6cc97d56-1390-480e-bc01-91414f500bb6..jpg

Aksiz dərəcəsi və qıtlıq: “Mümkündür ki, bəzi siqaretlərin tərkibində heç tütün olmasın” – AÇIQLAMA + FOTO

Baxış sayı: 735 dəfə baxılıb.

Aksiz dərəcəsi və qıtlıq: “Mümkündür ki, bəzi siqaretlərin tərkibində heç
tütün olmasın” – AÇIQLAMA + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Maliyyə Nazirliyinin 2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrinin
təqdimatında tütün məhsullarının aksiz dərəcələrinin artırılması öz əksini
tapmışdı.

Məlumata görə, Vergi Məcəlləsində ediləcək dəyişikliklərə əsasən, aksiz
dərəcəsi artırıldıqdan sonra siqarillanın (nazik siqarlar) hər 1 000 ədədi üçün
aksiz ödənişi 43 manatdan 45,5 manata, tütündən hazırlanan siqaretlər və
onların əvəzedicilərinin hər 1 000 ədədi üçün 38,5 min manatdan 45,5 manata
çatacaq.

Bəzi ekspertlər siqaretin qiymətinin artacağını bildirmişdilər. Hətta bir ədəd
siqaretin maya dəyərinin 2,5 qəpik artacağını açıqlamışdılar.

Bazarda siqaret qıtlığının yaşandığı ilə bağlı məlumatlar var. Topdansatış
müəssisələrinin proqram təminatında nasazlıq müşahidə olunub. Hətta noyabrın
3-də fərqli markalardan olan aksizli siqaretlərin satışa çıxarılacağı vəd
edilsə də, hələ də satışda həmin siqaretlər yoxdur. Məhsulun nə vaxt bazarlara
çıxarılacağı bilinmir.

Bəs görəsən, siqaret qıtlığı aksiz dərəcələrinin artırılması iləmi bağlıdır?

Mövzu ilə bağlı Cixisyolu.com-a açıqlama verən iqtisadçı-ekspert Fuad İbrahimovun
sözlərinə görə, aksiz ödənişlərinin 65 manata qədər qalxacağı proqnozlaşdırılır:

“Aksiz dərəcələrinin artırılmasını Ümumdünya Səhiyyə Təşkilatı beynəlxalq
konvensiyaların tələblərinə inteqrasiya etmiş ölkələrin qarşısına hədəf kimi
qoyub, özü də bu hədəf kifayət qədər yüksəkdir. Yəni aksizlər üzrə ödənişlərin
hətta 65 manata qədər qalxması proqnozlaşdırılır. Amma bu, tədricən həyata
keçiriləcək.

Göstəricilərə nəzər yetirsək, görərik ki, siqaretin hər min ədədi üçün aksiz
ödənişi 38,5 manatdan 45,5 manata qədər yüksələ bilər. Yəni siqaretin hər
dənəsində dörd qəpik bahalaşma olacaq”.

Ekspert qeyd edib ki, bu hesabla bir qutu siqaretin qiymətində 80 qəpik artım
müşahidə olunacaq:

“Siqareti gətirən şirkətlər bahalaşma dövrünü gözləyərək anbarlardakı mövcud
siqaretləri, çox güman ki, hələlik satışa çıxarmayaraq süni şəkildə qıtlıq
yaratmaqla bahalaşmasını təmin edəcəklər. Beləliklə, bir qutu siqaret 80 qəpik
bahalaşacaq.

Siqareti bazara gətirən sahibkarlar aksiz dərəcələrinin artırılmasından öz
maraqları çərçivəsində istifadə edirlər. Belə proses həmişə olub, olacaq da”.

İqtisadçı Rauf Qarayev Cixisyolu.com-a açıqlamasında bildirib ki, tütün məmulatları
büdcəyə gəlir gətirdiyi üçün aksiz dərəcələrinin artırılması, demək olar ki,
hər il gündəmdə olur:

“Büdcənin əsas gəlirlərinin formalaşmasında tütün məmulatları və alkoqollu
içkilərin bəlli payı var. Düşünülür ki, bu məhsulların aksiz dərəcələrinin
artırılması sonda büdcənin gəlirlərinin artmasına gətirib çıxaracaq.

Təbii ki, büdcə gəlirləri qismən artır. Qiymət artımı da olur. Tələbatla bağlı
boşluğu doldurmaq üçün İran bazarı təklif olunur. İrandan gətirilən siqaretlər
isə nisbətən ucuz olsa da (1,6-1,7 AZN), keyfiyyət baxımından standartlara
cavab vermir. İnsan orqanizminə fəsadları daha çoxdur”.

Ekspert qeyd edib ki, qiymətlər qalxsa da, tələbat əvvəlki kimi olacaq:

“Siqaret asılılıq yaratdığı üçün tələbat daim olacaq. Siqaret dünya üzrə
gəlirli bazarlardan hesab olunur. Yəni qiyməti artsa da, alanları tükənməyəcək.
Bəzən aksiz dərəcələri olmayan siqaretləri satış rəflərində görmək olar. Ola
bilsin ki, keyfiyyətsiz siqaretlərin bazarda ümumi çəkisi də artsın. Tələbatın
ödənilməsi üçün hətta ola bilər ki, həmin siqaretlərin tərkibində heç tütün
olmasın.

Təəssüf ki, bir çox məqamlarda bizdə hansısa bir addımı atanda bazar təhlil
olunmur, lazımi məqamlar nəzərə alınmır. Mümkün fəsadlardan qaçmaq üçün yaxşı
olar ki, ekspertlərin də rəyi öyrənilsin”.

Nəzrin Vahid

Source link