4ec5768c-ef31-49d4-9585-da227bf8871e..jpg

Aİ-nin min oyunu: Qərəzli bəyanatların pərdəarxası – ŞƏRH + FOTO

Baxış sayı: 587 dəfə baxılıb.

Aİ-nin min oyunu: Qərəzli bəyanatların pərdəarxası – ŞƏRH + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali
nümayəndəsi – Aİ Komissiyasının vitse-prezidenti Jozep Borrel yenə də çoxlarını
təəccübləndirmədi. Belə ki, o, Aİ xarici işlər nazirlərinin yanvarın 22-də
Brüsseldə keçirilən iclasından sonra jurnalistlərə açıqlamasında deyib ki,
Azərbaycanın Ermənistana qarşı ərazi iddiası var. Onun sözlərinə görə,
Ermənistanın ərazi bütövlüyünün hər hansı formada pozulması qəbuledilməzdir. Aİ
rəsmisi əlavə edib ki, bu, qurumun Azərbaycanla münasibətləri üçün ciddi
nəticələrə səbəb olacaq: “Biz razılaşdıq ki, Azərbaycan münasibətləri
normallaşdırmaq üçün davamlı sülhə və danışıqlara qayıtmalıdır”.

Rəsmi Bakının Aİ nümayəndəsinin bu iddiasına cavabı gecikmədi. Xarici İşlər
Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəhbəri Ayxan Hacızadə bildirdi
ki, Aİ-nin ali nümayəndəsi tərəfindən faktların açıq-aşkar təhrif edilməsi
ölkəmizin legitim maraqlarına etinasızlıqdır və bu cür hədələyici ritorika
təşkilatla münasibətləri daha da gərginləşdirən ikili standartın bariz
nümunəsidir.

“Ali nümayəndə Prezident İlham Əliyevin Azərbaycan və Ermənistan ərazilərinə
dair tarixi faktlarla bağlı fikirlərini tamamilə təhrif etməklə yanaşı, rəsmi
Bakıya qarşı hərbiləşmə və təcavüzkar siyasəti qızışdırır.

Beynəlxalq ictimaiyyətin İrəvanın beynəlxalq hüququn norma və prinsiplərinə
uyğun hərəkət etməyə inandırmaq üçün heç bir səy göstərməməsinə baxmayaraq,
ölkəmiz hər zaman Ermənistanla danışıqlara, sülhə və sabitliyə sadiq olub.
Azərbaycanın təcavüzə və separatizmə son qoyduğu tədbirlər Ermənistanla sülh
sazişinin bağlanmasına zəmin yaradır”, – A.Hacızadə vurğulayıb.

Birincisi, Azərbaycanın Ermənistana qarşı heç bir ərazi iddiası yoxdur. Rəsmi
Bakı bunu dəfələrlə ən ali səviyyədə ifadə edib. Üstəgəl, Bakı və İrəvan
qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü tanıyıblar. Belə olan halda,
Aİ-ni narahat edən nədir? Niyə imkan vermir ki, Ermənistan müstəqil şəkildə özü
qərar versin, gələcəyini müəyyənləşdirsin? Səbəb aydındır: Brüsselin regional
maraqları. Vasitəçilik iddiasında olan başqa aktorlar kimi, Aİ də özünün
bölgədəki maraqlarının təmin olunması üçün Ermənistandan istifadə edir.

İkincisi, əslində, bugünkü Ermənistan ərazisi tarixi Azərbaycan torpaqlarıdır.
Bunu sübut edən tarixi sənədlər, faktlar da var.

Üçüncüsü, indi Ermənistanın ərazi bütövlüyü məsələsinə belə həssaslıqla
yanaşan, hər fürsətdə bu məsələni xatırladan Aİ niyə 30 il ərzində Azərbaycan
torpaqlarının işğal altında qalmasına münasibət bildirmirdi? Bu, riyakarlıq
deyilsə, bəs nədir?

Dördüncüsü, Borrel Aİ ilə rəsmi Bakı arasında münasibətlərin gələcəkdə
pozulması ehtimalını vurğulamaqla ölkəmizi hədələməyə çalışıb. Hərçənd,
qarşılıqlı münasibətlərin inkişafı Azərbaycan qədər Aİ-nin özü üçün də maraqlı
və əhəmiyyətlidir. Azərbaycan Aİ-nin ən etibarlı enerji tərəfdaşlarından
biridir. 2022-ci ilin iyul ayında Azərbaycanla Aİ arasında enerji sahəsində
strateji tərəfdaşlığa dair anlaşma memorandumu imzalanıb. Bundan başqa, 2022-ci
ildə Azərbaycanla Aİ arasında enerji dialoqunun yaradılmasına dair razılıq əldə
olunub. Belə misallar çoxdur. Bəs cənab Borrel niyə bunları unudur, görməzdən
gəlir? Aİ, doğrudanmı, gələcəyi sual altında olan Ermənistana görə Cənubi
Qafqazın əsas aktoru olan Azərbaycanla münasibətləri pozmağa hazırdır? Əgər
belədirsə, bu, məntiqsizdir. İtirən, əlbəttə, Aİ özü olacaq. Necə deyərlər,
sirkə nə qədər tünd olarsa, öz küpünü çatladar.

Məhz Aİ rəsmilərinin belə qeyri-adekvat bəyanatları nəticəsində Ermənistan
davamlı, sistemli mövqe ortaya qoya bilmir. Rəsmi İrəvan sülh, regional
əməkdaşlıq haqqında ağızdolusu danışsa da, əməldə səmimiliyini göstərə bilmir.
Çünki Aİ kimi üçüncü oyunçuların təlqininə, təhrikinə məruz qalır.

Aİ özünün qeyri-obyektiv davranışları ilə sanki Ermənistanın başının altına
yastıq qoyur. Bu isə məhz A.Hacızadənin bildirdiyi kimi, Azərbaycana qarşı
hərbiləşmə siyasətini gücləndirir və sülh gündəliyinə zərbə vurur.

XİN rəsmisinin “Azərbaycan hər zaman Ermənistanla danışıqlara, sülhə və
sabitliyə sadiq olub. Rəsmi Bakının təcavüzə və separatizmə son qoyduğu
tədbirlər Ermənistanla sülh sazişinin bağlanmasına zəmin yaradır” fikirləri,
əslində, həm də rəsmi İrəvana mesaj və xatırlatma idi. Bu, o deməkdir ki, məhz
qarşılıqlı səylər nəticəsində münasibətlərin normallaşmasında müəyyən
irəliləyiş əldə olunub. Bu prosesin davam etməsi üçün Ermənistanın baş naziri
Nikol Paşinyanın hökuməti ikitərəfli təmaslara üstünlük verməli, üçüncü
güclərin təxribatçı addımlarına və bəyanatlarına boyun əyməməlidir.

Tarix “çirkin oyun” adlandırılan siyasətin təmiz, ləkəsiz güzgüsüdür, göstərir
ki, Aİ indiyədək Azərbaycanla Ermənistan arasında münasibətlərin
normallaşmasına heç bir ciddi töhfə verməyib. Sülh istiqamətində gedən yolun
xeyli hissəsi məhz rəsmi Bakının öz səyləri sayəsində qət olunub. İrəvan bu
reallıqları nəzərə alsa, əlbəttə, daha yaxşı olar.

Digər üçüncü oyunçular kimi, Aİ-nin məqsədi aydındır. Bəs Ermənistana nə olub?
O ki sülh istəyir. Bunun üçün real imkanlar da var. Odur ki, kimin nə
deməsindən asılı olmayaraq, İrəvan adekvat davranmalıdır.

“Report” İnformasiya Agentliyi

Source link