20f073cb-38cc-4dbd-b02b-c99042cc85ac..jpg

Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin keçmiş mühasibi axtarışa verildi

Baxış sayı: 813 dəfə baxılıb.

Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin keçmiş mühasibi axtarışa verildi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin mühasibi olmuş Zərifə
Abbasova axtarışa verilib.

“Report” xəbər verir ki, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin
hakimi Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Belə ki, təqsirləndirilən şəxs məhkəmə prosesinə gəlmədiyi üçün barəsində
həbs-qətimkan tədbiri seçilməklə axtarış elan edilib.

Bildirilib ki, o, tutulana kimi prosesin icraatı dayandırılıb.

Xatırladaq ki, son prosesdə prokuror Orxan Səmədova ittiham nitqi ilə çıxış
etmək üçün məhkəmədən vaxt istəyib.

İttihama görə, 1 mart 2008-ci ildən 18 yanvar 2023-cü ilə qədər Avropa
İttifaqının Azərbaycandakı Nümayəndəliyinin mühasibi vəzifəsində işləyən Zərifə
Abbasova tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək üçün nümayəndəliyə
köçürülən pulları mənimsəmək üçün missiyanın rəhbəri Peter Mixalko və digər
şəxsin imza, həmçinin möhürünü əldə edib.

Z.Abbasova ödəniş tapşırıqları ilə bağlı aylıq hesabatları qəsdən
saxtalaşdırıb və Nümayəndəliyin Beynəlxalq Bankdakı hesabından pul vəsaitlərini
ələ keçirib.

Belə ki, o, 2017-2022-ci illər ərzində nümayəndəliyin bank hesabında olan pul
vəsaitlərini nağdlaşdırıb, habelə saxta ödəniş tapşırıqları vasitəsilə müxtəlif
vaxtlarda vəsaitləri öz əməkhaqqı kartına köçürərək sözügedən təşkilata məxsus
983 254 manatı mənimsəyib.

İstintaq sənədlərinə görə, Z.Abbasova qeyd olunan pul vəsaitini müxtəlif
vaxtlarda Beynəlxalq Bankın bankomatlarından çıxartmağa nail olub.

Onun barəsində Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə),
308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və
313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

Source link