Bakıda ikisi azyaşlı olmaqla ailəsinin 5 üzvünü qətlə yetirməkdə
təqsirləndirilən Əhməd Əhmədovun saat 11:00 da keçirilməsi nəzərdə tutulan
növbəti məhkəmə prosesi heyətin iştirak etməməsi səbəbindən təxirə düşərək
nahardan sonraya keçirilib.
Cixisyolu.com-ın məlumatına görə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə
Məmmədzadənin sədrliyi ilə saat 16:00 da başlayan proses qapalı keçirildiyi
üçün jurnalistlər məhkəmə zalına buraxılmayıblar.
Əhməd Əhmədovun vəkili Sənan Hüseynov Cixisyolu.com-a açıqlamasında məhkəmənin qapalı
keçirilməsi məsələsinə münasibət bildirib:
“Oktyabrın 10-da keçiriləcək növbəti prosesdə bütün qaranlıq məsələlərə
aydınlıq gətiriləcək. Hüquqi varislərin təhlükəsizliyi ilə bağlı prosesin
qapalı keçirilməsinə qərar verildi”.
Elgün Həsənli
10:22
Bakıda beş ailə üzvünü qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun
cinayət işi üzrə bu gün məhkəmə prosesi başlayır.
Cixisyolu.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə
Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə Əhməd Əhmədovun ibtidai istintaq
zamanı verdiyi ifadəsi elan ediləcək.
Proses bu gün saat 11:00-da başlanacaq.
Qeyd edək ki, sonuncu dəfə Əhməd Əhmədovun məhkəməsi sentyabrın 10-da
keçirilib. Həmin gün Əhməd Əhmədov məhkəməyə gətirilmədiyi üçün proses bu günə
təxirə salınıb.
Xatırladaq ki, bu il fevralın 13-də 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun
aralarında yaranmış mübahisə zamanı atası – 1972-ci il təvəllüdlü Mehman Əhməd
oğlu Əhmədovu, anası – 1977-ci il təvəllüdlü Pikə Bədəl qızı Əhmədovanı və
qardaşı 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovu, bundan əvvəl başqa
bir ünvanda isə bacısı – 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun
azyaşlı qızını qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Qeyd edək ki, Xətai Rayon Prokurorluğunda istintaq edilən cinayət işi üzrə
təqsirləndirilən Əhməd Əhmədovun barəsində təyin olunmuş komission
məhkəmə-psixiatrik ekspertizasının 4 aprel 2024-cü il tarixli rəyinə əsasən, o
cinayət əməlini törədən zaman anlaqsız vəziyyətdə olub. İstintaq orqanı
tərəfindən təqsirləndirilən şəxs Ə.Əhmədovun cinayətin törədildiyi anda psixi
vəziyyətinin yenidən müayinə olunması üçün 5 aprel 2024-cü il tarixdə təkrar
komission məhkəmə-psixiatrik ekspertizası təyin olunub və o, məhkəmənin qərarı
ilə tibb müəssisəsinə yerləşdirilib.