Aktyorlar nə düşünürlər: Azərpaşa Nemətovun yerinə kim gələcək? – FOTO
Akademik Milli Dram Teatrının bədii rəhbəri Xalq artisti Azərpaşa Nemətov
vəfat edib. Azərpaşa Nemətovdan sonra teatrın bədii rəhbərinin kim olacağı
maraq doğurur.
Bəs Akademik Milli Dram Teatrının aktyorları Azərpaşa Nemətovun yerində kimi
görmək istəyərlər?
Cixisyolu.com-ın əməkdaşı bu məsələ ilə bağlı teatrın aktyorları arasında sorğu
keçirib.
Xalq artisti Firəngiz Mütəllimova bədii rəhbər kimi görmək istədiyi xüsusi bir
şəxsin olmadığını söyləyib:
“Mən deyə bilmərəm. Kim məsləhətdirsə, o da gəlsin. Mənim üçün problem yoxdur.
Elə bir şəxs yoxdur ki, deyim ki, “mən onu görmək istəyirəm”. Mən öz işimdəyəm.
Teatrda fəaliyyət göstərirəm. Hərzamankı kimi tamaşalarımı oynayıram”.
F.Mütəllimova sonda əlavə edib ki, elə bir insan gəlsin ki, o, teatrın
dirçəlişində, əvvəlki hallara qayıtmasında bizə kömək olsun.
Xalq artisti Əli Nur həmkarı Xalq artisti Nurəddin Mehdixanlını bədii rəhbər
olaraq görmək istədiyini qeyd edib:
“Kadr məsələsi bizlik deyil. İstərdik ki, sənətini bilən olsun. Məndən olsa,
Nurəddin Mehdixanlı olar. Bədii rəhbər o seçilsə, Akademik Milli Dram Teatrı
inkişaf edər. Nurəddin teatrı qoruyar, eyni zamanda dünyaya çatdırar.
Nurəddinin seçilmiş kadr olduğunu düşünürəm”.
Ə.Nur teatrda rejissorların azlığından gileylənib:
“Rejissorların sayı artırılmalıdır. Tamaşaların keyfiyyəti rejissorlardan
asılıdır. Rejissor müdirik olur. Rejissor olsa, yaxşı teatr da olacaq”.
Əməkdar artist Hicran Nəsirova teatrı sevən birini bədii rəhbər olaraq görmək
istədiyini əlavə edib:
“Kim olacağını deyə bilmərəm. O, bizim görməyimiz, istəməyimizlə deyil. Elə
dəyişikliklər olur ki, insan danışa bilmir. Heç vaxt belə işlərə qarışmamışam.
Kim gəlirsə, gəlsin. Amma sənətdən başı çıxan biri olsun. Teatrı sevsin.
Yeniliklər gətirsin”.
Əməkdar artist Ayşad Məmmədov bu barədə düşünmədiyini bildirib:
“Mən heç sözün düzü, bu barədə fikirləşməmişəm. Çünki Azərpaşa müəllim dünən
bizi tərk etdi. Onu kimin əvəz edəcəyini düşünməmişəm. Teatr forumundayıq. Bu
barədə fikirləşmirəm. Bilmirəm kim ola bilər. Ağlıma da gəlmir. Başqa məsələlər
haqqında fikirləşirəm”.
Xalq artisti Səidə Quliyeva isə əlavə edib ki, bədii rəhbər kimin olacağı onun
üçün də maraqlıdır:
“Bizlik məsələ deyil. Nə isə deyə bilmərik… Mənə də çox maraqlıdır. Əsas
odur ki, layiqli biri olsun. Azərbaycan mədəniyyətinə töhfələr verən biri
olsun. Çox önəmli məsələdir”.
Əməkdar artist Anar Heybətov teatrda kimsənin bu məsələ haqqında düşünəcəyini
zənn etmədiyini vurğulayıb:
“Mən düşünməmişəm. Qısa zaman ərzində teatrda kimsənin düşünəcəyini zənn
etmirəm. Yəqin ki, kim məsləhət bilinər, o da olar. Əsas odur teatrı bilən,
sevən olsun”.
Əməkdar artist Elnar Qarayev bu suala cavab verə bilmədiyini deyib:
“Bu suala cavab verə bilmirəm. Xüsusi bir şəxs yoxdur. Ümumiyyətlə, mənim
tərəfimdən münasibət bildirmək də düzgün çıxmaz. Yaxşı olar ki, böyük
sənətkarlarımız münasibət bildirsinlər. Bu mövzuya münasibət bildirəcək biri
deyiləm”.
Mədəniyyət Nazirliyindən Cixisyolu.com-ın sorğusuna cavab olaraq bildirilib ki, bu
məsələ hələ ki, müzakirə olunmayıb:
“Azərpaşa bəy dünən dəfn olunub. Hələ ki, bu məsələ müzakirə olunmayıb.
Təyinat gündəmdə deyil. Olan zaman məlumat veriləcək. Yerinə təyinat yoxdur”.
Nəzrin Vahid