e1bc232a-5904-49b1-846c-1121f5be8d6c..jpg

Aksiz dərəcələri niyə artırılır?

Baxış sayı: 923 dəfə baxılıb.

Aksiz dərəcələri niyə artırılır?
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Pərviz Heydərov yazır…

2024-cü ilin yanvarın 1-dən ölkədə siqaret və alkoqollu içkilər üzrə yeni
aksiz dərəcələri qüvvəyə minib. Yəni, tariflər artırılıb. Aksiz dərəcəsi
siqarillanın (nazik siqarlar) hər 1 000 ədədi üçün 43 manatdan 45,5 manata,
tütündən hazırlanan siqaretlər və onların əvəzedicilərinin hər 1000 ədədi üçün
38,5 manatdan 45,5 manata yüksəldilib, alışdırılmadan nəfəsə çəkmək üçün
nəzərdə tutulmuş tərkibində və ya bərpa edilmiş tütün olan məhsulların hər 1
000 ədədi üçünsə 16 manat olub.

İndiyədək aksiz dərəcəsi qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün
və tütün məhsullarının hər 1 000 ədədi üçün 14 manat təşkil edirdi. Birdəfəlik
istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzedicilərinin hər bir
ədədi üçün aksiz dərəcəsi 0,25 manatdan iki manata yüksəldilib.

Alkoqollu içkilər üçün isə, 80 qəpik qaldırılıb. Yəni, təkrar edirəm, dərəcəsi
artan təkcə tütün məhsulları deyil, alkoqollu içkilər də bura daxildir. İçməli
spirt (o cümlədən tərkibində 80 %-dən az spirt olmayan denaturlaşdırılmamış
etil spirti; tərkibində 80 %-dən az spirt olan denaturlaşdırılmamış etil
spirti), araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki
materialları, likör və likör məmulatları, konyak və konyak materiallarının hər
litri üçün sözügedən dərəcə 4 manatdan 4,8 manatadək yüksəldilib.

Bütün bunlar sözügedən məhsullar üzrə qiymətlərin artmasına səbəb olub. Odur
ki, bəzilərində sual yaranır ki bu, əhalinin sosial durum baxımdan həssas
təbəqəsinə təsir göstərəcəkmi?

Ümumiyyətlə, satış həcmi və alqı-satqı dövriyyəsi yüksək xarakter daşıyan
məhsullar üzrə aksiz vergisi dərəcələrinin yüksəldilməsi effektli sayılırmı?

Aksiz – qanunvericilikdə müəyyən edilən aksizli malların satış qiymətinə daxil
edilən dolayı (istehlak) vergi növüdür. Ölkədə istehsal edilən, yaxud ölkəyə
idxal olunan aksizli mallardan, vergidən azad edilən mallar istisna olunmaqla,
aksiz tutulur.

Aksizli mallara içməli spirt, pivə və spirtli içkilərin bütün növləri; tütün
məmulatları; neft məhsulları; minik avtomobilləri (xüsusi nişan və
avadanlıqlarla təchiz olunmuş xüsusi təyinatlı avtonəqliyyat vasitələri istisna
olmaqla); istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə
tutulan digər üzən vasitələr; idxal olunan platin, qızıl, ondan hazırlanmış
zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə
salınmış və bərkidilmiş almaz; idxal olunan xəz-dəri məmulatları və sair
daxildir.

Aksiz dərəcələrinin artırılması ən çox istehlak olunan, alqı-satqısı çox olan
məhsullar üzrə həyata keçirildiyindən büdcə gəlirlərini artırmaq məqsədi
daşıyır. İldən-ilə bir sıra vergi və rüsum güzəştləri tətbiq olunur ki, bu da
büdcənin müəyyən istiqamətlər üzrə gəlirlərini azaldır. Bunun da yerini
doldurmaq üçün aksiz vergisi üzrə dərəcələrinin artırılması ən effektiv
addımlardan biri hesab olunur.

Builki artımlarda da məqsəd, dövlət büdcəsi gəlirlərinin artmasına nail olmaq
daşıyır. Bu il də bir sıra vergi güzəştləri tətbiqi mövcuddur ki, ümumiyyətlə,
bəzi stimullaşdırıcı tətbiqlər baxımından gəlirlər azalacaq. Odur ki, bunu
kompensasiya etmək üçün aksiz dərəcələrini yüksəltmək zəruri sayılırdı.

Həm də ki, sözügedən addım ilk dəfə deyil atılır. Aksiz dərəcələri son illərdə
tütün məmulatları və alkoqollu içkilər üzrə bir neçə dəfə artırılıb. Və bu,
demək olar heç bir hər hansı mənfi tendensiya doğurmayıb. Çünki aksiz
dərəcələri artırılan adıçəkilən məhsullar əhalinin ən çox tələbat duyduğu
zəruri istehlak malları sırasına daxil deyil. Odur ki, ölkədəki sosial duruma
təsiri olmur.

Müəyyən zaman fasilələri ilə bu cür addımlar atılıb və atılacaq.

Həmçinin, ortada Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən sözügedən məhsullar
üzrə aksiz dərəcələrini 60-65%-ə çatdırmaq tövsiyəsi də var. Lakin bu siyasəti
davamlı olaraq həyata keçirilmək də məqsədəuyğun deyil, ola da bilməz. Xüsusən
də alqı-satqısı geniş xarakter daşıyan məhsullar üzrə… Büdcə gəlirlərinin
artırılması üçün həyata keçirilən bu siyasətin bəlli bir həddi var ki, bunu
nəzərə almaq vacib sayılır.

Belə ki, davamlı və əsassız artım, əks effekt yarada, gəlirlərin azalması,
bazarda qanunsuz və qeyri-normal rəqabətin ortaya çıxması kimi hallar ortaya
çıxara bilər. Və nəticədə istənilən səmərə əldə olunmaz. Odur ki, alqı-satqı
üzrə dövriyyəsi yüksək xarakter daşıyan məhsullar üzrə aksiz və vergi
dərəcələrinin artırılması ümumi tənzimləyici iqtisadi siyasət kontekstindən
kənara çıxmamalıdır.

Source link