Alfa Liqaya start verildi – FOTO

Alfa Liqaya start verildi – FOTO

Baxış sayı: 2. 431 dəfə baxılıb.

Minifutbol üzrə Alfa Liqaya start verilib.

ÇıxışYolu.Com xəbər verir ki, Azərbaycan MiniFutbol Federasiyasının təşkilatçılığı ilə keçirilən çempionatın ilk turunda 16 görüş baş tutub. 

ALFA LİQA

I TUR

A Qrupu: İOSC 6:3 REZİDENT / PEPSİ 3:4 BAKTELECOM

B Qrupu: İCE 2:0 SİRAB / TURİN 4:3 CAR CLUB

C Qrupu: EMİNSPOR 1:8 AVENGERS / AZƏRSUN 1:1 TOTA

D Qrupu: MR.FİX 3:5 KATV1 / SKY TRAVEL 5:6 ZİRƏ

E Qrupu: UĞUR 1:0 VUR KOMANDİR / ARCHİCO 2:5 GALAXY

F Qrupu: LSS 3:2 SİRENA MOTORS / KAPİTANLAR 0:6 BAYERN BAKU

G Qrupu: TİMSPORT 6:2 UNİVERSAL / PEÇAT DÖNƏR 2:1 AZFAR GROUP

H Qrupu: BORÇALI 5:2 MAŞTAĞA / BƏRDƏ ŞATIRLI 2:3 STP

Oyunsonrası bəzi komandaların üzvləri açıqlamalar verib:

Qorxmaz Eynullayev , “Turin”in kapitanı:  “Doğrusu, “Car Club”un heyəti ilə tanış olduğumuz üçün onlardan belə əzmkar mübarizə gözləyirdik. Bilirdik ki, bizi çətin oyun gözləyir. Təzyiq böyük idi. Buna baxmayaraq, qələbə qazanacağımıza inanırdıq. Qələbə istəyimiz yüksək idi. Elə bu istəkdə bizə güc verdi. Qələbəmizdə istək böyük rol oynadı. İCE komandası və rusiyalı legionerləri haqda məlumatımız var. Heyətləri çox güclüdür. Amma biz sırf 3 xal üçün oynayacağıq. Bilirik ki, bizi çətin oyun gözləyir, gərgin mübarizə olacaq. Lakin biz buna hazırıq. Rəqibə də uğurlar arzulayırıq”.

Elçin Mütəllimov, TOTA-nın oyunçusu: “3 xalı qazanmalıydıq. Sadəcə oyuna lazımınca köklənə bilməmişdik. Meydana arxayın çıxmışdıq. Təəssüf ki, hesabda öndə ola-ola son dəqiqələrdə qol buraxdıq. Lazımsız yerdə rəqibi yıxıb qapımıza cərimə qazandıq. Buraxılan qolda günahımız var. Canlı sədd düzgün qurulmamışdı. Görünür qismət 1 xal imiş.

O ki qaldı “Avengers”lə oyuna onu deyə bilərəm ki, çox yaşı oyunçulardan qurulmuş komandaya qarşı oynayacağıq. İnşallah, bazar günü meydana yalnız və yalnız qələbə qazanmaq üçün çıxacağıq. Rəqibə də özümüzə də uğurlar arzulayıram”.

Orhan Üçüncü, “Bərdə Şatırlı”nın kapitanı: “İlk oyun bizim üçün böyük bir təcrübə oldu. Bərdə kimi böyük bir rayonda  çempionatın keçirildiyi stadiona oxşar bir meydançanın olmaması oyunumuza öz təsirini göstərdi. Uşaqlar ilk dəfə belə bir kompleksdə oynadıqları üçün çətinlik çəkirdi. Oyunçularımız fərdi şəkildə istedadlıdı. Amma komanda şəklində oyunumuz alınmadı. Əsas qapıçımızın Türkiyəyə getməsi də komandanı 50 faiz zəiflətdi. Rəqib komanda şəklində qapalı futbol oynadı. Qapıçımızın zəif olduğunu gördükdə isə qapımıza doğru ardıcıl zərbələr endirməyə başladılar və nəticədə məğlub olduq. Məğlubiyyətə baxmayaraq qeyd etməliyəm ki, bu səviyyədə bir çempionatın iştirakçısı olmaq, Bərdə və onun gəncləri üçün ifadə edilməz bir hissdir”.

Fuad Rzayev, “Uğur”un kapitanı: “Alfa Liqanın ən çətin qrupuna düşmüşük. Hər üç rəqibimizin güclü heyətə malik olduğunu bilirik. İlk turdakı rəqibimizin heyətində fərdi şəkildə oynamağı bacaran texnikalı oyunçular çox idi. Bilirdik ki, “Vur Komandir”ə qarşı oyun çətin olacaq. Matça yaxşı hazırlaşmışdıq. Əlimizdən gələni etdik ki, qələbə qazanaq. Belə oyunlarda bir səhv çox şeyi həll edir. O səhvi də rəqibimiz buraxdı. Əlimizə düşən imkandan istifadə edib hesabı açdıq və onu sonacan qoruduq. “Vur Komandir”ə növbəti oyunlarda uğurlar arzu edirəm. Öz komanda yoldaşlarımı bir daha təbrik edirəm. Qarşıda daha iki çətin oyunumuz var. Çalışacağıq həmin oyunlardan da üzüağ çıxaq”.

Əlsalam Həmidov, “Sirena Motors”un kapitanı: “İlk oyun olduğu üçün ilk hissədə uşaqlar bir-birini yaxşı başa düşmürdü. Komanda tam olaraq bir-birinə öyrəməmişdi deyə qapımızda 3 qol gördük. İkinci yarıda özümüzə gəldik, lakin məğlubiyyətdən qaçmaq üçün vaxtımız çatmadı. Bəlkə də beş dəqiqə əlavə vaxtımız olsaydı heç-heçə edərdik. Görünür qismət belə imiş. Unutmayaq ki, LSS də çempionatın ən güclü komandalarındandı. Növbəti oyunda tam başqa “Sirena Motors” görəcəksiz. Qələbə qazanmaq ücün oynayacağıq”.

Misir Ağayev, LSS-in vitse-kapitanı: “LSS və Universal olaraq paralel keçirilən bir çox çempionatlarda iştirak etmişik. Alfa Liqanin püşkatmasında şəxsən iştirak etmişdim. Elə püşkatma mərasimindən hiss olunurdu ki, bu çempionat digərlərindən fərqli və daha maraqlı olacaq. İlk oyun günlərindəki təşkilatçılıqdan  görünür ki, nəzərdə tutulan ideya həyata keçirilir və gələcəkdə nəticəsi də yaxşı olacaq. Təşkilatçılara komandamız adından təşəkkürümü bildirirəm.

Qrupda ilk oyunumuza gəlincə “Sirena Motors”la qarşılaşma çox gərgin keçdi. Məncə biz Alfa Liqada çempionluğa ən iddialı komandalardan biri ilə mübarizə apardıq. İlk hissəni 3:0 öndə bitirməyimizə baxmayaraq, uşaqlarda arxaynçılıq olmadı. Oyunun 3:2 bitməsi rəqibin güclü olmasından irəli gəlir.

Növbəti oyunlara da eyni qaydada hazırlaşırıq. Çempionatda zəif komanda yoxdur, həmçinin bizim qrupda. Ona gorə də arxayınlaşmaq olmaz. Növbəti oyunlara da maksimum nəticə ücün çıxacağıq”.

Səbuhi TOFİQOĞLU
www.ÇıxışYolu.Com