Akif İslamzadə: “Şagird müəllimdən siqaret istəyir…”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Uşaqların tərbiyəsi ilə valideyn məşğul olmalıdır. Çünki hər şey ailədən
başlayır. Məgər uşaq anadan olanda məktəbdə dünyaya göz açır?! Tərbiyə evdən
başlayır”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında tanınmış müğənni Akif İslamzadə deyib.
O, ötən gün Gəncədə
qətlə yetirilməsindən sonra sosial şəbəkələrdə məktəblərlə bağlı yayılan
müzakirələrə münasibət bildirib.
Xatırladaq ki, yanvarın 23-də səhər saatlarında Gəncə şəhəri M. P. Vaqif adına
8 nömrəli tam orta məktəbin XI sinif şagirdi Raul Rəhimov məktəbin önündə 17
yaşlı F. Şabanov tərəfindən bıçaqlanaraq öldürülüb. Fakta görə Gəncə Şəhər
Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə
cinayət işi başlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış
tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən, 2007-ci il təvəllüdlü
F. Şabanov saxlanılaraq istintaqa təqdim edilib.
Məsələyə münasibət bildirən A. İslamzadə söyləyib ki, bu gün valideynlər
uşaqlarına nəzarət etmirlər:
“Bunun üçün isə vaxt olmalıdır. Ya valideynlərin özlərinə başları qarışıb və
uşaqların başını buraxıblar, ya da ki, çörəkpulu dalınca qaçırlar deyə, axırda
da belə olur. Bizim vaxtımızda uşağı məktəbə qoyanda müəllimə deyirdilər ki,
“əti sənin, sümüyü mənim”. Uşaq da o təlim-tərbiyəni görüb böyüyürdü. İndi isə
Avropada olan axmaq-axmaq nələr varsa, bizimkilər də baxıb təkrar edirlər.
Ümumiyyətlə, təhsil sistemi bütövlükdə dəyişilməlidir. Çünki ata-anamızdan
sonra bizim üçün ən müqəddəs obraz müəllim olub. Bir peşəni hörmətdən salmaq
üçün onu adiləşdirmək lazımdır. Bu gün biz bir-birimizə “müəllim” deyirik,
müəllimlərin cibinə pul basırıq. Ən dəhşətlisi isə budur ki, yuxarı sinif
şagirdləri müəllimdən “ştuçnı” siqaret istəyirlər ki, ver, çəkim”.
Onun sözlərinə görə, bunun kökündə dayanan problem isə birdir:
“Təhsil sistemi dəyişdirilməlidir. Bizdəki təhsil sistemi Qərb təhsil
sistemidir. Əvvəllər ruslara, onlardan da bizə keçib. Ona görə də, bu təhsil
sistemi kökündən dəyişilməlidir. Mən uşağı vurmağın tərəfdarı deyiləm, lakin
tutaq ki, müəllim uşağın qulağını burubsa, bunu problem etmək nəyə lazımdır?
Yenə deyirəm, bütün təhsil sistemi dəyişilməlidir. Belə təhsil sistemi olmaz.
Təlim-tərbiyə isə ailə və mühitdən başlayır”.
“Bu barədə bir misal çəkmək istəyirəm. Bir həftənin hadisəsidir. Dostumgilə
gedirik, liftin qabağında gözləyirik. Bir nəfər 20-21 yaşında oğlan durub
liftin qarşısında. Orada da 2-3 lift kabinəsi var. Oğlanın basdığı düymədə lift
tez gəldi. Özü də başa düşdü ki, biz ona tərəf gedirik, hətta bizi gördü. O,
lifti saxlaya bilərdi, amma qalxdı yuxarı. İndi sual edirəm ki, bunun günahı
kimdədir? Valideyn və məktəbdə. Bu cavan uşaqların belə günahlarının bir ucu
gəlib bizə çıxır.
Bu problem bütün dünyada var. Bu dövrün adı da axır-zamandır. Bəşər tarixində
bir Nuh peyğəmbərin dövründə belə mənəviyyatsızlıq olub, bir də indi. Allah o
vaxtı bizi su ilə imtahana çəkdi, indi də, inşallah, odla imtahana çəkər. Çünki
bu bəşər özünü doğrultmadı”, – deyə müsahibimiz fikirlərini yekunlaşdırıb.