70a5f0b1-7939-4e4c-ba09-0a37b3e37e48..jpg

Aleksandr Tixanski: “Ermənistan öz sərhədlərini qoruya bilmir” – MÜSAHİBƏ

Baxış sayı: 640 dəfə baxılıb.

Aleksandr Tixanski: “Ermənistan öz sərhədlərini qoruya bilmir” – MÜSAHİBƏ
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan baş naziri Nikol Paşinyan İrəvanın Rusiyadan üz döndərmək xəttinin
davam etdiyini göstərən bəyanatla çıxış edib. O, Azərbaycan, Rusiya və
Ermənistan liderlərinin imzaladığı 10 noyabr 2020-ci il tarixli Üçtərəfli
Bəyanata istinad edərək bildirib ki, mətn heç bir yerdə Rusiyanın Ermənistanın
istənilən ərazisində kommunikasiya təhlükəsizliyini təmin etməli olduğunu
nəzərdə tutmur.

Üstəlik, bu bəyanat Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidə
missiyasının gücləndirilməsi və genişləndirilməsi fonunda səslənib.

Rusiya Hərbi Elmlər Akademiyasının professoru, tanınmış rusiyalı və belaruslu
hərbi-siyasi analitik Aleksandr TixanskiCixisyolu.com-a bununla bağlı müsahibə verib.

– Ermənistan mətbuatında rusiyalı hərbçilər, o cümlədən sərhədçiləri Qərb
kontingentləri, məsələn, fransızlarla əvəzlənməli olduqları barədə çoxlu
məqalələr dərc olunub.

– Belə bir ssenarini təsəvvür etmək çətindir. Sərhəd qüvvələrini, məsələn,
sülhməramlı qüvvələrlə qarışdırmağa ehtiyac yoxdur. Bəli, ATƏT və ya digər
strukturların himayəsi altında Ermənistanda bəzi sülhməramlılar peyda ola
bilər. Amma bunun bir səbəbi olmalıdır. Xüsusən Azərbaycanla sülh bağlanarsa,
Ermənistan üçün harada və nə təhlükə var? Silahlı münaqişə yoxdur, bəs
sülhməramlı qüvvələr hansı əsasla gətiriləcək?

– Bəs Ermənistan hökumətindən dəvət Qərb kontingentinin bu ölkədə meydana
çıxması üçün kifayət etmir?

– Ölkəyə sülhməramlı qüvvələrin göndərilməsi üçün rəsmi İrəvanın bir dəvəti
kifayət etməz. Amma Ermənistanla razılaşma yolu ilə xarici dövlətin hərbi
bazasının yaradılması nəzəri cəhətdən tamamilə mümkündür. Bu Ermənistanın
hüququdur. Amma bu gün Ukraynada, İsrail ətrafında və s. vəziyyəti nəzərə
alaraq Avropanın buna vaxtı yoxdur. Bundan başqa, Ermənistan Qərb hərbçilərini
dəvət etsə, bütün qonşuları ilə münasibətləri pisləşdirəcək, bu, bir çox
razılaşmaların pozulması olacaq, hüquqi və siyasi xaos yaranacaq. Lakin bu,
erməni pərəstişkarlarına fəaliyyət planı verə biləcək Qərb kuratorlarının
seçimi məsələsidir. Ancaq yenə də deyirəm ki, bu, indi çox az ehtimaldır. Lakin
erməni mətbuatında bu mövzu şişirdilir və qarışıqlıq yaradır.

Əgər Ermənistan bu istiqamətdə real addımlar atarsa, onlardan birincisi,
dediyim kimi, Ermənistanın KTMT-dən çıxması, sonra isə Rusiya qoşunlarının
Ermənistandakı bazadan çıxarılması olacaq. Və yalnız bundan sonra bu, Rusiya
sərhədçilərinə təsir edə bilər, çünki bu gün Ermənistan öz sərhədlərini özü
qoruya bilmir, respublika sadəcə olaraq belə imkanlara malik deyil.

Nair Əliyev

Source link