1ec985e5-b862-4772-ad63-f89f98060df9..jpg

Akşin Ziyadov: “Azərbaycanda beş mindən çox şəxs izləmədədir” – MÜSAHİBƏ + FOTO

Baxış sayı: 572 dəfə baxılıb.

Akşin Ziyadov: “Azərbaycanda beş mindən çox şəxs izləmədədir” – MÜSAHİBƏ + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Hazırda Probasiya Xidmətinin Monitorinq Mərkəzində 5 200-dən artıq şəxsin
izləmə sessiyası aparılır. Bundan başqa, məhkumların üzərində elektron
nəzarətin daha səmərəli təşkili məqsədilə müəyyən işlər görülüb”.

Bunu Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin rəisi, III dərəcəli dövlət
ədliyyə müşaviri Akşin Ziyadov “Report”a müsahibəsində bildirib. Müsahibəni
təqdim edirik:

– Prezident İlham Əliyevin cəza siyasətinin humanistləşdirilməsinə dair
2017-ci il 10 fevral tarixli Sərəncamı ilə Ədliyyə Nazirliyinin Probasiya
Xidməti yaradılıb. Probasiya Xidmətinin yaradılması hansı zərurətdən irəli
gəlib?

– Dövlətimizin başçısının 2017-ci il fevralın 10-da imzaladığı “Penitensiar
sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və
cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual
məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamı
ölkəmizdə həyata keçirilən islahatların məntiqi davamı olmaqla, bu sahədə yeni
strateji hədəfləri müəyyənləşdirib.

Sərəncamda dövlət idarəçiliyi sisteminin müasirləşdirilməsi, məhkəmə-hüquq
sahəsində islahatların davam etdirilməsi, cəzaların icrasının müasir tələblərə
uyğun qurulması, cəzanı icra edən müəssisələrdə mövcud olan nöqsan və
çatışmazlıqların, korrupsiyaya şərait yaradan halların aradan qaldırılması,
cəzaların icrasında müasir texnoloji vasitələrin tətbiqi, cəmiyyətdən
təcridetmə ilə bağlı olmayan cəzaların icrasına effektiv nəzarətin təşkili və
digər konseptual məsələlər nəzərdə tutulub, bu məqsədlə məhkumların cəmiyyətdən
təcrid edilməsi ilə əlaqədar olmayan cəzaları icra edən yeni təsisat – Ədliyyə
Nazirliyinin Probasiya Xidməti yaradılıb. Avropa Şurasının 2010-cu il 20 yanvar
tarixli “Avropa probasiya qaydaları haqqında” Tövsiyəsi, digər beynəlxalq
aktlar, inkişaf etmiş ölkələrin təcrübəsi nəzərə alınmaqla təşkil edilmiş
Probasiya Xidmətinin yeni strukturunun təsis edilməsi ilə bağlı dövlətimizin
başçısının 2017-ci il 7 noyabr tarixli Fərmanı ilə Probasiya Xidmətinə baş
idarə səlahiyyəti verilib, nazirliyin Kollegiyasının 2017-ci il 22 dekabr
tarixli Qərarı ilə Əsasnaməsi təsdiq edilib.

Cəzaların İcrası Məcəlləsinə dəyişikliklər olunaraq, qanunvericiliyə icra
məmurlarının vəzifələri, azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzaların
icrası prosesində probasiya fəaliyyətinin və elektron nəzarət vasitələrinin
tətbiqi dairəsi, xüsusiyyətləri, digər tənzimləyici müddəalar daxil edilib.
Eyni zamanda, Probasiya Xidmətinə azadlıqdan məhrumetmə ilə bağlı olmayan
cəzaların icrasının təşkili, cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan,
müəyyən vəzifəni tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum
etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə
cəzalara məhkum edilmiş şəxslər üzərində probasiya nəzarətinin həyata
keçirilməsi həvalə olunub.

Bundan əlavə, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad
edilmiş və ya cəzasının çəkilməsi təxirə salınmış, alkoqolizmdən və ya
narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər
təyin edilmiş şəxslər üzərində qanunvericiliklə və ya məhkəmə tərəfindən
qoyulmuş vəzifələrin icrasına nəzarət, məhkumların islah edilməsi, sosial
adaptasiya və reabilitasiyası, inzibati tənbeh qismində tətbiq edilmiş ictimai
işlərin icrası da Probasiya Xidmətinin səlahiyyətlərinə aid edilib. Yeni
yaradılmış xidmətin fəaliyyətinin təşkili ilə bağlı ədliyyə nazirinin 2017-ci
il 1 dekabr tarixli əmri ilə onun strukturu və ştat cədvəli təsdiqlənib,
respublikanın inzibati ərazi vahidləri üzrə icra və probasiya şöbələri, Bakı
Şəhər Probasiya İdarəsi, Gəncə və Sumqayıt şəhər probasiya şöbələri yaradılıb.

– Ötən dövrdə probasiya fəaliyyətinin təşkili ilə bağlı görülən işlər barədə
nə deyə bilərsiniz?

– 2017-ci ildə cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı Probasiya
Xidmətinin fəaliyyət istiqamətlərinə uyğun olaraq işin təşkili diqqət
mərkəzində saxlanılıb. Belə ki, dövlətimizin başçısının bilavasitə təşəbbüsü
ilə yaradılmış Probasiya Xidmətinin fəaliyyət istiqamətləri və tətbiqi dairəsi
ötən altı il ərzində ardıcıl olaraq inkişaf edərək, təkmilləşmiş maddi-texniki
bazası, kadr potensialı möhkəmlənib, işin səmərəliliyi artıb, probasiya
nəzarətinin funksiyaları güclənib, həmçinin xidmətin strukturu təkmilləşib,
əməkdaşların bilik səviyyəsi və peşə hazırlığı yüksəlib, maddi və sosial
təminatları yaxşılaşıb.

Qeyd olunan yeniliklər cəza siyasətinin təkmilləşməsinə, cəza təyin edilərkən
məhkəmələr tərəfindən işin hallarını, təqsirləndirilən şəxslərin fərdi
xüsusiyyətlərini, şəxsiyyətini obyektiv qiymətləndirməyə, cəzanın növünü və
həddini düzgün seçməyə, azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzalara məhkum
edilmiş şəxslərin islah olunmasına, cəmiyyətə reinteqrasiyasına yönəlmiş
tədbirlərin tətbiqinə əlverişli zəmin yaradacaq. Bu müddətdə Probasiya Xidməti
üçün kadrların hazırlanmasına da xüsusi diqqət yetirilib, əməkdaşların peşə
hazırlığının, sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı yetərli tədbirlər
görülüb. Belə ki, əməkdaşlar mütəmadi olaraq Ədliyyə Akademiyasında təlimlərə
cəlb olunub, beynəlxalq tədbirlərdə iştirak edərək qabaqcıl ölkələrin təcrübəsi
ilə tanış olublar.

Dövlət başçısının sözügedən sərəncamında qeyd olunan və cəzaların icrasında
müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi barədə vacib
əhəmiyyətə malik tapşırıqlar üzrə də nazirlik tərəfindən məqsədyönlü tədbirlər
həyata keçirilib. Məlumat üçün bildirirəm ki, məhkumların real vaxt rejimində
izlənilməsini təmin etmək üçün hazırda Probasiya Xidmətində müasir avadanlıqla,
proqram təminatı ilə təchiz olunmuş Elektron Monitorinq Mərkəzi fəaliyyət
göstərir. Monitorinq mərkəzi elektron nəzarət vasitələrinin istifadəsi ilə
aparılan bütün izləmə məlumatlarının qəbulunu, emalını, saxlanılmasını,
idarəedilməsini və ötürülməsini, habelə məhkum edilmiş şəxslərlə operativ
əlaqəni təmin edən, müvafiq texniki-proqram vasitələri ilə təchiz olunan, ilin
bütün günləri 24 saat ərzində fasiləsiz fəaliyyət göstərən və elektron nəzarət
sisteminə inteqrasiya edilmiş mərkəzdir.

Hazırda Probasiya Xidmətinin Monitorinq Mərkəzində 5 200-dən artıq şəxsin
izləmə sessiyası aparılır. Bundan başqa, məhkumların üzərində elektron
nəzarətin daha səmərəli təşkili məqsədilə müəyyən işlər görülüb. Belə ki,
“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-26-cı illər üçün
Milli Fəaliyyət Planı”nın ədliyyə orqanlarında icrasının təmin edilməsi ilə
bağlı Ədliyyə Nazirliyi Kollegiyasının 19.04.2022-ci il tarixli Qərarı ilə
təsdiq edilmiş iş planına əsasən, elektron monitorinq sistemi üzrə mobil
tətbiqin istifadəyə verilməsi ilə bağlı tapşırıqların icrası ilə əlaqədar
“Attenti” elektron monitorinq sisteminin mobil versiyasının istifadəsinə imkan
verən 120 ədəd mobil planşet ölkəyə gətirilib və müvafiq təlim keçirilməklə
yerli probasiya qurumlarının icra məmurlarına təqdim edilib. Həmin mobil
tətbiqdən istifadə imkanının yaradılması məhkumların coğrafi yerdəyişmələri ilə
bağlı dərhal məlumat əldə edilməsinə, nəzarət subyektləri tərəfindən yol
verilən pozuntulara çevik reaksiya verilməklə onlar barəsində təxirəsalınmaz
qanuni tədbirlərin görülməsinə əlverişli şərait yaradıb.

Bundan əlavə, ölkə başçısının “Penitensiar sahədə fəaliyyətin
təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən
təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət
tədbirlərinin tətbiqinin genişləndirilməsi” barədə 10 fevral 2017-ci il tarixli
Sərəncamının 11.3-cü bəndində cəzanı icra edən orqan və müəssisələr arasında
real vaxt rejimində məlumat mübadiləsinin təmin edilməsi məqsədilə “Cəza çəkən
məhkumlar və həbs edilmiş şəxslər” informasiya sisteminin təşkil edilməsi
Ədliyyə Nazirliyinin qarşısında bir vəzifə kimi müəyyən edilib. Bu məqsədlə
ötən dövrdə sözügedən informasiya sistemi yaradılaraq Probasiya Xidmətinin
istifadəsinə verilib və mütəmadi olaraq təkmilləşdirilməsi təmin edilir.

Xüsusilə qeyd edilməlidir ki, stimullaşdırıcı tədbir kimi cərimə, islah işləri
cəzalarının, hüquqi şəxslərə tətbiq edilən cərimə növündə cinayət-hüquqi
tədbirlərin icrasından daxil olan vəsaitin bir hissəsinin Ədliyyə Nazirliyinin
hesabına köçürülməsi barədə müddəanın qanunvericiliyə əlavə edilməsi xidmətin
maddi-texniki bazasının, əməkdaşların sosial müdafiəsinin və maddi təminatının
yüksəlməsinə müsbət təsir göstərib, statistik göstəricilərin yaxşılaşması ilə
nəticələnib.

Qanunvericiliyin humanistləşdirilməsi ilə əlaqədar Cinayət Məcəlləsinə edilən
dəyişikliklərdən sonra məhkəmələr azadlıqdan məhrumetməyə alternativ olan,
xüsusilə elektron nəzarət vasitəsinin tətbiqini nəzərdə tutan azadlığın
məhdudlaşdırılması növündə cəzaların təyin edilməsinə üstünlük verilib,
nəticədə probasiya qurumlarının qeydiyyatında olan şəxslərin sayı ardıcıl
surətdə artaraq, ümumilikdə 20 minə yaxın məhkuma, cari il ərzində isə 4
500-dən artıq məhkuma elektron nəzarət vasitələri tətbiq edilib. Həmçinin, cari
il ərzində cəza müddətinin qurtarması və digər qanuni əsaslara görə 3 000-dən
çox məhkumun üzərindən elektron qolbaqlar çıxarılıb.

Fəaliyyət göstərdiyi müddət ərzində Probasiya Xidmətinin yerli qurumları
tərəfindən 89 minə yaxın şəxs probasiya qeydiyyatına götürülüb, əvvəlki illər
üzrə cəza çəkən məhkumlar nəzərə alınmaqla 65 mindən çox şəxs qanunvericilikdə
nəzərdə tutulmuş əsaslarla qeydiyyatdan çıxarılıb.

Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında 20.10.2017 və
01.05.2020-ci il tarixli Qanunların icrası ilə əlaqədar ötən dövr ərzində
Probasiya Xidmətinin yerli qurumlarının qeydiyyatında olan 1 495 məhkum
məhkəmələr tərəfindən cəza çəkməkdən azad edilib, 211 şəxsin isə cəza müddəti
azaldılıb.

“8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında”
Azərbaycan Respublikası Milli Məclisinin 2021-ci il 5 noyabr tarixli Qərarının
mütəşəkkil və yüksək səviyyədə icra olunması məqsədilə Probasiya Xidməti
tərəfindən əməli tədbirlər görülüb, probasiya qurumlarının qeydiyyatında olan 6
600-dən çox məhkuma amnistiya aktı tətbiq olunub.

“Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Azərbaycan
Respublikası Prezidentinin 27 may 2022-ci il tarixli Sərəncamına əsasən,
azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş altı nəfər cəzadan azad
olunaraq onlara tətbiq edilmiş elektron nəzarət vasitələri dərhal çıxarılıb,
həmçinin şərti məhkum olunmuş üç nəfər cəzadan azad olunub.

Ulu öndərin humanizm siyasətini uğurla davam etdirən ölkə Prezidenti
tərəfindən ümummilli lider Heydər Əliyevin 100 illiyi münasibətilə
08.05.2023-cü il tarixdə Əfv Sərəncamı imzalanıb. Azadlıqdan məhrumetmə ilə
bağlı olmayan cəzalara məhkum edilmiş 118 nəfəri əhatə edən bu humanist
sərəncamla şərti məhkum edilmiş iki, cəzasının çəkilməsi təxirə salınmış üç,
azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 18, islah işləri cəzası
üzrə iki, cərimə cəzası üzrə 88 məhkum cəzadan azad edilib, beş nəfərin isə
azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.

– Probasiya fəaliyyətində ən müasir yenilik hansıdır?

– 2018-ci ilin may ayından ölkəmizdə ilk dəfə olaraq azadlığın
məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş, məhkəmənin qərarı ilə şərti
məhkum edilmiş və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərə
elektron nəzarət vasitələrinin (elektron qolbaqların) tətbiqinə başlanılıb.

Bu məqsədlə ən müasir texnologiyalara və tələblərə cavab verən elektron
vasitələr alınıb, hazırda bu növ cəzalara məhkum edilmiş bütün şəxslər elektron
qolbaqlarla təmin olunublar. Elektron nəzarət vasitələri – nəzarət subyektinin
üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsini və avtomatlaşdırılmış rejimdə
izlənilməsini təmin edən proqram məhsulu və avadanlıqlardır.

Altıillik probasiya təcrübəsi göstərir ki, məhkumlara elektron qolbaqların
tətbiqi onların davranışına, onlayn rejimdə mərkəzləşdirilmiş qaydada məsafədən
izlənilməsinə, məhkumların üzərinə qoyulmuş vəzifələrin icrasına fasiləsiz
nəzarət olunmasına, qabaqlayıcı tədbirlərin görülməsinə, zərurət olduqda
məhkumlarla dərhal əlaqə yaradılmasına, bununla da cəzaların icrasında ciddi
qayda yaradılmasına, qanun pozuntularının, yeni cinayətlərin törədilməsinin
qarşısının alınmasına imkan yaradıb.

Elektron nəzarət vasitələri tətbiq edilən məhkumların coğrafi yerdəyişməsinin
izlənilməsi zamanı aşkar edilən pozuntulara qarşı çevik reaksiya verilməsi
təmin olunur və qanunla müəyyən edilmiş tədbirlər görülür.

Bununla yanaşı, bildirilir ki, cəzaların icrası sahəsində informasiya
kommunikasiya texnologiyalarının tətbiqi ilə bağlı işlər davam etdirilir. Belə
ki, 2020-ci ilin 29 iyun tarixində ictimai işlər növündə cəzanın və inzibati
tənbehin icrası zamanı elektron nəzarət vasitələrinin tətbiqi ilə bağlı
Cəzaların İcrası və İnzibati Xətalar məcəllələrinə müvafiq dəyişikliklər
edilib. Bu yeniliyin əsas mahiyyəti ondan ibarətdir ki, ictimai işlərin
icrasına daha effektiv və elektron qaydada nəzarət həyata keçiriləcək. Bu
dəyişiklikdən sonra ictimai işlərin icrasına nəzarət zamanı insan faktoru
azalıb. Həmçinin, görülmüş ictimai işlərin saatının avtomatlaşdırılmış qaydada,
daha dəqiq hesablanması təmin edilir.

– Probasiya sahəsinin təkmilləşdirilməsi üçün nə kimi işlərin görülməsi
nəzərdə tutulur?

– Ulu öndər Heydər Əliyevin müstəqil dövlətçilik ideallarına sədaqətlə
ölkəmizin hüquq sistemində həyata keçirdiyi islahatların məntiqi davamı
olmaqla, cəza siyasətinin yeni strateji hədəflərini müəyyənləşdirən sənəddə bu
sahədə dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsi, cəzaların icrasının
müasir tələblərə uyğun qurulması, cəzanı icra edən orqanlarda mövcud olan
nöqsan və çatışmazlıqların, korrupsiyaya şərait yaradan halların aradan
qaldırılması öz əksini tapıb. Həmin sərəncamla Ədliyyə Nazirliyində təsis
edilən Probasiya Xidməti – məhkumların cəmiyyətdən təcrid edilməsi ilə əlaqədar
olmayan cəzaları icra edən yeni qurum da məhz bu məqsədlə yaradılıb. Ötən altı
ildə probasiya fəaliyyətini tənzimləyən qanunvericilik bazasının
təkmilləşdirilməsi istiqamətində zəruri tədbirlər görülüb.

Ədliyyə Nazirliyinin müvafiq İşçi Qrupu çoxsaylı müzakirələr, analitik
təhlillər aparıb, beynəlxalq təcrübəni nəzərə alaraq, qısa müddət ərzində bir
sıra normativ xarakterli hüquqi aktların layihəsini hazırlayıb, nəticədə
Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən üç qanun, Nazirlər Kabineti
tərəfindən üç normativ hüquqi akt qəbul edilib, nazirliyin kollegiyasının
qərarları ilə doqquz sənəd təsdiq olunub. Cərimə, habelə azadlığın
məhdudlaşdırılması növündə cəzaların icrası mexanizminin, şərti məhkum olunmuş,
cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərə probasiya
nəzarətinin təkmilləşdirilməsi, ölkədən getmək hüququnun müvəqqəti
məhdudlaşdırılması üzrə hüquqi tənzimlənmə ilə bağlı Cinayət,
Cinayət-Prosessual, Cəzaların İcrası və Miqrasiya məcəllələrinə dəyişikliklərin
edilməsinə dair qanun layihələri hazırlanıb.

Beynəlxalq norma və prinsiplər, o cümlədən beynəlxalq təşkilatların
tövsiyələri nəzərə alınmaqla, məhkumların və həbs edilmiş şəxslərin
hüquqlarının daha effektiv təmin edilməsi məqsədilə qanunvericiliyin
təkmilləşdirilməsinə dair təkliflərin təqdim olunması ilə bağlı bildirim ki,
Ədliyyə Nazirliyi Kollegiyasının 24.04.2018-ci il tarixli qərarları ilə təsdiq
edilmiş “Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası”, “İctimai işlər
növündə cəzanın və inzibati tənbehin icrası” və “Şərti məhkum edilmiş, cəzadan
şərti olaraq vaxtından əvvəl azad edilmiş və cəzasının çəkilməsi təxirə
salınmış şəxslər üzərində probasiya nəzarətinin həyata keçirilməsi”
Qaydalarının müasir tələblərə uyğun təkmilləşdirilməsinə dair layihələr
hazırlanıb, dəyişikliklərin aidiyyəti normativ hüquqi aktlarda təsbit olunması
ilə bağlı işlər davam etdirilir.

Bununla yanaşı, qeyd edilməlidir ki, “Azərbaycan Respublikası Ədliyyə
Nazirliyinin Probasiya Xidməti haqqında” Əsasnamənin layihəsi müasir
çağırışlara uyğun hazırlanıb, cəzaların icrası qanunvericiliyinə edilmiş son
dəyişikliklər Əsasnamə layihəsinə əlavə edilib.

Bundan əlavə, probasiya fəaliyyətinin əsas müddəalarını, hüquqi əsaslarını və
prinsiplərini, məhkumların hüquq və azadlıqlarının müdafiəsini, sosial
adaptasiyası və reabilitasiyasını, digər zəruri norma və elementləri özündə əks
etdirən “Probasiya fəaliyyəti haqqında” qanun layihəsi və mövcud
qanunvericiliyə dəyişikliklər edilməsi barədə normativ aktların layihələri ilə
bağlı işlər yekunlaşmaq üzrədir.

“Probasiya fəaliyyəti haqqında” qanun layihəsində beynəlxalq təcrübədə geniş
tətbiq olunan məhkəməyədək məruzənin hazırlanması, cəza təyin edilərkən nəzərə
alınan hallar barədə – təqsirləndirilən şəxsin davranışı, mənəvi-psixoloji
keyfiyyəti, sosial durumu, ailə vəziyyətinə dair sənədin məhkəməyə təqdim
olunması nəzərdə tutulub. Layihədə, həmçinin, cəzaların icrasına tutarlı
nəzarət mexanizminin yaradılması üçün riskin qiymətləndirilməsi, probasiya
nəzarəti tətbiq edilən məhkumlar tərəfindən yeni cinayət törədilməsi
ehtimalının aşkarlanıb qarşısının alınması üçün görüləcək profilaktik,
qabaqlayıcı tədbirlərin dairəsi müəyyən edilib.

Qeyd olunan yeniliklər cəza siyasətinin təkmilləşməsinə, cəza təyin edərkən
məhkəmələrin işin hallarını, təqsirləndirilən şəxsin fərdi xüsusiyyətlərini,
şəxsiyyətini obyektiv qiymətləndirməyə, cəzanın növünü və həddini düzgün
seçməyə, azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzalara məhkum edilmiş
şəxslərin islah olunmasına, cəmiyyətə reinteqrasiyasına yönəlmiş tədbirlərin
tətbiqinə əlverişli zəmin yaradacaq.

Probasiya Xidmətinin ötən altı il ərzindəki fəaliyyəti, görülən işlərin
nəticələri də ölkə başçısının cəza siyasətinin humanistləşdirilməsi və
təkmilləşməsi ilə bağlı imzaladığı sərəncamın mühüm əhəmiyyət kəsb etdiyini bir
daha təsdiq edərək, bu təsisatın gələcək fəaliyyətinə nikbinliklə baxmağa zəmin
yaradır, onun inkişafının, fəaliyyət dairəsinin genişləndirilməsinin zəruri
olduğuna dəlalət edir.

Bu gün əminliklə demək olar ki, Probasiya Xidməti öz fəaliyyətini bundan sonra
da müasir dövrün tələblərinə uyğun quracaq, qarşıda duran vəzifələri layiqincə
yerinə yetirəcək.

Source link