Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun
ekspertiza rəyi açıqlandı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
İkisi azyaşlı olmaqla beş nəfər ailə üzvünü amansızlıqla öldürməkdə ittiham
olunan Əhməd Əhmədovun psixoloji vəziyyəti ilə bağlı yekun ekspertiza rəyi
açıqlanıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, prokurorluğun etirazı əsasında
keçirilən budəfəki ekspertiza rəyi də Əhməd Əhmədovun anlaqsız olduğu qənaətinə
gəlib.
Rəydə qeyd olunur ki, təqsirləndirilən şəxs hadisəni törədərkən anlaqsız
vəziyyətdə olub.
Məlumat üçün deyək ki, bundan əvvəlki ekspertiza rəyi də hazırkı ilə eyni
olmuşdu.
Bundan sonrakı mərhələdə Ə.Əhmədova yekun ittiham elan ediləcək, cinayət işi
baxılması üçün məhkəməyə göndəriləcək.
Məhkəmə də təqsirləndirlən şəxsin hadisəni anlaqsız vəziyyətdə törətdiyi
qənaətinə gəlsə, Əhməd Əhmədov cəzadan azad ediləcək. Lakin o, azadlığa
buraxılmayacaq, barəsində ixtisaslaşmış tibb müəssisəsində məcburi müalicə
təyin ediləcək.
Qeyd edək ki, fevral ayının 13-də 5 nəfər ailə üzvünün qəsdən öldürülməsinə
dair Xətai Rayon Prokurorluğunda istintaq edilən cinayət işi üzrə
təqsirləndirilən şəxs Əhməd Əhmədovun barəsində təyin olunmuş komission
məhkəmə-psixiatrik ekspertizasının 4 aprel 2024-cü il tarixli rəyinə əsasən, o
cinayət əməlini törədən zaman anlaqsız vəziyyətdə olub. İstintaq orqanı
tərəfindən təqsirləndirilən şəxs Ə.Əhmədovun cinayətin törədildiyi anda psixi
vəziyyətinin yenidən müayinə olunması üçün 5 aprel 2024-cü il tarixdə təkrar
komission məhkəmə-psixiatrik ekspertizası təyin olunub və o, məhkəmənin qərarı
ilə tibb müəssisəsinə yerləşdirilib.
Xatırladaq ki, bu il fevralın 13-də 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun
aralarında yaranmış mübahisə zamanı atası – 1972-ci il təvəllüdlü Mehman Əhməd
oğlu Əhmədovu, anası – 1977-ci il təvəllüdlü Pikə Bədəl qızı Əhmədovanı və
qardaşı 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovu, bundan əvvəl başqa
bir ünvanda isə bacısı – 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun
azyaşlı qızını qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi
amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi
öldürmə) maddələri ilə cinayət işi başlanıb, Əhməd Əhmədov prokurorluğun qərarı
ilə iş üzrə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.