Aktyor Ziya Ağa: “Maaş indikindən beş dəfə artıq olsa, teatr da inkişaf
edəcək, kino da” – MÜSAHİBƏ + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bu gün teatr sanki yeni dövrünü yaşayır. Yeni dövrün öz qaydaları, teatrın isə
öz qanunları var. Teatr indi inkişafının hansı mərhələsindədir?“Kaspi”
qəzeti bununla bağlı aktyor, rejissor və prodüser Ziya Ağa ilə söhbətləşib:
– Bu gün teatrda pafosa ehtiyac varmı?
– Teatrda pafos, teatrallıq olmalıdır. Sadəcə, sovet və ya artıq klassikləşmiş
pafos lazım deyil. Biz bəzən süni oyunla pafosu qarışdırırıq. Bunlar ayrı-ayrı
şeylərdir. Mən indi buradakı kimi səmimiyyət və sürətlə səhnədə də danışsam,
bu, düzgün olmaz. Bunun üçün kino var. Əgər sən çəkməçi Akif dayını yox,
Şekspirin “Otello”sunu oynayırsansa, pafosun olmalıdır. Amma bu pafos süni yox,
düzgün və yerində səslənməlidir. Fuad Poladovdan çox pafosla oynayan yox idi.
Amma onu hamı sevirdi. Çünki insan bütün səmimiyyəti ilə oynayırdı.
“Nəyə lazımdır o tamaşa?”
– Dekonstruksiyalara münasibətiniz necədir?
– Dekonstruksiya zamanı əgər rejissor və bütün heyət işi sevərək edirsə, heç
kimin heç kimə nifrəti yoxdursa, sadəcə yaxşı bir iş görmək naminə
birləşiblərsə bu, yaxşı iş olacaq. Bəzən deyirlər ki, klassiklərə toxunmaq
olmaz. Sual çıxır. “Otello” bütdürsə, toxunmaq olmazsa, hər şey yazılan kimi
olmalıdırsa, onda rejissor baxışı nəyə lazımdır? Elə aktyor əsəri oxusun, necə
var, elə də oynasın. Əsərdə replikalar var, remarkalar var. Vəssalam! Yəni bir
tamaşada rejissor baxışı, rejissor quruluşu yoxdursa, nəyə lazımdır o tamaşa?
Həmçinin əsərlərə yeni nəfəs verilməli, lazım gəlsə yeni dövrə uyğun
dekonstruksiya da olunmalıdır.
– Teatrın inkişafı, sizcə, hansı səviyyədədir?
– İndi dünyada teatr elə inkişaf edib ki… Bilmirsən kinoya baxırsan, yoxsa
tamaşaya. Tamaşada bu boyda həqiqət olmamalıdır. Bizdə və Rusiya teatrlarında
hələ də bu şərtilik qalıb. Vidadi Həsənovun bir sözü qulağımda sırğadır:
“Teatrı aktyora qaytarmaq lazımdır”. Musiqi, görüntü, dekorasiya, işıq, səs
effektlərinin tamaşaçıya toxunması üçün kino var. Tamaşada auditoriyaya aktyor
toxunmalıdır oyunu ilə. Aktyor zalda oturan neçə yüz insanın enerjisini özünə
alır, özü də ona enerji ötürür. Ən gözəl mübadilə budur.
“Budaq sınacaq, hər ikisindən də olacağıq”
– Teatrların repertuarından razısınız?
– Bu gün hamı yeniliyə qaçır. Amma bizim hələ “Əlifba”da qalan problemlərimiz
var. Qayıdıb onları düzəltməliyik. Çox sadə, düzgün dramaturji materialları
götürüb, düzgün xətti olan bir tamaşa qurub, doğru oynayan aktyorlarla tamaşa
dünyaya gətirməliyik. Birinci o mərhələni keçək, ondan sonra repertuarı
yeniləməkdən, yeniliklər etməkdən danışarıq. Biz hələ o mərhələyə keçməmişik.
Biz ölkə üzrə bu mərhələni adlamalıyıq. Həyatını buna sərf edən, əsər, roman
yox, sırf teatr üçün pyes yazan dramaturqumuz yoxdur. Nə vaxt ki dramaturqumuz
olar, bir-birimizi pisləyə-pisləyə yox, sevə-sevə keçərik gözəl işlər görməyə.
Ondan sonra artıq kim yenilik istəsə edər, kim də istəsə klassik üslubu
qoruyar. Amma kökü möhkəmlətmədən, budaqlara keçmək olmaz. Budaq sınacaq, hər
ikisindən də olacağıq.
– Ümumiyyətlə, bu gün teatrlarımızda nə çatışmır?
– Teatrlarda maaş azdır. Ən böyük problemlərdən biri budur. Obyektiv yanaşsaq,
ölkədə elə teatrlar var ki, peşəkarlıq baxımından YUĞ teatrından qat-qat aşağı
səviyyədədir, amma daha çox maaş alırlar. Söz verirlər, amma nədənsə düzəlmir.
Başqa teatrlarda aktyor, rejissor, rəssam sayı daha çoxdur. Yüz nəfərlik
heyətin içində baxırsan ki, 30 nəfər peşəkardır. YUĞ teatrında isə aktyorlu,
rejissorlu cəmi elə 30 nəfər olar. Onların demək olar ki, hamısı peşəkarlardır.
Teatr 35 ildir ki, aktiv fəaliyyət göstərir, amma diqqət ayrılmır. Nəzərə almaq
lazımdır ki, alınan maaşla insanlar ailə dolandırır. Maaş indikindən beş dəfə
artıq olsa, teatr da inkişaf edəcək, kino da.
Bundan başqa, dünyanın hər yerində aktyorlara universitetdə səhnədə oynamağı
öyrədirlər, amma düzgün məşq eləməyi yox. Məşq etmək qaydaları üslubu yoxdur.
Baxırsan ki, hərə bir cür edir. Bunun da bir sistemi olmalıdır.
“Teatr ruhumu sığallayır”
– Tamaşa nə vaxt uğurlu olur?
– Haqqında danışılanda. Biz bir tamaşa oynadıq. Hamı ondan danışmağa başladı.
Biri yaxşı deyirdi, biri pis, biri tamaşanın quruluşundan, digəri aktyor
oyunundan danışırdı. Yəni müzakirə mövzusuna çevrilmişdi. Hətta teatra aid
olmayan adamlar da ondan danışdılar. Mən heç bir fikrə reaksiya bildirmədim.
Əgər bir ay tamaşadan danışırlarsa, deməli, bu tamaşa var. Ola bilər ki, lap
yaxşı tamaşa oynayaq, amma o, hadisəyə çevrilməsin, heç kim ondan danışmasın.
Lap ona görə Xalq artisti adı alsan da, demək tarixə düşməyib, onu tanıyan
yoxdur.
– Niyə aktyor oldunuz?
– Kim tanınmaq istəyir, aktyor olur. Mən də şöhrət üçün, tanınmaq üçün
gəlmişəm. Əvvəl filmlərə çəkilmişəm, sonra teatrda oyanmışam. “Azdrama”da
işləməyə başladım. Gördüm ki, monitordakı görüntüdənsə, ona qədərki proses daha
çox xoşuma gəlir. Bu isə teatrda həmişə var. Adam bir mərhələdən sonra başa
düşür ki, ömrünü buna sərf eləmək istəyir. Kino mənim saçımı, teatr isə ruhumu
sığallayır.
– “Azdrama”dan niyə getdiniz?
– Getmək lazım olduğunu hiss etdinsə, gərək gedəsən. Özünə xəyanət etmək
olmaz. Azadlıq imtina etməkdən başlayır. Onu bacarmasan, heç nə edə
bilməyəcəksən. Sonra qayıtmaq da olar.