Aktyor Səmimi Fərhad: “Kinoya bir milyon manat ayrılır, onun cəmi 300 mini
filmə xərclənir” – MÜSAHİBƏ + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Məndən həmişə istifadə ediblər. Niyə? Çünki bilirlər ki, mən üç manat alsam
da, işimi düzgün, vicdanla görürəm, üç min alsam da”.
Bu fikirləri “Nar bağı”, “Suğra və oğulları”, “Əqrəb mövsümü” kimi film və
seriallarda spesifik xarakterlər yaratmış aktyor Səmimi Fərhad APA-ya
müsahibəsi zamanı deyib.
– …“Nar bağı”ndan söz düşmüşkən, qeyd edim ki, mənim filmoqrafiyamda 5 yaxşı
film varsa, onun ikisi həm yaxşı rejissor, həm də yaxşı dost İlqar Nəcəfin
işidir.
“Suğra və oğulları” filmində Əhəd obrazı baş rol olmasa da, ümumi karyeramda
mənə ən yaxın obraz olmağı ilə bütün filmlərimdən fərqlənir. “Nar bağı”
filmindəki roluma – Qabil obrazına gəlincə, bu barədə çox danışmaq olar. Mən
Qabili belə görür, belə hiss edir və belə oynadım ki, Qabil həmişə öz
xətalarını böyük bəlaya çevirən adamdır. Lap başdan səhv qərar verir və bu
səhvdən sonra bütün ömrü boyu nəyisə qaydasına qoymaq üçün daha böyük səhvlər
etməyə məcbur qoyur özünü. Finaldakı qərar da məhz bu səhvlərin yekunu idi.
– Səmimi bəy, Laçındansınız.
– Bəli, Laçının özündən.
– Bir müddətdir, Laçına köç prosesi davam edir. Hətta bir neçə yaradıcı, sənət
adamı da qayıdıb öz yurduna. Sizin bu barədə fikriniz nədir?
– Təbii ki, Laçına köçəcəyəm. Fikrim Laçına köçmək, orada yaşamaq və elə orada
da ölməkdir. Sadəcə, evimizin hazır olmasını gözləyirəm. Hazır olana qədər də
deyim ki, çox səbirsizlənirəm. Hətta tez-tez gedirəm. Burada yuxularımı
qatıram, yuxusuz oluram, yata bilmirəm. Buna görə də, bir növ, terapiya kimi
gedib oraları gəzib qayıdıram. Yaxşı da təsir edir.
– Son dönəm bir xeyli kino və seriallara çəkildiniz və xarakterik obrazlar
yaratdınız. Bunun da nəticəsində aktyor kimi əməllicə populyarlıq qazandınız,
daha çox tanındınız.
– Təşəkkür edirəm. Amma inan ki, mən hələ də bilmirəm, tanınmaq nəyə
deyirsiniz…
– Yəni əvvəlki Səmimi Fərhada olan münasibətlə indikinin fərqli olması.
Məsələn, bu terrasa qalxana qədər rastınıza çıxan adamların münasibəti…
Məşhur olduğunuzu hiss eləmirsiniz?
– Aydındır. Bilirsiniz, mən sırf bu məqsəd üçün çalışmamışam. Mənim məqsədim
içində olduğum işi daha yaxşı görməkdir. İşimin daha keyfiyyətli alınmasından
başqa nəsə düşünmürəm. Populyarlıq deyirsiniz, daha əvvəllər də populyar
olmağım üçün şanslarım olub, hətta daha sürətli. Amma mən bir az əziyyətli yolu
seçdim. Sizə açıq deyim, bu gün Azərbaycan kino cameəsində nə olursa-olsun,
fərqi yoxdur, hər şey axırda gəlib aktyora dəyir. Əziyyəti o çəkir. Tutaq ki,
layihə üçün bir milyon manat ayrılıb, onun vur-tut 300 mini film üçün
xərclənir, yerdə qalan 700 min yoxa çıxır. Bilmirsən ki, bu hara getdi? Amma
faktdır ki, o 700 min ortada yoxdur. Belə olan halda, texniki problem yaranır,
filmin hazırlıq prosesində problem yaranır… Bütün sahələrdə axsaqlıq baş
verir. Sənə qədər ssenaristi var, rejissoru var, operatoru var, ikinci
rejissoru var… Ən sonda sənsən. Aktyor. Bu adamlar da, əlbəttə, əziyyət
çəkir, işləyirlər, amma ona uyğun qonorar, maaş almırlar. Aktyora çatanda
deyirlər ki, bəs bağışla, texnikaya pulumuz çox çıxdı. Azərbaycan reallığı
ondan ibarətdir ki, tanındıqca daha da geri düşürsən. Sənin həmkarın
yavaş-yavaş səni istəmir.
– Paxıllıq…
– Mən, düzü, onun adının nə olduğunu bilmirəm. Amma hiss edirəm. Mənim üçün
qibtə anlayışı var. Bu, normal bir hissdir. “Qardaş, nə gözəl köynəyin var,
sağlığına qismət, mənim də olsun”, – bu qibtədir, paxıllıq deyil. Paxıllıq odur
ki, bu köynək niyə səndə var? Niyə? Olmasın.
Müğənni toyun birində yaxşı oxuyursa, toydan toy tutur. Amma aktyor sənəti
belə deyil. Bizdə sən öz işində yaxşısansa, irəli getməkdənsə, daha da geri
düşürsən. Çünki gərək məcbur bir müddət gözləyəsən. Yenə dolasan, dolasan,
dolasan və haradasa bir partlayış ola. Bəs buna qədər məişət xərcləri, sənin öz
xərclərin, ailə xərclərin… Bunlar necəsə qarşılanmalıdır, ya yox?! Mən bir
sıra xarici layihələrdə də olmuşam və orada özümü aktyor kimi hiss etmişəm.
Burada isə yox.
– Burada aktyor kimi hiss eləməyə imkan vermirlər?
– Yox, burada mümkün deyil.
– Bütün bu saydıqlarımız həm də kinomuzun indiki böhran dövrünün nəticəsidir,
məncə.
– Qardaş, böhran nəyə deyirsiniz? O qədər pullar ayrılır. Dövlət də ayırır,
özəl təşkilat və kanallar da.
– Amma nəticəni görmürük.
– Görmürük. Çünki layihə üçün, məsələn, 50 seriya danışılıb, onun 7 seriyası
bitər-bitməz artıq ortaya şəxsi mənafelər girir. Tələsmə də. Öz rifahın üçün
bir az səbirli ol, nə olar ki? Bu pul onsuz da gəlir, davamlıdır, niyə
tələsirsən? Axı işin keyfiyyəti ölür. Sən aktyoru, bəstəkarı, rejissoru,
operatoru narazı qoya-qoya işin keyfiyyətinə birbaşa təsir edirsən. Ona görə də
serialların çoxu bu məsələlərə görə uğursuz olur, dayandırılır. Mən belə
problemləri çox yaşamışam.
– Aydındır. Yaxşı səs tembriniz var. Nə əcəb dublyajla məşğul deyilsiniz?
– Çünki mən dublyajın peşəkarı deyiləm. Bu sahənin öz peşəkarları var.
– Amma inkişaf etdirmək olar.
– Olar. Amma mən istəmirəm. Çünki özümü o sahədə inkişaf etdirsəm, kinoda
olmayacağam. Adam var, universaldır, çox gözəl. Mümkündür. Amma mən universal
deyiləm. Həm filmə çəkilim, həm dublyaj işində, həm teatrda, hələ bir vaxt edib
tamada da gedim. Yox. Olmur.
– Bax, tamada deyirsiniz…
– Üzr istəyirəm, məndən həmişə istifadə ediblər. Niyə? Çünki bilirlər ki, mən
üç manat alsam da, işimi düzgün, vicdanla görürəm, üç min alsam da. O adamın
əlində müəyyən büdcə ola-ola mənim halal pulumu kəsirsə, məni istismar etmiş
olur. Mən də həmişə aldanıram. Vallah, adım kimi səmimiyəm. Qeyri-səmimilik
mənlik deyil.
– Baxın, aktyora, ümumən kino adamına dəyər məsələsindən danışdıq. Deyirsiniz,
dublyaja getmirəm, tamada olmaq istəmirəm. Yəni aktyorluqda peşəkar olmaq üçün
bunlardan imtinanı gözə almısınız. Bəs bu imtinalardan sonra aktyor kimi dolana
bilirsiniz?
– Nihat bəy, mənim 44 yaşım var. Və mən bu gün evin uşağıyam. Ailəm və
qohumlarım tərəfindən mənə hər zaman dəstək olub. Onun içində təzə maşın da
olub, ev də. Bu dəstəklər ona görə olub ki, eybi yoxdur, sən sənətinlə məşğul
ol. Çünki mən bu sənəti sevirəm. Uşaqlıqdan incəsənətə marağım olub. Laçınlı
bir qonşumun sayəsində rəssamlıq qabiliyyətimi bir xeyli inkişaf etdirmişəm.
Daha sonra musiqi təhsili almışam. Və heç bir təhsilim olmaya-olmaya Kukla
Teatrında rəhmətlik Rəhman Əlizadənin yanına getmişəm. Orada da bir müddət
qaldım, bir neçə tamaşaya baxdım, ardından məni radiodan çağırdılar. Bir az da
onunla məşğul oldum. Bütün bunların hamısı mənim aktyor kimi formalaşmağımda
pay sahibidir.
– Yəni konkret olaraq, aktyor qonorarına qalsa, dolanışıq…
– Yox. Qətiyyən mümkün deyil. Mənim kreditlərim var, ayrı-ayrı müxtəlif
xərclərim var. Yəni Əlinin papağını Vəlinin başına qoyuram, Vəlinin papağını da
Əlinin.
– Onda toylara tamada kimi gedənləri niyə qınayırıq?
– Mən qınamıram ki!.. Bilirsiniz, mən qınadıqlarımı yaşamışam, ağladığıma
gülmüşəm, güldüyümə ağlamışam.
– Ümumiyyətlə, il ərzində nə qədər filmə, seriala çəkilirsiniz? Özünüz üçün
statistika varmı?
– Vallah, həmkarlarım tez-tez zarafat edirlər ki, sən niyə ağlayırsan?
Hamımızdan çox sən çəkilirsən.
Amma inanırsınız, bir ay işləyirik, beş ay bikar qalırıq. Bu reallıqdır. Yox,
mən şükür eləyirəm. Narahat deyiləm. Əgər qıraqdan gəlir yerim olsa,
stabilliyim olsa, heç korluq çəkmərəm. İldə bir bədii film düşə, çəkiləm,
sevinərəm. Məsələn, indi Rusiyadan təklif almışam.
– Axı aktyor qıraqdan gəlirinin olmasını düşünməməlidir…
– Əlbəttə, düşünməməlidir. Amma Azərbaycan reallığı budur. Mənim ya sənətimdən
elə gəlirim olmalıdır ki, normal dolanım və o sənətlə məşğul olum, ya da ümumən
kənardan gəlirim olmalıdır. İyun ayında Sankt-Peterburqda yaxşı bir layihə
gerçəkləşəcək. Mən də varam orada. Həmkarlarımızın illərdir, düşmək istədiyi
proyektlərdəndir ki, mən düşmüşəm. Bu artıq Rusiyada çəkildiyim ikinci filmim
olacaq. Sizi inandırım, oradan alacağım pulu indidən xərcləməyə başlamışam.
Burada məni əməlli-başlı gülmək tutur. Müsahibim də qarşılıq verir.
– … Yəni belə. Reallıq budur. Gülək, keçək. Belə olan halda, məcbur qalırsan
ki, nəyisə satasan, kreditə girəsən, sonra yenə kredit. Çünki lazımdır. Bunlar
olmasa, çətindir. Məni vəziyyətdən onlar çıxarıb. Yaxşı, bəs bu sahədən normal
gəlirim olsa, sataram? Kreditə girərəm? Yox, satmaram. Girmərəm. İndiki halda,
nəyisə satmasan, kreditə girməsən, alınmır.
– Deyirsiniz, Rusiyadan təklif almısınız. Əvvəllər də başqa layihələrdə
iştirak etmisiniz. Yaxud bizə yaxın Türkiyə kino sənayesi olsun. Müqayisə edəsi
olsaq…
– Türkiyə ilə müqayisə etmək mümkün deyil. Türkiyə coğrafiya olaraq həm böyük
ölkədir, həm də artıq dünyanın 125 ölkəsinə serial və film satır. Hələ mən
təxmini altı-yeddi ilin statistikasından danışıram. Yaxşı gəlin baxaq, bizdə
televiziya neçənci ildə yaranıb? 1956-cı ildə. Bəs Türkiyədə? 1974-cü ildə.
Onlar bizdən 20 il geridə ola-ola artıq bizdən 20 ildən də çox qabaqdadırlar.
İnkişaf ediblər.
– Çünki sistem düzgün qurulub.
– Bəli. Tamamilə. Ötən il mədəniyyətlə bağlı bir neçə forum oldu. Mən heç
birində iştirak etmədim. Məndən ağıllı o qədər adamlar var… Mən kiməm ki,
yaşlı, təcrübəli, o qədər böyük kino, incəsənət adamlarımız var. Amma
yığışırlar bir yerə, illərdir, nəyisə həll edə bilirlərmi? Yox. Guya mən gedib
nəyisə təklif etsəm, nə olacaq?
Xalq artisti Qurban İsmayılovun yaxşı bir təklifi var, məsələn. Xankəndidə
regional teatr açılsın. Nə gözəl! Ay qardaş, burada 150 nəfər aktyora ştat
verirsiniz, maaş verirsiniz, biri tamaşada nizə tutur, biri nə bilim, nə. Dörd
ildən bir səhnəyə çıxır, ya çıxmır. Bunların hamısı yaxşı aktyor deyil ki…
Amma hamısına filan qədər maaş verirsiniz. Amma regional teatr inkişaf
etdirilsə, bu sizi də xilas edər…
Söhbətimizin bu yerində Səmimi Fərhad fotoqrafımıza baxıb onun nəsə tanış
gəldiyini deyir. Məlum olur ki, onlar, doğrudan da, tanışdılar. Müsahibəyə
başlamağımızdan xeyli keçməsinə baxmayaraq, təzədən öpüşüb-görüşürlər.
Söhbətlərinə müdaxilə etməsəm də, nəsə qalmaqal, mübahisə motivi hiss edirəm.
Bu da növbəti sual üçün fürsət olur.
– Səmimi bəy, tez-tez adınız həmkarlarınızla – Hikmət Rəhimov, Abbas
Qəhrəmanov kimi aktyorlarla qalmaqallarda hallanır.
– Mənim heç kəsdən gizlin sözüm, əməlim olmayıb. Həmkarlarımızın bəziləri
yaxşını götürmür. Dəfələrlə olub ki, yanımda onun arxasınca danışıblar. Bunu
tək mən eşitmirəm, orada səs rejissoru da eşidir, başqası da, o da, bu da. Bu
şeyləri görürəm, dözə bilmirəm. Deyirəm, qurban olum, həyatda oynadığınız bu
rolları, obrazı sənətə qoysanız, daha böyük uğur qazanarsınız. Bəzən baxırsan
ki, həmin adamlar kinoda mənfi xarakter yaratmaqdan qaçır. Amma mən səni
tanıyıram axı. Sən elə busan. Əslində, elə özünü oynamalısan. Oyna da. Sizə bir
şeyi də deyim, bu adamlar əvvəlcədən kastinqə kimlərin gələcəyini də
öyrənirlər. Sən bunu niyə öyrənirsən ki? Buna nə ehtiyac var? Hansısa əyalət
aktyoru olsun, ya başqa tanınmış biri, lap belə Haluk Bilginer. Nə fərqi? Sənin
öz işin var da. Bunları düşünürsənsə, qovursansa, bəs sənət? Bəs yaradıcılıq?
Belə şeyləri deyəndə də oluram neqativ püskürən, qalmaqal sevən və sair.
Mən ssenarini bircə dəfə oxuyuram, ümumi vəziyyəti bilirəm. Aktyora nə
lazımdır? Vəziyyət və münasibət. Başqa heç nə lazım deyil. Vəziyyət nəyi tələb
edirsə, ona uyğun münasibət qurmalısan. Vəssalam. Mən belə düşünürəm. Motor
verilən anda həmkarımla bağlı heç nə düşünə bilmirəm, özüm haqqında heç nə
düşünə bilmirəm. Bu adamlarda elə deyil, fikirləri orada qalır, oradan ayrıla
bilmirlər. Ədəbi materialın içinə girməlisən, aktyor olaraq sənin daxili
monoloqun olmalıdır.
– Bəs rejissorlarla münasibətiniz necədir?
– Normal. Mənim problemim prodüserlərlə olub, o da pul üstündə. Və rejissora
da xəbərdarlıq eləmişəm, demişəm ki, bax, məni dəvət elədin, sağ ol, sənə dedim
ki, mən o adamla işləmişəm, həmin vaxt çoxlu çətinliklər çəkmişəm. Tanıyıram,
istəmirəm bu adam bizim münasibətimizə girsin. Eləməyək, sağlıq olsun, başqa
vaxt yaxşı iş olar, işləyərik. Belə olanda da işləmirlər mənimlə. Ona görə yox
ki, mən problemli adamam, yox, ona görə ki, mən problemi tapıb çıxarıram,
göstərirəm.
– Aydındır. Səmimi bəy, son dövrlərin dəbidir ki, vayner və bloqerlər böyük
filmə gəlirlər. Sizin münasibətiniz necədir?
– Normal.
– Normal?
– Bəli, tamamilə. Bu tək Azərbaycanda deyil, bütün dünyada belədir. Gəlsinlər.
Doğruldanı da var, doğrultmayanı da.
– Niyə hər adam gəlib aktyor olsun ki? Buna nə ehtiyac var?
– Onlar filmə gəlsə belə, müəyyən işləri karikatur olur. Hamısını demirəm.
Yəni zamanla proses özü tənzimlənir, ələnir.
– Bunu tamaşaçıların hamısı seçə bilmir axı…
– Qardaş, biz tamaşaçını çox zövqsüz qılırıq, tamaşaçı zövqsüz deyil,
tamaşaçıya nə verirsən, odur. Onların zövqünü sən korlamısan artıq. O qədər
bizim sahəyə aid olmayan adamlar var. Uğurlusu da olur, uğursuzu da. Yaxşı
alınanı da olur, alınmayanı da. Hətta elə olur, 40 il kreslo tutan
rejissorlardan da yaxşı alınır, milyonluq büdcə ilə iş görüb üzünə-gözünə
bulaşdıranlardan da. Dünənə qədər Emil Quliyev var idi? Beş-altı ildir də çıxıb
Emil Quliyev. Adam işləyir. Nə deyəsən? Bunu bacarır da. Zövqü də var.
– Və rejissor təhsili də yoxdur…
– Hə, yoxdur. Emil bizim sahədən gəlməyib axı, başqa sahədən gəlib.
– Yəni onda belə çıxır ki, adam keyfiyyətli iş təqdim edirsə, o sahə üzrə
təhsilə ehtiyac yoxdur?
– Yox, niyə yoxdur ki? Əlbəttə, var. Sadəcə, Emil bu sahəyə başqa sahədən
gəlib və Emil, sözün yaxşı mənasında, inqilab eləyib. Bu sektorda inqilab
eləyib. Artıq hamı Emillə rəqabət eləməyə başlayıb. Yaxud Elvin Rüstəmzadə var.
Emil Quliyevdən yaşca kiçikdir, amma kino savadı, kino təhsili baxımından,
sözsüz ki, daha savadlıdır. Demək istədiyim odur ki, keyfiyyətli
rejissorlarımız var.
– Keyfiyyətli rejissorlarımız var, aktyorlar var, müəyyən ssenarilər də
yazılır. Bəs niyə yaxşı film çəkilmir?
– Bu problemin kökünü bir həftə də oturub dayanmadan danışsaq, həlli bir yana,
heç tapa bilməyəcəyik.
– Aktyor və ədəbiyyat. Mütaliə edirsiniz?
– Düzü, mən bir az hövsələsiz adamam. Mütaliə bir yana, heç filmə də baxmağa
hövsələm yoxdur. Bir də qorxuram.
– Nə mənada qorxursunuz?
– O mənada qorxuram ki, nəyisə oxuyaram, ya baxaram və o mənim təhtəlşüurumda
qalar, sonra təkrarçılıq edərəm. Ona görə çalışıram ki, nə tapıramsa, nə
eləyirəmsə, vəziyyətə uyğun öz münasibətimi sərgiləyim.
– Onda mütaliə etmirsiniz?
– Deyirəm axı, həvəsim olanda…
– Yaxşı, sualı daha konkretləşdirək: sonuncu dəfə hansı kitabı oxumusunuz?
– Yox, qardaş, sən məndən elə şeylər soruşma, yadıma düşməz, vallah. Oxumuşam,
yarı-yarımçıq, hansısa tədbirdə kiminsə kitabı bağışlanır, vərəqləmişəm,
baxmışam, sonra atmışam, qalıb.
– Bu mütaliə deyil axı…
– Nə bilim…
– Bəs heç ehtiyac hiss eləmirsiniz? Aktyor kimi mütaliəyə ehtiyac hiss olmur?
– Mütaliə ehtiyacı olmayan insan yoxdur. Kitabı başının altına qoyub yatan
həmkarlarım var, amma icrada heç nə yoxdur.
– Filmlərə də baxmırsınız. Son dəfə…
– Yazıram, qısa metraj film ssenariləri yazıram.
– Çəkmisiniz o qısametrajlı filmləri?
– Çəkdiklərim də var, çəkmədiklərim də.
– Bir aktyor, məncə, davamlı olaraq mütləq filmə baxmalıdır.
– Kitabı deyə bilmərəm, amma axırıncı baxdığım filmi deyə bilərəm. “Dark”
serialı. Üç sezon idi, hamısına baxdım.
– Başa düşdünüz?
– Beyin yandırıcıdır, razıyam, amma başa düşdüm. Başlığında bir müddət küsdüm,
incidim, baxmadım. Amma sonra yenidən qayıtdım.
– Bəs, məsələn, son illərin “Oskar” filmlərinə baxmırsınız? Ən azından,
səs-küy yaradanlara…
– Bilirsiniz, mənim janrım bir az fərqlidir. Bu cür janrda olan filmləri
sevmirəm.
– Olsun sənət filmləri. Kann, Venesiya film festivallarında uğur qazanan
filmlər.
– Məsələn, Nuri Bilge Ceylana baxıram. Çox uzağa getməyək, İran filmlərinə
baxıram.
– Nuriyə baxmısınızsa, deməli, səbirli adamsınız. Nuriyə mən üç-dörd cəhddə
baxıram.
– Mən fantastik və kəskin süjetli filmlərin səbirsiziyəm. Görürəm ki, burada
filan səhnə filan şeyin xətrinə çəkilib. Ona görə də hövsələm çatmır.
– Səmimi bəy, deyirlər, aktyor teatrda cilalanmalıdır.
– Razıyam.
– Bəs siz teatrda cilalalanmısınız?
– Mən işləmişəm teatrda. Az olub, amma işləmişəm. 2000-ci ildən 2003-ə qədər.
Sonra fasilə yarandı, 2008-ci ildə də yenidən bir müddət teatr fəaliyyətim olub.
– Hansı teatrda?
– Gənc Tamaşaçılar Teatrında.
– Bəs niyə davamlı olmadı ki?
– Vallah, nə deyim, o vaxt, yəqin məni başa düşməyiblər, ya mən kimisə başa
düşməmişəm. Bir az emosional adamam. Daha çox mənim adım dava-dalaşla
hallanırdı.
– İndi də elədir.
– Hə, mənim adım həmişə söz-söhbətlə çıxıb. Sadəcə olaraq adam var ki, həzm
eləyir, üzə gülür, mən elə eləyə bilmirəm. Həmin anda nə isə deməliyəm.
– İndiyə qədər çəkildiyiniz filmlərdə ən mükəmməl obrazınız hansı olub, sizcə?
– Buna aktyor olaraq heç vaxt qərar verə bilməzsən.
– Ümumiyyətlə, özünüzdən razı qalırsınız?
– Hə, razı qaldıqlarım da olur, narazı da.
– Kino sektorunda həqiqi, səmimi dost dediyiniz adamlar var?
– Azdır, barmaqla sayılır.
– Həmin adamların xahişi ilə hansısa rola qonorarsız çəkildiyiniz olub?
– O qədər olub ki… Səkinin qırağında dönər yemişik, oradan da durub işimizi
görmüşük. Yəni hər şeyi pul həll eləmir. Yenə də deyirəm, üç manat da olsa,
demişəmsə, mən o işi vicdanla görürəm, görməliyəm. Çünki tamaşaçıya maraqlı
deyil ki, sən bu rol üçün pul almısan, ya yox, az almısan, ya çox. Tamaşaçı
deyir ki, bu yaxşı oynadı, ya da pis oynadı. Vəssalam.
– Yaratmaq istədiyiniz obraz var?
– “Kefli İsgəndər” rolunu istəyirdim, amma mən bu rolu bu qədər səliqəli
istəmirəm. Çünki kefli İsgəndər elə şeylər danışır ki, vallah, heç vaxt
qoymazlar, yaşasın. Bunu maksimum bivec kimi göstərmək lazımdır. Bəhlul
Danəndəni xilas edən onun Danəndəliyi yox, divanəliyi idi. Eləcə də kefli
İsgəndəri elə təqdim etməlisən ki, onun bivecliyi və əyyaşlığı onu xilas eləsin.
– Bəs bizim kinonu nə xilas eləsin?
Bu sual söhbətimizi başa qaytarmağa, təzədən problemi axtarmağımıza rəvac
verir. Amma artıq hava qaralır və külək də güclənir… Ona görə də hələlik
sualı cavabsız qoyuruq…