqı və minimum pensiya yenə
də artırılacaq. Təbii ki, bu da ittifaq üzvlərinin sosial rifahına ciddi təsir
göstərəcək”.

“Təcrübə göstərir ki, sosial dialoqun köməkliyi ilə mürəkkəb məsələlərin
həlli, sosial sabitliyin təmin edilməsi ən uğurlu yoldur. Biz bundan sonra da
qarşılıqlı əmək və sosial-iqtisadi münasibətləri sosial tərəfdaşlıq prinsipləri
üzərində quracaq, hökumət və işəgötürənlərlə real dialoqu davam etdirəcək, əmək
münasibətləri sisteminin optimallaşdırılmasına, sivil sosial tərəfdaşlığın
inkişafı və təkmilləşdirilməsinə töhfələr verməyə çalışacağıq. Məlumdur ki,
AHİK qadınların ölkənin sosial-iqtisadi həyatında fəal iştirakına, həmkarlar
ittifaqlarının strukturlarında daha çox təmsil olunmasına, onların rolunun
gücləndirilməsinə xüsusi diqqət yetirir. Respublika üzrə həmkarlar ittifaqı
üzvlərinin 50 faizdən çoxu qadınlardır. Statistik hesabatların araşdırılması
onu deməyə əsas verir ki, yerlərdə qadın və kişilər üçün bərabər hüquq və
imkanların təmin olunması vacib məsələdir. Odur ki, bu sahə üzrə fəaliyyətimizi
daha da intensivləşdirəcəyik. Eləcə də Konfederasiyada işçilərin fəaliyyətinin
qiymətləndirilməsi prosesi aparılır, struktur təkmilləşdirilir və beynəlxalq
standartlara uyğunlaşdırılır”, – AHİK sədri bildirib.

Konfederasiya sədri vurğulayıb ki, gənclərin böyük qismi həmkarlar ittifaqı
sıralarındadır:

“Belə ki, həmkarlar ittifaqı üzvlərinin 38 faizindən çoxunu gənclər təşkil
edir. Onların həmkarlar ittifaqlarının gələcək inkişafında və daha da
möhkəmlənməsində rolu böyükdür. Buna görə də gənclərin sosial-iqtisadi
problemlərinin həllinə kömək göstərilməsinə, onların həmkarlar ittifaqı
strukturlarındakı fəaliyyətinə, keçirilən tədbirlərə cəlb edilməsinə və
həmkarlar ittifaqının kadr ehtiyatının gənclər hesabına yaradılmasına xüsusi
önəm verəcəyik. Gənc kadrların hazırlanması və ixtisasının artırılmasında
AHİK-in nəzdində olan Əmək və Sosial Münasibətlər Akademiyasının üzərinə də
xüsusi məsuliyyət düşür. Akademiyanın digər təhsil müəssisələri sırasında
abituriyentlər üçün cəlbediciliyinin artırılması, eyni zamanda rəqabətədavamlı
struktur olaraq təkmilləşdirilməsi sahəsində də ciddi, ölçüləbilən
nailiyyətlərin əldə olunması məqsədilə müvafiq tapşırıqlar verilib. AHİK və üzv
təşkilatlar beynəlxalq həmkarlar ittifaqı hərəkatının bir parçası olaraq
Beynəlxalq Əmək Təşkilatı, eləcə də beynəlxalq və regional həmkarlar ittifaqı
təşkilatları ilə daha sıx təmaslar quraraq münasibətlərini genişləndirəcək.
Qeyd edim ki, sentyabrın 26-27-də Bakıda Beynəlxalq Əmək Təşkilatı, Beynəlxalq
Həmkarlar İttifaqları Konfederasiyası və Pan-Avropa Regional Şurası ilə birgə
“İqlim dəyişmələri və ədalətli keçid: həmkarlar ittifaqlarının rolu və
fəaliyyətləri” mövzusunda beynəlxalq konfrans keçirdik. Bu çərçivədə beynəlxalq
həmkarlarla keçirdiyimiz görüşlərdə gələcək əməkdaşlıqla bağlı geniş
müzakirələr apardıq, istiqamətləri müəyyənləşdirdik.

Sonda bir daha vurğulayım ki, hazırda biz bütün istiqamətlər üzrə
araşdırmalarımızı davam etdirir, yerlərdə mövcud vəziyyəti öyrənir və görüləcək
işlərlə bağlı qərarlar qəbul edirik: “Əsas məqsədimiz Azərbaycan həmkarlar
ittifaqlarını dinamik olaraq inkişaf etdirmək, cəmiyyətdə nüfuzunu artırmaq,
yeni çağırışlara uyğun olaraq, fəaliyyətimizi ardıcıl olaraq təkmilləşdirmək və
Azərbaycanın xoşbəxt gələcəyinə mühüm töhfələr verməkdir”.

Source link