Rusiya Federasiyasının İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin Bakıda
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının keçmiş aktyoru İosif Tkaç və onun
həyat yoldaşı Lyudmilanın qətlinin araşdırılmasında azərbaycanlı həmkarları ilə
əməkdaşlığın təşkili barədə göstəriş verib.
Cixisyolu.com xəbər verir ki, bu barədə TASS-a qurumun mətbuat xidməti məlumat verib.
İdarədən qeyd edilib ki, yerli hüquq-mühafizə orqanları faktla bağlı cinayət
işi üzrə araşdırma aparır.
“Rusiya İstintaq Komitəsi ilə Azərbaycan Respublikasının Baş Prokurorluğu
arasında imzalanmış ikitərəfli sazişləri və yaradılmış səmərəli əməkdaşlığı
nəzərə alaraq, Rusiya İstintaq Komitəsinin sədri azərbaycanlı həmkarlarına
müraciət edir və cinayət işinin araşdırılmasında mümkün köməklik göstərməyi
təklif edir”, – deyə məlumatda bildirilir.
Xatırladaq ki, oktyabrın 23-də Bakının Nəsimi rayonunda 1939-cu il təvəllüdlü
İosif Tkaç Zusyeviçin və arvadı 1944-cü il təvəllüdlü Lyudmila Tkaç
Mixaylovnanın qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Polis
əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli
bilinən 1973-cü il təvəllüdlü İslam Hadıyev müəyyən olunaraq saxlanılıb.