Akademik Yaqub Mahmudov Qarabağın qədim alban-türk tarixi ilə bağlı real
faktları açıqlayıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Çar Rusiyası və sovet-bolşevik rejimi dövrlərində Azərbaycan dövləti olan
Albaniya “Qafqaz Albaniyası” adı ilə təqdim olunub. Halbuki Albaniya tarixindən
bəhs edən heç bir ilk mənbədə “Albaniya” termininin önündə “Qafqaz” sözü
yoxdur. Real tarixi saxtalaşdıraraq Azərbaycan Albaniya dövlətini “Qafqaz
Albaniyası” kimi təqdim etməkdə məqsəd aydın idi: Cənubi Qafqazda geniş
əraziləri, o cümlədən indiki Ermənistan ərazisini əhatə edən böyük Albaniya
dövlətinin guya Azərbaycana mənsub olmadığını “əsaslandırmaq”. Bundan başqa, o
vaxt Albaniya tarixi və mədəniyyəti ilə bağlı araşdırmalarda “xristiandırsa
türk deyildir” kimi qeyri-elmi prinsip hökmranlıq edirdi. Bununla Azərbaycan
xalqının ulu babaları olan türk etnoslarının rolunu Albaniya tarixindən
tamamilə silib atmaq kimi anti-Azərbaycan siyasəti həyata keçirilirdi. Bu
siyasəti ölkəmizin daxilindəki səlahiyyətli dairələrin Moskvaya və İrəvana
xidmət edən bəzi nümayəndələri himayə edirdilər”.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının
həqiqi üzvü, Əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı Yaqub Mahmudov deyib.
Akademik vurğulayıb ki, Azərbaycan Albaniya dövlətinin mövcud olduğu dövrdə
Qarabağın dağlıq hissəsi burada yaşayan iskit-sak türklərinin adı ilə Ərsak
adlanıb:
“Ərsak “ər” və “sak” sözlərindən əmələ gəlməklə, qədim türk dillərində “ər
sak” – “igid sak” və ya “sak əri”, “sak igidi” mənasındadır. Erməni
saxtakarları özlərinə Cənubi Qafqazda “qədim tarix” uydurmaq məqsədilə “Ərsak”
terminini təhrif edərək “Artsax” kimi təqdim edirlər. Əslində isə sak
türklərinin Qarabağda hökmranlıq etdikləri dövrdə ermənilərin Cənubi Qafqazda
izi-tozu belə yox idi. Onların çar Rusiyası tərəfindən bu diyara köçürülməsinə
hələ 2500 illik bir tarixi dövr qalırdı. Yeri gəlmişkən, iskit-sak-massaget
türkləri bütün Azərbaycan ərazisinə yayılmışdılar. O zaman Şimal-Qərbi
Azərbaycanın böyük bir ərazisi Sakan (saklar ölkəsi) adlanırdı. Sak türklərinin
Şimali Azərbaycanda Şəki kimi böyük yaşayış məskəni vardı. Zaqatala, Qanıx
çayının daha qədim adı olan “Alazan” termini və digər çoxsaylı yer-yurd adları
da iskit-sak türkləri ilə bağlıdır. İskit-sak toplumları ilə yanaşı, hələ
bundan çox əvvəl Azərbaycan torpaqlarında məskən salmış digər türk tayfa
birliyindən – kimmerlərdən də xalqımızın bugünkü nəsillərinə Qımır, Qımırlı,
Qımırbazar, Qəmərli, Gümrü kimi yaşayış məskənləri yadigar qalıb. Bunlar hamısı
Azərbaycan xalqının tarixidir. Bu tarixi silib Albaniyanın çoxsaylı türk
əhalisini, o cümlədən xristian-türk əhalini ancaq qeyri-türklər kimi qələmə
vermək əsla doğru deyil, daha doğrusu saxtakarlıqdır”.
Akademik bildirib ki, İslamın yayıldığı dövrdə müqəddəs kitabı olanlara
toxunulmayıb:
“Müqəddəs kitabı olmayanlar isə İslamı qəbul etdilər. Həmin dövrdə
Azərbaycan-Alban xristian kilsəsi yurdumuzun qərb-dağlıq ərazilərində öz dini
təsirini qoruyub saxlaya bildi. Beləliklə, ölkəmizdə dini ayrılıq baş verdi:
çoxluq təşkil edən və ölkənin bütün ərazisinə yayılmış olan türk-müsəlman
əhali, o cümlədən İslam dinini qəbul etmiş qeyri-türk albanlar; bir də azlıq
təşkil edən və əsasən Şimali Azərbaycanın qərb-dağlıq bölgələrində yaşayan
xristian-türk albanlar, o cümlədən İslam dinini qəbul etməmiş qeyri-türk
albanlar. Elə həmin vaxtdan da yadellilərin Albaniyanın qərbində yaşayan
xristian-alban əhalini öz dini-siyasi və etnik təsir dairələrinə salmaq uğrunda
mübarizəsi üçün daha əlverişli şərait yarandı. İşğalçılar Azərbaycanla bağlı
ərazi iddialarını reallaşdırmaq üçün xristianlığı qəbul etmiş qıpçaq
türklərindən də istifadə edirdilər. Bu baxımdan Azərbaycan Albaniya dövlətinin
tarixində mühüm rol oynamış xristian türk boylarının, o cümlədən qıpçaq
türklərinin tarixi daha dərindən araşdırılmalıdır.
Alban-qıpçaq etnik-mədəni əlaqələri genişlənməkdə idi. Xüsusilə də Qarabağın
mənşəcə türk olan Alban-Xaçın hakimlərinin onlara soykökü baxımından qohum olan
tanınmış xristian-qıpçaq nəsillərindən qız almaları bu əlaqələri daha da
möhkəmləndirmişdi. Maraqlıdır ki, xristian-qıpçaq xanımlar Qarabağda da
özlərinin qıpçaq türkləri olduqlarını simvolizə edən “xatun” titulunu qoruyub
saxlamışdılar. Albaniya hökmdarları isə xaqan, xan və ya işxan titulu
daşımışlar. Bir çox yazılı mənbələrdə və alban-qıpçaq kilsələrinin
kitabələrində bəhs edilən yer-yurd, şəxs (Mama xatun, Hurişah xatun, Arzu
xatun, Vaxtanq Təkin və s.) və türk boylarının adları bunu bir daha təsdiq
edir”.
Akademik Yaqub Mahmudov qeyd edib ki, Qarabağın ən qədim yerli əhalisinin,
eləcə də bu diyarın alban-qıpçaq xristian abidələrinin XIX əsrdə Azərbaycan
torpaqlarına köçürülüb gətirilmiş ermənilərə heç bir aidiyyəti yoxdur:
“Həqiqət bundan ibarətdir ki, Kəlbəcərdəki Gəncəsər məbədinin kitabəsində
Alban-Xaçın hakimi Həsən Cəlal “Uca və böyük Ərsak ölkəsinin hökmdarı, Alban
vilayətinin çarı Böyük Həsənin nəvəsi, Vaxtanqın oğlu” kimi yad edilir. Bu
kitabə onun əcdadlarının erməni deyil, qədim türk boyuna mənsub olan Ərsak
soyundan olmasını bir daha təsdiq edir. Təsadüfi deyil ki, XVIII əsrdə
Qarabağın dağlıq hissəsində yaşayan alban xristian məlikləri də I Pyotra və II
Yekaterinaya yazdıqları məktublarında özlərinin erməni deyil, alban türkləri
olduqlarını təsdiq etmişlər. Bu məktublar sonradan erməni “alimləri” tərəfindən
saxtalaşdırılaraq “Alban türkləri” – “Ağvan müsəlmanları”, “Alban Ərsaki nəsli”
isə “erməni rəisləri nəsli” ifadələri ilə əvəz edilib. Ermənilərin Qarabağın
yerli əhalisi olmadığını, onların buraya çar Rusiyası tərəfindən köçürülüb
gətirildiklərini yaxın keçmişdə separatçıların özləri də etiraf edirdilər. Məhz
onların təşəbbüsü ilə 1978-ci ildə Ağdərədə ermənilərin buraya köçürülməsinin
150 illiyi münasibətilə “Marağa-150” abidəsi ucaldılmışdı. Üstündən cəmi on il
keçəndən sonra – 1988-ci ildə bu abidəni elə onların özləri də uçurmuşdular!
Bütün bunlar da inkarolunmaz tarixi həqiqətlərdir!”
Y.Mahmudovun sözlərinə görə, Qarabağın xristian-türk və qeyri-türk əhalisinin
tarixində ən ağır faciə 1836-cı ildə baş verib:
“Türkmənçay müqaviləsindən və ermənilərin Şimali Azərbaycana köçürülməsindən
heç 10 il də keçməmiş – 1836-cı ildə erməni-qriqorian kilsəsi Azərbaycan-Alban
xristian kilsəsinin ləğv edilməsinə nail oldu. Çar hökuməti qədim
Azərbaycan-Alban xristian kilsəsinin bütün əmlakını Qriqorian kilsəsinə verdi.
Alban mədəniyyətinin məhv edilməsinə, saxtalaşdırılmasına və
erməniləşdirilməsinə başlanıldı. Elə həmin vaxtdan etibarən Qarabağın
xristian-alban əhalisi kütləvi surətdə qriqorianlaşdırıldı və erməniləşdirildi.
Zaman keçdikcə Qarabağda yaşayan ermənilər iki qrupa ayrıldı: Çar Rusiyasının
bu diyara köçürüb gətirdiyi gəlmə ermənilər; bir də dönüklər, daha doğrusu
dininə və etnik kimliyinə dönük çıxıb sonradan erməniləşənlər”.
“Beləliklə, çar Rusiyasının erməniləri Şimali Azərbaycan torpaqlarına köçürüb
gətirməsi, 1836-cı ildə Azərbaycan-Alban xristian kilsəsinin çar hökuməti
tərəfindən ləğv olunması və Azərbaycana qarşı yeridilən qəddar müstəmləkəçilik
siyasəti nəticəsində Cənubi Qafqaz tarixində kütləvi qırğınlar, soyqırımları,
etnik təmizləmələr və deportasiyalar dövrü başlandı. Azərbaycan xalqı öz
tarixinin ağır fəlakətlər dövrünə daxil oldu. Qarabağın daşnak yuvasına
çevrilmiş dağlıq bölgələri isə bütün region üçün ən ağır bəlaya çevrildi. Lakin
Vətən müharibəsində Azərbaycanın böyük tarixi Qələbəsi Cənubi Qafqaz regionunda
yeni siyasi reallıqlar yaratdı. İlk növbədə, “böyük Ermənistan” xülyası və
erməni hərbi mifi darmadağın edildi. Ən əsası isə biz erməni işğalçılarını
torpaqlarımızdan qovub çıxararaq ərazi bütövlüyümüzü və suverenliyimizi tam
bərpa etdik. Bunun ardınca, Xankəndi şəhərində Dövlət Bayrağımız ucaldıldı və
dünya erməniliyinin “Artsax” layihəsi tarixin tullantısına çevrildi. Bütün
bunlar Azərbaycanın son 200 illik tarixində ilk dəfədir ki, reallaşdı. Və bunu
böyük güc mərkəzlərinə qarşı siyasi-diplomatik mübarizədə və döyüş cəbhəsində
öz xalqına və şanlı Ordumuza başçılıq edən Müzəffər Ali Baş Komandan İlham
Əliyev həyata keçirdi. Qalib sərkərdə, Qarabağın xilaskarı İlham Əliyev
Azərbaycanın yüzillər boyunca yetişdirdiyi xalq qəhrəmanları sırasında ən uca
zirvəni fəth etdi”, – deyə tarixçi alim fikirlərini yekunlaşdırıb.