Aleksandr Perenciyev: “Ermənistandan “anti-İran” və “anti-Türkiyə” yaratmağa
cəhd edə bilərlər” – MÜSAHİBƏ
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Ermənistan parlamentindəki “Ermənistan” müxalifət fraksiyasının üzvü Anna
Qriqoryanın bəyanatı göstərir ki, İrəvanın özündə də bu respublikanın Kollektiv
Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) qalması ilə bağlı fikir mübadiləsi
gedir”.
Bunu Cixisyolu.com-a açıqlamasında hərbi politoloq, G.V.Plexanov adına Rusiya İqtisad
Universitetinin siyasi analiz və sosial-psixoloji proseslər kafedrasının dosenti
Aleksandr Perenciyev deyib.
Qeyd edək ki, Anna Qriqoryanın fikrincə, Qərb Ermənistana münasibətdə KTMT
mexanizmlərini əvəz edə biləcək öhdəliklər götürməyə hazır deyil və buna görə
də ciddi geosiyasi mərkəzlər hesab edirlər ki, İrəvanın təşkilatdan çıxmasını
hələlik elan etməyə ehtiyac yoxdur.
Aleksandr Perenciyev hesab edir ki, Ermənistanda rəsmi İrəvanın KTMT-nin
tərkibində olmasının onun milli maraqlarına cavab verdiyi və milli
təhlükəsizliyinin qorunmasına töhfə verdiyi qənaətində olan siyasi qüvvələr var:
– Ancaq bu fikir ümumi deyil. Ermənistan rəhbərliyi iki istiqamətdə fəaliyyət
göstərir. Bir tərəfdən, o, təşkilatdan çıxması ilə bağlı rəsmi açıqlamalar
verməyə tələsmir. Əksinə, belə bir niyyətinin olmadığını bəyan edir. Amma digər
tərəfdən, o, təşkilatın rəsmi sammit və forumlarında iştirak etməmək şəklində
KTMT-dən getdiyini nümayiş etdirir, təşkilat daxilində keçirilən hərbi
təlimlərdə iştirakdan və təşkilindən yayınır. Yəni belə çıxır ki, rəsmi İrəvan
de-yure KTMT-nin üzvü olaraq qalır, lakin de-fakto qurumun işində iştirak
etmir. Əslində, bu üzvlüyü sabotaj edir.
– Yeri gəlmişkən, Qərb Ermənistanda mövcudluğunu artırır və bu, İrəvan
tərəfindən müsbət qarşılanır. Ermənistanda Avropa müşahidə missiyası böyüyür
ki, bu da qonşu dövlətlərin xoşuna gəlmir. İrəvanın hansı istiqamətdə getdiyi
barədə anlayışınız varmı?
– Rusiya rəhbərliyi bu məsələ ilə bağlı mövqeyini hələ dəqiq aydınlaşdırmayıb.
Bununla belə, ehtimal etmək olar ki, “kollektiv Qərb” rəsmi İrəvanı Rusiyadan
və KTMT-dən qoparmaq istəyir. Mən rusiyalı həmkarlarımın ABŞ-nin Ermənistandan
ikinci “anti-Rusiya”nı “yaratmaq” istəməsi ilə bağlı fikirlərini tam bölüşmürəm.
Bununla belə, güman etmək olar (və əsas söz budur) ki, Qərb rəsmi İrəvanı
Moskvadan ayıraraq, ondan “anti-İran” yaratmağa çalışacaq. Axı Ermənistanın
geosiyasi mövqeyi bunun üçün kifayət qədər əlverişlidir. Təbii ki, insanlar
mənə etiraz edə bilərlər: deyərlər ki, rəsmi Tehranla İrəvan arasında kifayət
qədər yaxşı qonşuluq münasibətləri var. Amma son vaxtlara qədər Ermənistanın da
Rusiya ilə kifayət qədər mehriban münasibətləri olub. Cənubi Qafqazda
“anti-İran” dövlətin olması isə ABŞ-nin uzun müddətdir ki, rəsmi Tehrana qarşı,
xüsusən də proksi qüvvələrlə müharibəyə başlamaq planlarına tam uyğundur.
Əlavə edərdim ki, Fransa da Ermənistanın simasında “anti-Türkiyə” şəklində öz
siyasi layihəsini yaratmaq istəyərdi. Amma hələlik ABŞ və Fransanın bu
planlarının qarşısını alan Rusiyadır. Ona görə də İrəvanı anti-Rusiya məcrasına
yönəltməyə, Moskvadan və KTMT-dən qoparmağa çalışırlar.
Nair Əliyev