6dc08c9a-b995-4414-92f0-559d8737b8ad..jpg

Aİ və BMT-nin dəstəyi ilə Xırdalanda əmək yarmarkası keçirilir – FOTO

Baxış sayı: 650 dəfə baxılıb.

Aİ və BMT-nin dəstəyi ilə Xırdalanda əmək yarmarkası keçirilir – FOTO

Avropa İttifaqı (Aİ) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının
(BMTİP) dəstəyilə Xırdalan bələdiyyəsi Xırdalan şəhərində ictimaiyyətə açıq
“1001 İş” adlı əmək yarmarkası təşkil edib.

“İqtisadi inkişafı dəstəkləyən bələdiyyə sədrləri” (M4EG) proqramı
çərçivəsində keçirilən yarmarkanın məqsədi Xırdalan şəhərində məşğulluq və
dövlət-özəl tərəfdaşlığı imkanlarının artırılmasına dəstək göstərməkdir.

Tədbirdə Abşeron rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Ədliyyə
Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi, Xırdalan bələdiyyəsi, Dövlət Məşğulluq
Agentliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi və BMT-nin İnkişaf Proqramı
rəsmiləri iştirak ediblər. Əmək yarmarkasında qonaqpərvərlik, turizm, təhsil,
nəşriyyat, qida, alternativ enerji və tikinti sektorunda fəaliyyət göstərən 30
şirkət iştirak edib. Şirkətlər ziyarətçilərə cari vakansiyalar, təcrübə
imkanları haqqında məlumat verib və potensial işçilərin seçilməsi üçün bir sıra
sessiyalar təşkil ediblər.

“1001 İş” tədbiri dinamik stendləri, interaktiv oyunları və müsabiqələri ilə 1
000-dən çox ziyarətçini cəlb edib. İctimai tədbirin hədəf qrupu – karyera
qərarı verməyə hazırlaşan, iş axtaran yaxud bilik və bacarıqlarını
təkmilləşdirmək üçün yeni təhsil imkanları ilə maraqlanan 14-29 yaşlı yerli
gənclər olub.

Mövzu istiqamətinə uyğun olaraq, tədbir Aİ tərəfindən maliyyələşdirilən və
BMTİP tərəfindən həyata keçirilən digər layihə “Gələcək üçün peşə təhsili və
təlimi” tərəfindən dəstəklənib. Belə ki, tədbirdə Mədəniyyət və Sənətkarlıq
üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi (DPTM), Turizm və Sosial Xidmətlər üzrə
Bakı DPTM, İnformasiya Texnologiyaları və Kommunikasiyalar üzrə Bakı DPTM, Emal
Sənayesi üzrə BDPTM, həmçinin Sənaye və İnnovasiyalar BDPTM bir sıra maraqlı
master-klaslarla yarmarkaya qoşulub və ziyarətçilərə praktiki olaraq müxtəlif
bacarıqları sınaqdan keçirməyə imkan verən fəaliyyətlər təqdim edib. Əlavə
olaraq, tədbirdə karyera mütəxəssisləri gənclərə ödənişsiz konsultasiya
sessiyaları keçirib, onlara tərcümeyi-hal yazılması, iş müsahibələri və
şəbəkələşmə ilə bağlı tövsiyələr verib.

Xırdalan bələdiyyəsi “İqtisadi inkişafı dəstəkləyən bələdiyyə sədrləri” (M4EG)
proqramının “Portfolio səyahəti” istiqamətinin iştirakçısı kimi Azərbaycandan
seçilmiş iki yerli özünüidarəetmə orqanlarından biridir. Son bir il ərzində
bələdiyyə komandası “Sahibkarlıq və gənc istedad” adlı Şəhər Transformasiyası
Portfelini hazırlayıb. Bu portfelin əsas məqsədi əlverişli innovativ biznes
mühiti yaratmaq; mövcud yerli istedadların potensialını artırmaq və işlərə cəlb
etmək, eləcə də, tədricən digər ərazilərdən istedadlar cəlb etmək; yeni və
fərqli məkan kimliyi yaratmaq, həmçinin, Xırdalan bələdiyyəsi ilə onun
sakinləri arasında qarşılıqlı əlaqəni şaxələndirmək və gücləndirməkdir.

M4EG şəbəkəsi üzrə qabaqcıl şəhərlərdən biri olan Xırdalan bələdiyyəsi özəl
sektoru və digər əlaqədar tərəfləri cəlb edərək gəncləri dəstəkləyəcək və
ərazinin daha dayanıqlı inkişafı üçün səylərini davam etdirəcək.

“1001 iş” əmək yarmarkası 2024-cü ilin sonuna qədər Xırdalan şəhərində
keçiriləcək silsilə tədbirlərdən birincisidir.

Source link