Aİ səviyyəsində məkrli plan: Fransa Ermənistanı fəlakətə sürükləyir – ŞƏRH +
FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına
müsahibəsində Ermənistanla Azərbaycan arasında sülh prosesinin yaranmasına mane
olan ölkələr arasında Fransanın rolunu xüsusi qabardıb. Dövlət başçısı bu
ölkəni İrəvanı silahlandırmaqla yanaşı, revanşizmə sürükləməkdə, növbəti
müharibəyə hazırlamaqda ittiham edib.
Cənubi Qafqazda sülh prosesinə əngəl törətmək işində Fransa tək deyil, sülh
prosesinə mane olan qüvvələr arasında Avropa İttifaqı (Aİ) da xüsusi fəallığı
ilə seçilir. 44 günlük Qarabağ müharibəsindən sonra vasitəçilik Azərbaycanın
Qarabağda öz suverenliyini bərpa etməsi ilə dəyişdi. Təşkilat birtərəfli
qaydada, əsasən, Ermənistanı müdafiə edir, hətta onu silahlandırmağa da cəhd
göstərir. Bu ölkədəki mülki missiyasının sayını da artırıb. Belə ki, missiyanın
tərkibinin 138 nəfərdən 209-a çatdırılması barədə qərar qəbul edilib. Görünən
odur ki, regionda gedən sülh prosesləri Qərbin müxtəlif strukturlarını, o
cümlədən Brüsseldə oturan siyasətçiləri qane etmir. Bu səbəbdən də hər vəchlə
bölgədə təxribatçı, gərginliyə yönəlik addım və tədbirlərə imza atırlar.
Ermənistandakı Aİ missiyasının sayının artırılmasının bu ölkənin
təhlükəsizliyinin möhkəmləndirilməsinə yönəldiyi iddia edilir. Ortaya belə bir
sual çıxır – İrəvanın təhlükəsizliyinə kim təhdid yaradır? Görünür, bu addımın
arxasında Avropa İttifaqının çox gizli və məkrli planı gizlənir. Bu plan da
Rusiya və İranla bağlıdır. Hər iki ölkənin mövqeyinin zəiflədərək bölgədən
sıxışdırılıb-çıxarılması hədəf götürülüb.
Ermənistanın son vaxtlar Avropa ilə əlaqələrini gücləndirməsi də bundan xəbər
verir. Bu günlərdə Aİ-nin Avropa Xarici Əlaqələr Xidmətinin (EEAS) rəhbəri Rorb
Dommi ilə görüşən müdafiə naziri Suren Papikyan onunla təhlükəsizlik sahəsində
əməkdaşlıq məsələlərini müzakirə edib. Danışıqlar Domminin İrəvana səfəri
çərçivəsində baş tutub. Müdafiə naziri ilə yanaşı, XİN rəhbəri Ararat Mirzoyan
və Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla danışıqlarında Avropa Sülh
Fondu (European Peace Facility) vasitəsilə Ermənistana dəstək müzakirə olunub.
Sual olunur, Aİ Ermənistanı kimdən və nədən qoruyur? Şübhəsiz ki, məqsəd
Ermənistandan yenə alət kimi istifadə etməyə yönəlib.
Qeyd edək ki, bədnam Avropa Sülh Fondu “sülh” adı altında Ermənistana silah
verməklə tanınır. Aİ İrəvana 10,45 milyon avro humanitar yardımla yanaşı, büdcə
dəstəyi kimi 15 milyon avro ayırıb. Uzunmüddətli perspektivə gəlincə, Aİ mühüm
infrastruktura və digər layihələrə sərmayə qoyuluşu üçün 2,6 milyard avronun
ayrılmasını nəzərdə tutan İqtisadi və İnvestisiya Planını təkrarlayıb.
Göründüyü kimi, Qərb Ermənistan üzərindən özünün çirkin niyyətini daha açıq
şəkildə ortaya qoymaqdadır. Avropa Sülh Fonduna gəlincə, bu, büdcədənkənar alət
olub, özünü daha çox qlobal təhlükəsizliyin qarantı kimi göstərməyə çalışır.
Təşkilat 2021-ci ildə avropalı məmurlar tərəfindən yaradılıb və 2021-27-ci
illər üçün büdcəsi 12 milyard avro müəyyən olunub.
Təbii ki, Ermənistana bu dəstək də əvəzsiz deyil. Aİ və Qərblə sıx
əməkdaşlığın artmasının nəticəsi kimi İrəvan Beynəlxalq Cinayət Məhkəməsinin
Roma Statutuna, Ukrayna ilə bağlı humanitar konfranslara qoşulub, ABŞ ilə hərbi
təlimlər keçirib. Baş nazir Nikol Paşinyan Brüsselə istənilən formada
inteqrasiyaya hazır olduğunu bildirib və Rusiyanın moderator olduğu Kollektiv
Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bütün tədbirlərin ləğvi də bunun
göstəricisidir. Moskvanın mövqeyinə gəldikdə, əgər əvvəl bu addımlar
gözlənilməz və sərt qərar kimi qarşılanırdısa, indi İrəvanın Qərbə yaxınlaşması
trendə çevrilib. Bu yaxınlarda Rusiya xarici işlər naziri Sergey Lavrov də açıq
şəkildə bildirib ki, Ermənistan Qərbin şirin vədlərinə uyaraq Rusiyadan
uzaqlaşmağa çalışır. Nazir onu da əlavə edib ki, Paşinyan hökuməti Qərbə üz
tutmasına haqq qazandırmaq üçün Azərbaycandakı separatçı layihənin iflasını
Rusiyanın üzərinə yıxır.
Maraqlıdır ki, Aİ-nin daha bir nüfuzlu üzvü Almaniya da Ermənistanda
aktivləşib. Rusiya mediası yazır ki, rəsmi Berlin “Qarabağ ermənilərini Avropa
İttifaqı ölkələrinə kütləvi mühacirətdən saxlamaq” üçün maliyyə yardımı və
dəstək müqabilində Ermənistanı Rusiya sərhədçilərini geri çəkməyə sövq edir.
İrəvanda səfərdə olan Almaniyanın İqtisadi İnkişaf Nazirliyinin dövlət katibi
Nils Annen İrəvana 85 milyon avro yardım göstərəcəyini deyib. Məlumata görə,
Almaniya Ermənistanı anti-Rusiya ritorikasına çəkməyə, İrəvanla Moskvanın
arasını maksimum dərəcədə vurmağa çalışır.
Beləliklə, ABŞ, Qərb və onun nəzarəti altında olan strukturlar Rusiyanı Cənubi
Qafqazdan sıxışdırıb çıxarmağa çalışırlar. Ermənistana çoxsaylı səfərlər və
görüşlərin sayının artması da bundan xəbər verir. Məkrli planın hədəfi bəllidir
– bölgədə sabitliyə, əmin-amanlığa qarşı çıxmaq, Ukrayna və Suriyada
yaşananların burada təkrarlanması. Ermənistan da hələ ki bu məkrli oyunun
iştirakçısına çevrilməkdə və beynəlxalq güclərin əlində vasitə olmaqdadır.
“Report” İnformasiya Agentliyi