Binalar üstündə yüksələn bayrağı oradan çıxarıb endirmək mümkünsə də, ürəklərdə dalğalanan bayrağa zaval yoxdur, onun ömrü əbədiyyət boyuncadır.
ÇıxışYolu.Com xəbər verir ki, bunu millət vəkili, akademik Rafael Hüseynov deyib.
O, qeyd edib ki, 100 il öncə Cümhuriyyət qurucuları səadətli günlərin gec-tez mütləq qayıdacağına inanırdılar.
Onun sözlərinə görə, 23 ay ömür sürsə də, qurucu babalar həyat verdikləri Azərbaycan Cümhuriyyətinin varlığı ilə xalqımıza istiqlalın şirin dadını tanıdıblar:
“Onlar Azərbaycan insanına “Sənin millətlər və dövlətlər sırasında şərəfli yerin var!” həqiqətini anladıblar.
“Bir kərə yüksələn bayraq bir daha enməz!” söyləməklə düşüncələrə və könüllərə o inamı həkk ediblər ki, istiqlal qazanılıbsa, bir xalqın müstəqil dövləti qurulubsa, xalq bu əziz nemətin nə olduğunu duyub və dərk edibsə, daha həmin hiss heç vaxt ürəklərdən getməz. Hətta bu istiqlal qırılsa, devrilsə belə yenə mütləq qayıdacaq. Çünki binalar üstündə yüksələn bayrağı ordan çıxarıb endirmək mümkünsə də, ürəklərdə dalğalanan bayrağa zaval yoxdur, onun ömrü əbədiyyət boyuncadır.
Bayramların ən əzizi, ən şərafətlisi gəlir. İstiqlalımızın 100 yaşı tamam olur. Tanrı və tarix bizə bu sərvəti çox görməsin.
Xalqımız və yurdumuz bundan sonra yüzillər boyu daim müstəqil, azad yaşasın, daim ucalsın, qüdrətlənsin, bəxtiyarlıq içərisində ömür sürsün!”-deyə, R.Hüseynov bildirib.
Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com