Ali Məhkəmə sədri: “Seçki prosesi və onun idarə olunması ildən-ilə daha da
təkmilləşdirilir”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“2024-cü ildə ölkəmizdə xalqımız üçün taleyüklü və dövlətimiz üçün əhəmiyyətli
bir hadisə – növbədənkənar prezident seçkisi keçiriləcək. Sevindirici və eyni
zamanda, qürurverici haldır ki, builki seçki ilk dəfə olaraq işğaldan azad
edilən ərazilərimizdə də keçiriləcək”.
Cixisyolu.com-ın məlumatına əsasən, bunu Ali Məhkəmənin sədri İnam Kərimov seçki
mübahisələrinin məhkəmə qaydasında həllinə dair həsr olunan tədbirdə deyib.
O bildirib ki, Azərbaycanda seçki hüquqlarının müdafiəsi ilə bağlı
müraciətlərə inzibati məhkəmə icraatı qaydasında ilkin olaraq apellyasiya
instansiyası məhkəmələri tərəfindən baxılır.
“Bu cür müraciətlərin birbaşa apellyasiya instansiyası məhkəmələrində
araşdırılması işlərə daha keyfiyyətli və operativ baxılmasını, eləcə də
proseslərin seçkilərin mahiyyəti nəzərə alınmaqla daha çevik idarəolunmasını
təmin etmək məqsədi daşıyır. Məhkəmələr, həmişə olduğu kimi, bu il də fevral
ayında keçiriləcək növbədənkənar prezident seçkisində öz üzərlərinə düşən
vəzifələri həyata keçirməyə hazırdır”, – deyə İnam Kərimov əlavə edib.
O bildirib ki, məhkəmələrdə seçki hüquqlarının müdafiəsinə dair mübahisələrə
baxılarkən, bir qayda olaraq, müvafiq seçki komissiyalarının qərar və
hərəkətlərinin qanuniliyi yoxlanılır:
“Bu zaman icraatın özünün aparılmasına münasibətdə prosessual təminatlara
riayət edilib-edilmədiyinə, maddi hüququn düzgün tətbiq olunub-olunmadığına
qiymət verilir.
Dinlənilmə hüququnun təmin edilməsi, tərəflərə vəsatət və sübut təqdim etmək
imkanlarının yaradılması, obyektiv araşdırma prinsipinin tələblərinə riayət
edilməklə şikayətin araşdırılması və s. hallar prosessual təminatlarla əhatə
olunur. Seçki komissiyalarından öz fəaliyyətlərini sözügedən tələblərə uyğun
qurmaları gözlənilir. Bununla yanaşı, seçki hüquqlarının müdafiəsi ilə bağlı
hər bir qaldırılan məsələyə münasibətdə işin bütün faktiki halları tam
araşdırılmalı, qərarların əsaslandırılmış formada qəbul edilməsi təmin
edilməlidir”.
“Xüsusilə vurğulamaq istərdim ki, seçki komissiyaları tərəfindən prosedurların
inzibati icraat qaydalarına uyğun aparılması, nəticədə məhkəmələrə olunan
müraciətlərin də azalmasına səbəb olur. Bu baxımdan, qeyd etmək istəyirəm ki,
ölkəmizdə seçki prosesi və onun idarə olunması ildən-ilə daha da
təkmilləşdirilir. Bu sahədə müasir texnologiyaların imkanlarından da gün
keçdikcə daha geniş istifadə olunur. Bütün bunlar isə seçki prosesinin
qanunvericiliyin tələblərinə uyğun təşkilini təmin edir, həmçinin,
vətəndaşların seçki hüquqlarının hərtərəfli qorunmasına xidmət edir. Deyə
bilərəm ki, ölkəmizdə ədalətli, şəffaf, azad seçkilərin keçirilməsi üçün bütün
şərtlər və lazımi şərait mövcuddur”, – deyə o əlavə edib.