Ali Məhkəmədə sabiq general Mövlam Şıxəliyevin cinayət işi üzrə qərar qəbul
olunub
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Ali Məhkəmə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş
İdarəsinin sabiq rəisi general Mövlam Şıxəliyev və digərlərinin cinayət işi
üzrə qərar qəbul edib.
“Report” xəbər verir ki, Ali Məhkəmədə hakim Nazim Mövsümovun sədrliyi ilə
keçirilən iclasda sabiq generalın cinayət işi üzrə müsadirə olunmuş
əmlaklarının bir qisminin geri qaytarılması ilə bağlı məhkəmə qərarından
verilən kassasiya protesti təmin edilməyib.
Qeyd edək ki, sabiq general M.Şıxəliyev İstintaq Baş İdarəsinin rəisi
vəzifəsində çalışdığı 2008-14-cü illərdə qeyd edilən qurumun tərkibindəki
şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai İstintaq İdarəsinin sabiq rəis
müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə
mütəşəkkil dəstə tərkibində iş adamlarından hədə-qorxu yolu ilə külli miqdarda
pul tələb etməkdə ittiham olunurlar.
İttihamda bildirilir ki, M.Şıxəliyev mütəşəkkil dəstə halında ümumilikdə 14
milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min
manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edərək alıb, həmçinin,
səlahiyyət həddini aşmasında və sübutların saxtalaşdırmasında da təqsirli
bilinib.
Onların barəsində Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak
əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə-qorxu ilə tələb etmə),
294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs
və ya mütəşəkkil dəstə tərəfindən rüşvətalma) və digər maddələr ilə cinayət işi
açılıb.
Cinayət işi üzrə 32 nəfər zərərçəkmiş şəxs kimi tanınıb.
Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə M.Şıxəliyev 12 il müddətinə
azadlıqdan məhrum olunub. Bundan başqa, onun və ailə üzvlərinin adına
rəsmiləşdirilmiş əmlaklar müsadirə olunub. Məhkəmə həmin əmlakların dövlət
nəfinə keçirilməsi barədə hökm çıxarıb.