Azərbaycanın Zaqatala şəhərinin tam mərkəzində baxımsız bir kilsə var. Onun
durumu şəhər sakinlərini çox narahat edir.
Cixisyolu.com-ın əməkdaşı həmin kilsənin vəziyyəti ilə bağlı reportaj hazırlayıb.
Azərbaycan, bəlkə də, dünyada yeganə ölkədir ki, multikultural dəyərlərə bu
qədər önəm verir. Burada bütün xalqların dinlərinə, dillərinə, mədəniyyətlərinə
hörmətlə yanaşılır. Ölkə ərazisində yaşayan müxtəlif xalqların nümayəndələri
dini etiqadlarını qoruyaraq, ayinlərini, mərasimlərini rahatlıqla həyata
keçirirlər. Bundan ötrü məscidlər, kilsələr, sinaqoqlar və digər məbədlər eyni
səviyyədə bütün inanclıların üzünə açıqdır.
Əgər multikulturalizmi qeyd edirəmsə, əlbəttə, ağlıma ilk olaraq Zaqatala
rayonu gəlir ki, müxtəlif xalqların ən çox cəmləşdiyi bölgə məhz buradır. Bura
həm də tarixi ilə fərqlənir. Ərazidə 108 abidə qeydə alınıb və onlar hazırda
dövlət tərəfindən qorunur. Pəri qalası, Armatay qalası, Şeytan qalası,
Cingözqala, Zaqatala qalası, qədim məscidlər, alban məbədləri, kilsələr və sair
regionun tarixinin çox qədimlərə dayandığını sübut edir.
Zaqatala şəhərinin mərkəzində – Qala divarlarının aşağısındakı yarğanın
üstündə, Dədə Qorqud meydanının tam yaxınlığındakı kilsə diqqətimi cəlb edir.
Kilsə meydandan çox əzəmətli görünür. Lakin yaxınlaşdıqca təmirsiz, baxımsız
görkəmi məyus edir. Məlumata görə, bina 1830-cu ildə inşa edilib, XIX əsrə aid
rus pravoslav kilsəsi kimi qeydiyyata alınıb və 1953-cü ilədək kilsə kimi
fəaliyyətdə olub. Deyilənlərə görə, burada, əsasən, Qalada xidmət edən rusiyalı
əsgərlər ibadət edirmişlər.
Yerli sakinlərin çoxu ona “alban kilsəsi” deyir. İddialara görə, hazırda
dağılmaqda olan kilsə IV-V əsrlərdə inşa olunmuş alban məbədinin qalıqları
üzərində tikilib. Bunu araşdırmaq, əlbəttə ki, alimlərin işidir. Amma düşünürəm
ki, kilsənin içində və ətrafında arxeoloji qazıntılar aparmaq zəruridir. Bu,
kilsənin müəmmalı olan əsl keçmişini, həmçinin tariximizin bizə məlum olmayan
müəyyən bir dövrünün mədəniyyətini aça bilər.
Divarına “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi – Yerli əhəmiyyətli
memarlıq abidəsi – Kilsə, 1830-cu il, İnventar № 5210” lövhəsi vurulan
kilsə-məbəd, yerli sakinlərin sözlərinə görə, ölçü və memarlıq üslubu
baxımından digərlərindən fərqlənir. Həmçinin, qırmızı kərpicdən inşa edilmiş
məbəddəki bir sıra elementlərin sonradan əlavə edilməsi məlumdur. Amma təəssüf
ki, əzəmətli, üçmərtəbəli zalı zəng qülləsi ilə tamamlanan bu məkan tamamilə
baxımsız vəziyyətdədir. Fasadı qopub-tökülüb, pəncərələri çoxdan sınıb,
döşəməsindən əsər-əlamət qalmayıb.
Kilsənin əsas girişi dəmir barmaqlıqla bağlı olsa da, arxa tərəfindəki qapısı
açıqdır. Oradan içəri keçirəm. İçərisi xarablığa çevrilmiş kilsənin fərqli, bir
qədər sehrli ab-havası var. Tam mərkəzdə dayanıb tavanın ən yüksək nöqtəsinə
baxıram. Gözlərimi yumuram, sanki ayaqlarım yerdən çəkilir, özümü çəkisizlikdə
hiss edirəm. İnsan burada başqa bir aləmə düşür. Amma gözlərimi açan kimi
divarlardakı, geniş sütunlardakı yazılar – sevgi etirafları, müxtəlif sitatlar,
şəkillər, “ürək”lər insanı o yüksəklikdən yerə çırpır. Bayaq qeyd etmişdim ki,
kilsə zəng qülləsi ilə tamamlanır. Həmin qüllənin günbəzi də uzun zamandır ki,
yoxdur. Onun yerində ağaclar, kol-kos bitib. Qüllədə göyərçinlər yuva salıblar.
Onlar mənim kimi gəlib-gedənləri həyəcanla qarşılayır, narahat baxışlarla
izləyir, oradan çıxandan sonra sanki rahatlıq taparaq uçub şüşəsiz pəncərələrə
qonurlar.
Məbədlə Qala divarının arasında meydança var. O meydançanın da divarları
qırmızı kərpiclə hörülüb, beton plitələrlə bərkidilib. Yerli sakinlərdən yaşı
səksəni haqlamışQüdrət Kərimov deyir ki, sovet dönəmində bu yerdən yay
kinoteatrı kimi istifadə edirmişlər. O, həmçinin bildirir ki, uşaqlığından bu
kilsənin təmirli, abad vaxtını görməyib.
Bütün bunların fonunda kilsənin bu vəziyyətdə qalması insanı kədərləndirir.
Əslində, kilsə bərpa olunsa, buraya gələn turistlər üçün ziyarət etməyə
əhəmiyyətli məkanlardan biri olar. Bu cür gözəl şəhərin tən ortasında müdrik
qoca kimi dayanan kilsənin taleyi ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi
yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə
müraciət edirəm.
“Zaqatala rayonunda yerləşən kilsə yerli əhəmiyyətli tarix-memarlıq
abidəsidir. Rayon mərkəzində yerləşən kilsənin mühafizəsinə xüsusi nəzarət
olunur.
Həmin kilsənin bərpa olunması məsələsi də gündəmdədir. Tarixi tikili bərpa
olunması məqsədilə dövlət büdcəsində dövlətəsaslı vəsait qoyuluşu hesabına
tikintisi nəzərdə tutulmuş layihələrin siyahısına daxil edilib.
Tarixi abidələr müvafiq siyahıya daxil edilərək mərhələli şəkildə bərpa,
konservasiya işləri həyata keçirilir.
Həmin kilsənin də investisiya layihələrinin icrası çərçivəsində bərpası
nəzərdə tutulur”, – deyə qurumdan bildirirlər.
Nə deyək? Gözləyək, görək kilsə nə vaxt bərpa olunacaq…
Xanım Aydın