Aleksey Vedev: “Neftin qiyməti 150 dollara qədər qalxa bilər” – RF-dən MÜSAHİBƏ
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Keçən ilin sonunda Danimarka investisiya bankı “Saxo Bank” 2024-cü il üçün
proqnozunu dərc edib və bu proqnoza neft qiymətləri də daxildir. Ekspertlərin
fikrincə, neftin bir barelinin maya dəyərinin 150 dollara qədər artacağını
proqnozlaşdırmaq olar (hazırda “Brent” markalı neftin bir bareli təxminən 75
dollardır).
Bu xəbəri Cixisyolu.com-a şərh edən iqtisad elmləri doktoru, E.T.Qaydar adına
İqtisadi Siyasət İnstitutunun maliyyə tədqiqatları laboratoriyasının rəhbəri,
Rusiya İqtisadi İnkişaf Nazirliyinin keçmiş rəis müavini Aleksey Vedev qeyd
edib ki, bəzi investisiya banklarının proqnozlarının əsas hədəfi həddindən
artıq PR və diqqəti özünə cəlb etməkdir:
– Cəmi beş il əvvəl fəal şəkildə yaxın 15 ildə neftin qiymət dəhlizinin bir
barel üçün 40-60 dollar olacağını, yəni aşağı qiymətlərin uzunmüddətli
olacağını proqnozlaşdırır və yazırdılar. Amma biz bunun əksini gördük.
Təbii ki, neftin qiyməti ilə bağlı proqnoz vermək çətindir, amma əgər söhbət
“Brent”dən gedirsə, o zaman düşünürəm ki, gələn il qiymətlərin bir barel üçün
70-85 dollar olacağını gözləmək lazımdır və bu, daha bir neçə il davam edə
bilər.
Əlbəttə, həyatda hər şey mümkündür, məsələn, neftin qiyməti artıq qeyd olunan
150 dollara qədər qalxa bilər, amma mən bunu gözləmirəm. Amma eyni zamanda
neftin qiymətində kəskin eniş də gözləmirəm.
– Başa düşdüyüm qədər, bu ssenaridə Azərbaycan, Rusiya və Qazaxıstanın neft
hasil edən şirkətlərinin neft gəlirlərinin azalması və bunun səbəb olduğu
nəzəri iqtisadi kataklizmlər təhlükəsi yoxdur?
– Bəli, məhz bunu nəzərdə tuturam. Mən öz nöqteyi-nəzərimdən ən çox ehtimal
olunan ssenarini səsləndirdim. Bir barel üçün 70-85 dollar hər kəsə uyğun
qiymətdir. Buna görə də, mümkün geosiyasi risklərə baxmayaraq, ölkələrimiz üçün
müəyyən qiymət sabitliyini gözləyirəm.
– Bəs döyüşlərin getdiyi Yaxın Şərqdəki hadisələr, yəmənli husilərin
Bab-əl-Məndəb boğazındakı hücumları, İranın müharibəyə cəlb olunma ehtimalı –
bu amillər hansısa şəkildə qiymətlərə təsir edirmi?
– Şübhəsiz ki, təsiri var. Amma sizə xatırlatmaq istərdim ki, bir barelin maya
dəyərinə daha çox şist neftinin hasilatı və dəyişməkdə olan mühitə kifayət
qədər çevik reaksiya verən kiçik neft şirkətlərinin inkişafı təsir edir.
Geosiyasi təhlükələr həmişə mövcuddur və neft qiymətlərinə təsir edir, lakin
yeni texnologiyalar bu riskləri kompensasiya edir.
– Keçən il Beynəlxalq Enerji Agentliyinin qiymətlərin artması ilə bağlı
bəyanatı var idi. Bu səbəbdən OPEK neftin qiymətinin artmasından ehtiyatlı
olmalıdır. Çünki bu, qlobal iqtisadiyyata zərər verə bilər və neftəsaslı
yanacaqlardan yaşıl enerjiyə keçidi sürətləndirə bilər. Yəni qiymətlərin
artması yanacağa tələbi azalda bilər və istehlakçıları elektrik enerjisi və
digər bərpa olunan enerji mənbələrindən istifadə etməyə sövq edə bilər.
– Hesab edirəm ki, biz yaşıl enerjiyə kəskin keçidi gözləməməliyik. Bundan
əlavə, bir çox dövlətlər artıq bundan məyus olublar, çünki indi onun əldə
edilməsi çox bahadır. Bahalı enerji rəqabət üstünlüklərinin itirilməsi və
xərclərin artması deməkdir. Son illərin praktikası göstərdi ki, OPEC+ (buraya
Azərbaycan da daxildir – red.) balanslaşdırılmış siyasət aparır. Son iki ildə
yaşadığımız neftin qiymət dəhlizi – bir barel üçün 75-85 dollar – həm tələb,
həm də təklif baxımından kifayət qədər normaldır. Hesab edirəm ki, bu OPEC+
siyasəti gələn ildə də davam edəcək.
– Eyni zamanda Azərbaycan yaşıl enerjini inkişaf etdirir, bu il ölkəmiz mühüm
tədbirə – BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının COP29
Tərəflərinin Konfransına ev sahibliyi edəcək…
– … və bu çox vacib və düzgündür. Yaşıl enerji, neft gəlirlərinin toplandığı
milli fondlar şəklində “təhlükəsizlik yastığı” olan ixracatçı ölkələr üçün
mütləq, ardıcıl və sistemli şəkildə məşğul olmalı olduqları mövzudur. Əsas odur
ki, bu, heç bir struktur caşqınlığına səbəb olmasın. Lazım olan təkamüldür.
– Anqolanın bu yaxınlarda OPEK-dən çıxması barədə nə düşünürsünüz? Bu,
təşkilatı zəiflədəcəkmi?
– Hesab edirəm ki, OPEC-in və onun genişləndirilmiş OPEC+ versiyasının özəyini
monetar maraqlar klubu təşkil edir. Hətta bu qrupa daxil olmayan ölkələr də
neft hasilatına müəyyən məhdudiyyətlər qoyacaqlar. Axı qiymət sabitliyi qlobal
iqtisadiyyatı ləngitməmək üçün son dərəcə vacibdir. Bunun fonunda hər kəs üçün
kifayət qədər rahat qiymət diapazonunu saxlamaq da şərtdir. Bir ölkənin getməsi
OPEK-in və bu təşkilatdan kənar ölkələrin mövqeyinə təsir etməyəcək. Hər kəs
gündəlik neft hasilatının həcmini razılaşdıracaq.
Nair Əliyev