753a6d0c-0def-4380-bf35-4e89caa700fc..jpg

Ali Məhkəmədən kommersiya mübahisələri ilə bağlı QƏRAR

Baxış sayı: 685 dəfə baxılıb.

Ali Məhkəmədən kommersiya mübahisələri ilə bağlı QƏRAR
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xarici elementli kommersiya
mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” qərarı açıqlanıb.

E-huquq.az sözügedən qərarı təqdim edir:

“Xarici elementli (sahibkarlıq fəaliyyəti ilə məşğul olan xarici fiziki və
hüquqi şəxslərin iştirak etdikləri) kommersiya mübahisələrinə kommersiya
məhkəmələrində baxılarkən həm Azərbaycan Respublikası qanunvericiliyinin, həm
də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin
normalarının nəzərə alınması maddi və prosessual hüquqi məsələlərin düzgün
həlli üçün mühüm əhəmiyyət kəsb edir.

Bu baxımdan, məhkəmələr tərəfindən xarici elementli kommersiya mübahisələrinin
həlli zamanı qanunvericiliyin düzgün tətbiq edilməsi, habelə bu kateqoriya
işlər üzrə hüquqi yanaşmanın sabitliyinin təmin edilməsi məqsədi ilə Azərbaycan
Respublikası Ali Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Konstitusiyasının
131-ci maddəsinin 1-ci hissəsini, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan
Respublikası Qanununun 79, 79-1 və 80-ci maddələrini rəhbər tutaraq

Qərara aldı:

Kommersiya mübahisələrində xarici şəxslərin statusu və iştirakının prosessual
əsasları

1.1. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – “Konstitusiya”)
69-cu maddəsinin I bəndi və əlaqəli qanunvericilik aktları, xarici fiziki və
hüquqi şəxslərin statusunu qanunla və ya Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələr ilə başqa hal nəzərdə tutulmayıbsa, milli rejim
(öz vətəndaşları ilə bərabər hüquq və vəzifələr) əsasında müəyyən edir. Eyni
rejim Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra –
“MPM”) 439-cu maddəsində də nəzərdə tutulmuşdur. Bu baxımdan nəzərə alınmalıdır
ki, xarici şəxslərin prosessual hüquq və vəzifələri Azərbaycan Respublikasının
fiziki və hüquqi şəxslərinin prosessual hüquq və vəzifələri ilə eynilik təşkil
edir.

1.2. Bununla belə, Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi
şəxslərinin prosessual hüquqları üzrə xüsusi məhdudiyyətlərə yol verən
dövlətlərdən olan xarici şəxslərə münasibətdə Azərbaycan Respublikası
tərəfindən cavab məhdudiyyətləri (retorsiya-xüsusi məhdudiyyət) müəyyən edilə
bilər (MPM-in 440.3-cü maddəsi).

1.3. Azərbaycan Respublikasının tərəfdar çıxdığı ikitərəfli və çoxtərəfli
beynəlxalq müqavilələrdə fərqli qayda nəzərdə tutulmamışdırsa, xarici şəxslərin
prosessual hüquq və fəaliyyət qabiliyyəti Azərbaycan Respublikasının
qanunvericiliyi əsasında müəyyən edilir.

1.4. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan xarici
fiziki şəxslərin prosessual hüquq və fəaliyyət qabiliyyəti: 1) vətəndaşı
olduqları dövlətin qanunları ilə; 2) bir neçə vətəndaşlığı olduqda onun daha
sıx bağlı olduğu dövlətin qanunları ilə; 3) vətəndaşlığı olmadıqda daimi
yaşadığı yeri olan dövlətin, belə dövlət olmadıqda isə onun adətən olduğu
dövlətin qanunları ilə; 4) qaçqın olduqda sığınacaq tapdıqları dövlətin
qanunları ilə müəyyən edilir (MPM-in 441-ci maddəsi).

1.5. Qanunvericiliyin qeyd olunan tələbləri baxımından xarici fiziki şəxsin
sahibkarlıq fəaliyyəti ilə məşğul olan xarici fərdi sahibkar hesab edilməsi
üçün həmin şəxsin müvafiq dövlətdə fərdi sahibkar kimi qeydə alınması
zəruridir. Bu baxımdan məhkəmələr xarici fərdi sahibkarın iştirakı ilə
mübahisəyə baxarkən ilk növbədə həmin şəxsin müvafiq xarici ölkədə fərdi
sahibkar kimi qeydə alınmasını və həmin qeydin qüvvədə olmasını təsdiqedici
sənəd(lər)lə müəyyən etməlidirlər.

1.6. Azərbaycan Respublikasının hüdudlarından kənarda yaradılmış hüquqi şəxsin
xarici hüquqi şəxs olması nəzərə alınaraq (“Hüquqi şəxslərin dövlət qeydiyyatı
və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci
maddəsi), həmin hüquqi şəxsin tərəf qismində iştirak etdiyi məhkəmə
mübahisələrində məhkəmələr, müvafiq xarici ölkənin hüquqi şəxslərinin dövlət
reyestrindən verilmiş çıxarış və ya səlahiyyətli dövlət orqanının verdiyi sənəd
əsasında xarici hüquqi şəxsin qeydiyyata alındığı ölkədə mövcud olmasını (ləğv
olunmamasını) və fəaliyyət göstərdiyini müəyyən etməlidirlər.

1.7. Xarici hüquqi şəxslərin prosessual hüquq və fəaliyyət qabiliyyəti onların
yaradıldığı xarici dövlətin qanunu ilə müəyyən edilir. Bu qanuna əsasən öz
ölkəsində prosessual hüquq qabiliyyətinə malik olmayan xarici hüquqi şəxs
Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının Qanununa
müvafiq olaraq hüquq qabiliyyətli hesab edilə bilər (MPM-nin 442.1-ci maddəsi).

1.8. Azərbaycan Respublikasının 1992-ci il 21 iyul tarixində qoşulduğu
“Diplomatik əlaqələr haqqında” 1961-ci il aprel 18 tarixli və “Konsulluq
əlaqələri haqqında” 1963-cü il 24 aprel tarixli BMT-nin Vyana Konvensiyalarının
tələblərinə görə, xarici dövlətlərin diplomatik agentləri və konsulluqların
ştatlı vəzifəli şəxsləri olduqları dövlətlərdə kommersiya fəaliyyəti ilə məşğul
ola bilməzlər (müvafiq olaraq həmin Konvensiyaların 42 və 57-ci maddələri). Bu
baxımdan, həmin şəxslərin kommersiya mübahisələrində iddiaçı, cavabdeh və
üçüncü şəxs kimi iştirak etmələri də mümkünsüzdür.

Xarici elementli kommersiya mübahisələrində məhkəmələrin beynəlxalq
səlahiyyətinin xüsusiyyətləri

2.1. Məhkəmələrin beynəlxalq səlahiyyəti, xarici elementli mübahisələrin
konkret dövlətin milli məhkəmələrinə olan aidiyyətidir. Əgər hər hansı dövlətin
milli məhkəməsi xarici şəxslərin iştirakı ilə olan müvafiq iş üzrə beynəlxalq
səlahiyyətə malik deyilsə, həmin işə baxa bilməz. Azərbaycan Respublikasının
kommersiya məhkəmələri də xarici şəxslərin iştirakı ilə olan mübahisələrə
yalnız o zaman baxa bilərlər ki, həmin mübahisələr üzrə beynəlxalq səlahiyyətə
malik olsunlar.

2.2. Xarici elementli mübahisələr üzrə Azərbaycan Respublikasının məhkəmələri
beynəlxalq müqavilələrlə və ya tərəflərin razılaşması əsasında digər qayda
müəyyən edilmədiyi halda (MPM-nin 28-ci maddəsi) beynəlxalq səlahiyyətə
malikdir. Ona görə də, xarici elementli kommersiya mübahisələrində məhkəmələrin
MPM ilə müəyyən edilmiş beynəlxalq səlahiyyətə malik olub-olmamalarının müəyyən
edilməsi üçün ilk növbədə qeyd olunan iki haldan hər hansı birinin mövcudluğu
aydınlaşdırılmalıdır.

2.3. Azərbaycan Respublikası məhkəmələrinin xarici elementli kommersiya
mübahisələrində beynəlxalq səlahiyyəti Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrlə də müəyyən edilə bilər. Buraya xüsusi olaraq
hüquqi yardımla bağlı ikitərəfli və ya çoxtərəfli (məsələn, ”Mülki, ailə və
cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 1993-cü il
Minsk və 2002-ci il Kişinyov Konvensiyaları), o cümlədən xüsusi predmet
sferasına malik olan (məsələn, “Təsərrüfat fəaliyyətinin həyata keçirilməsi ilə
əlaqədar mübahisələrin həll edilməsi qaydası haqqında” 1992-ci il Kiyev Sazişi)
beynəlxalq müqavilələr aiddir.

2.4. Əgər xarici elementli kommersiya mübahisəsinə Azərbaycan Respublikasının
məhkəmələri tərəfindən baxılmasını istisna edən, bu Qərarın 2.2-ci bəndində
göstərilən hallardan hər hansı biri mövcud deyilsə, MPM-in məhkəmələrin
beynəlxalq səlahiyyətinin ümumi şərtlərinin təsbit olunduğu 440.1-ci maddəsinin
tələbləri əsas götürülməlidir. Həmin maddənin tələbləri baxımından xarici
elementli kommersiya mübahisəsində məhkəmələrin beynəlxalq səlahiyyətinin ümumi
şərtləri aşağıdakılardır:

– işdə iştirak edən şəxslərdən hər hansı birinin xarici şəxs olması;

– xarici şəxsin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən
gəldiyi yerin olması.

2.5. Həmin ümumi şərtlərlə yanaşı, MPM-in 443-cü maddəsi aşağıdakı xüsusi
hallarda xarici elementli kommersiya mübahisəsi üzrə Azərbaycan Respublikası
məhkəmələrinin beynəlxalq səlahiyyətini müəyyən edir:

– iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin
Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi
yerin olması;

– xarici şəxslərin idarəçilik orqanı, filialı və ya nümayəndəliyinin
Azərbaycan Respublikasının ərazisində olması;

– cavabdehin Azərbaycan Respublikasının ərazisində əmlaka malik olması;

– əmlaka vurulan ziyanın ödənilməsi işlərində ziyanın ödənilməsi haqqında
tələbin verilməsi üçün əsas olan hərəkət və ya digər halın Azərbaycan
Respublikasının ərazisində baş verməsi;

– iddianın icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində
həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəlməsi;

– iddianın Azərbaycan Respublikasının ərazisində baş vermiş əsassız
varlanmadan irəli gəlməsi.

2.6. MPM-in 445-ci maddəsində nəzərdə tutulmuş xüsusi icraat işlərindən yalnız
bir kateqoriya iş MPM-in 26.2-ci maddəsinin tələbinə əsasən predmet və
xarakterinə görə Azərbaycan Respublikasının kommersiya məhkəmələrinin
səlahiyyətinə aid ola bilər. Bura itirilmiş sənədlər üzrə onları təqdim edən
şəxsin hüquqlarının bərpa edilməsi (çağırış icraatı) haqqında ərizələr aiddir.

2.7. Məhkəmələrin xarici elementli kommersiya mübahisəsi üzrə beynəlxalq
səlahiyyətinin olub-olmamasına qiymət verilərkən nəzərə alınmalıdır ki, MPM-in
440.1 və 443-cü maddələrində nəzərdə tutulmuş ümumi və xüsusi şərtlərin
mövcudluğundan asılı olmayaraq, məhkəmələr MPM-in 444-cü maddəsi ilə onların
müstəsna səlahiyyətinə aid edilmiş mübahisələr üzrə səlahiyyətlidirlər.
Müstəsna aidiyyət tərəflərin razılaşması ilə dəyişdirilə bilməz.

2.8. Nəzərə alınmalıdır ki, MPM-in 450-ci maddəsində müəyyən edilmiş qaydada
xarici elementli kommersiya mübahisələri üzrə Azərbaycan Respublikasının
məhkəməsi beynəlxalq səlahiyyətə malik olmasa belə, tərəflər Azərbaycan
Respublikası məhkəməsinin belə səlahiyyətə malik olmasını müəyyən edə
(proroqasiya sazişi) və ya konkret mübahisə üzrə xarici dövlətin məhkəməsinin
(deroqasiya sazişi) beynəlxalq səlahiyyətli olması barədə razılığa gələ
bilərlər (müqavilə aidiyyəti).

2.9. Xarici elementli kommersiya mübahisələrində məhkəmələrin qanunla müəyyən
edilən beynəlxalq səlahiyyətinin prosessual əsasları yalnız MPM-lə tənzimlənir.
“Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanunu xarici
elementli münasibətlərdə tətbiq edilən maddi hüquq normasını müəyyən
etdiyindən, məhkəmələrin beynəlxalq səlahiyyətinin qiymətləndirilməsi zamanı
həmin Qanuna istinad yolverilməzdir.

2.10. Qeyd olunanlara əsasən, məhkəmələrin xarici elementli mübahisə üzrə
beynəlxalq səlahiyyətinin olub-olmaması müəyyən edilərkən aşağıdakı ardıcıllığa
riayət edilməli və mübahisə üzrə qəbul edilən məhkəmə aktlarında müvafiq
prosessual hüquq normalarına istinad edilməklə, lazımi qaydada
əsaslandırılmalıdır:

– tərəflər arasında Azərbaycan Respublikası məhkəməsinin və ya xarici dövlətin
məhkəməsinin beynəlxalq səlahiyyətləri barədə yazılı şəkildə ifadə olunmuş
ayrıca razılıq (müqavilə, saziş və s.) və ya razılaşma şərti mövcuddurmu;

– əgər belə razılaşma yoxdursa, müvafiq məsələ barədə Azərbaycan
Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr mövcuddurmu;

– əgər belə beynəlxalq müqavilə də yoxdursa, MPM-də belə beynəlxalq səlahiyyət
nəzərdə tutulmuşdurmu.

2.11. Xarici elementli mübahisələrə baxılarkən ilk öncə xarici elementin
olub-olmaması müəyyən edilməlidir. Mülki dövriyyədəki “xarici element” müəyyən
edilərkən nəzərə alınmalıdır ki, “xarici element” aşağıdakı kateqoriyalar
baxımından fərqləndirlir:

– Hüquq münasibətinin subyektində ifadə olunan xarici element. Münasibətin
iştirakçısı kimi müxtəlif dövlətlərin hüquqi və ya fiziki şəxsləri, yaxud
beynəlxalq təşkilat çıxış edir.

– Hüquq münasibətinin obyektində ifadə olunan xarici element. Münasibətin
iştirakçıları (subyektləri) Azərbaycan Respublikasının vətəndaşları olan hüquq
münasibətinin obyekti xaricdə yerləşdiyinə görə bu münasibət beynəlxalq
xarakterli hesab edilir. Digər bir halda Azərbaycan Respublikasında yerləşən
xarici şəxslərin əmlakları ilə bağlı xarici şəxslər arasında baş verən
münasibət də obyektinə görə beynəlxalq xarakterli hesab edilir.

Kommersiya məhkəmələrinin beynəlxalq səlahiyyəti ilə əlaqədar iddia ərizəsinin
icraata götürülməsindən imtina edilməsi, iş üzrə icraata xitam verilməsi və ya
iddianın baxılmamış saxlanılmasının prosessual əsasları

3.1. Beynəlxalq səlahiyyətlə əlaqədar prosessual məsələlərin həllinə iddia
ərizəsinin icraata qəbul edilməsi mərhələsindən etibarən diqqət yetirilməlidir.
İddia ərizəsinin icraata qəbulu mərhələsində məhkəmənin mübahisə üzrə
beynəlxalq səlahiyyətə malik olmadığı müəyyən edilərsə, MPM-in 153.2.1-ci
maddəsinə əsasən, həmin ərizənin qəbul edilməsindən imtina edilməli və bununla
əlaqədar MPM-in 153.3-cü maddəsinə uyğun olaraq, əsaslandırılmış qərardad qəbul
edilməli, eyni zamanda tərəflərə xarici ölkənin məhkəməsinə müraciət hüququ
izah edilməlidir.

3.2. Əgər işin icraatı başlandıqdan sonra həmin iş üzrə məhkəmənin beynəlxalq
səlahiyyətə malik olmadığı aşkar edilərsə, MPM-in 261.0.1, 262.1 və 262.3-cü
maddələrinə uyğun olaraq icraata xitam verilməsinə dair qərardad qəbul
edilməli, eyni zamanda tərəflərə xarici ölkənin məhkəməsinə müraciət hüququ
izah edilməlidir.

3.3. MPM-in 29,32.2, 259.0 və 259.0.5-ci maddələrinin birgə təfsirindən
müəyyən olunur ki, tərəflər mübahisənin arbitraja (münsiflər məhkəməsinə)
verilməsinə dair öz aralarında əvvəlcədən razılığa gələrək bunu ayrıca müqavilə
və ya müqavilə şərti ilə rəsmiləşdirmişlərsə, belə şərtin olması birmənalı
olaraq mübahisəyə həmin qaydada baxılacağı anlamına gəlmir. Prosessual
qanunvericilik tərəflər arasında mübahisəyə arbitrajda (münsiflər məhkəməsində)
baxılması barədə razılığın əldə olunduğu hallarda da işə məhkəmədə baxılmasını
istisna etməmiş, bunu işə mahiyyəti üzrə baxılanadək tərəflərin razılığından
asılı etmişdir. Bu baxımdan, konkret mübahisənin arbitrajda (münsiflər
məhkəməsində) baxılması ilə bağlı müvafiq müqavilə şərtinin olmasına
baxmayaraq, verilmiş iddia ərizəsinin icraata qəbul edilməsinin mümkünlüyü
MPM-in 152 və 153-cü maddələrinin tələbləri qaydasında yoxlanılmalıdır. Qeyd
olunan prosessual əsaslar olmadığı təqdirdə işə mahiyyəti üzrə baxılmasından
əvvəl mübahisənin məhkəmədə həll edilməsinə dair cavabdeh tərəfindən etiraz
daxil olarsa, iddia ərizəsinə MPM-in 259.0.5-ci maddəsinin tələbləri qaydasında
qiymət verilməli və ərizə baxılmamış saxlanmalıdır.

3.4. İddia ərizəsinin məhkəməyə təqdim olunması və işin məhkəmədə baxılmağa
hazırlanması mərhələsi barədə lazımi qaydada məlumatlı olan cavabdehin işə
mahiyyəti üzrə baxılmasından sonra verdiyi etirazı nəzərə alınmamalı və icraat
ümumi qaydada davam etdirilməlidir.

3.5. Arbitraj şərtinin mövcud olduğu hallarda yuxarıda göstərilən səbəblərdən
iddia ərizəsi baxılmamış saxlanılarsa və ya mülki mühakimə icraatı ümumi
qaydada davam etdirilərsə, məhkəmə bununla əlaqədar müvafiq əsaslandırma
aparmalıdır.

3.6. Tərəflər arasında arbitraj şərtinin mövcud olmasına baxmayaraq, məhkəməyə
iddia ərizəsi daxil olduqda, Azərbaycan Respublikasının 1999-cu il 9 noyabr
tarixində qoşulduğu “Xarici arbitraj qərarlarının tanınması və icrası haqqında”
1958-ci il 10 iyun tarixli Nyu-York Konvensiyasının 2-ci maddəsinin 3-cü
bəndinə və MPM-in 167.1, 167.1.5-ci maddələrinə uyğun olaraq tərəflərin
arbitraja müraciət etmək hüququ və bu hərəkətin nəticəsi onlara izah
edilməlidir.

3.7. Prosessual qənaət prinsipi baxımından kommersiya məhkəməsinin beynəlxalq
səlahiyyəti müəyyən edilmədən, iddia ərizəsinin MPM-in 149 və 150-ci
maddələrinin tələblərinə uyğunluğu yoxlanıla bilməz. Əgər məhkəmənin işə baxmaq
üçün beynəlxalq səlahiyyəti varsa, lakin iddia ərizəsi MPM-in 149 və 150-ci
maddələrinin tələblərinə cavab vermirsə, iddia ərizəsinin geri qaytarılması
barədə qərardadda ilk növbədə məhkəmənin beynəlxalq səlahiyyəti ilə bağlı
hüquqi əsaslandırma aparılmalı, yalnız bundan sonra iddia ərizəsinin geri
qaytarılmasına dair mövqe bildirilməlidir.

Xarici elementli mübahisələrdə xarici ölkələrdə verilmiş rəsmi sənədlərə dair
tələblər

4.1. Xarici elementli mübahisələrə baxılarkən, müvafiq xarici ölkədə verilmiş
sənədlərin lazımi qaydada rəsmiləşdirilməsinə diqqət yetirilməlidir.

4.2. Beynəlxalq hüququn ümumi prinsiplərinə görə, hər hansı ölkənin ərazisində
verilmiş və hüquqi qüvvəyə malik olan sənədlər müvafiq qaydada
rəsmiləşdirildikdən sonra digər ölkənin ərazisində istifadə oluna bilər. Belə
rəsmiləşdirmənin iki növü mövcuddur: 1) sənədlərin apostil edilməsi; 2) konsul
leqallaşdırılması.

4.3. Xarici elementli mübahisələrdə apostil edilməsi tələb olunan rəsmi
sənədlərin dairəsi, Azərbaycan Respublikasının 2004-cü il 5 mart tarixində
tərəfdar çıxdığı “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən”
1961-ci il 5 oktyabr tarixli Haaqa Konvensiyası (bundan sonra – mətndə
Konvensiya) ilə müəyyən edilmişdir. Sənədlərin apostil edilməsi həmin
Konvensiyaya üzv olan dövlətlərdə verilmiş sənədi imzalamış şəxsin imzasının,
habelə lazım gəldikdə həmin sənədə vurulmuş möhür və ya ştampın həqiqiliyini,
bu şəxsin kim qisimdə çıxış etdiyini təsdiq edir.

4.4. Konvensiyanın tələbinə görə, imzanın həqiqiliyini, sənədi imza etmiş
şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş
möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün tələb oluna biləcək yeganə
formallıq həmin sənədin təqdim edildiyi dövlətin səlahiyyətli orqanı tərəfindən
şəhadətnamənin əlavə edilməsidir. Şəhadətnamə sənədin özündə və ya sənədə əlavə
edilən ayrıca vərəqdə əks etdirilir, onu verən orqanın rəsmi dilində tərtib
edilə bilər.

4.5. Konvensiyanın 1-ci maddəsinin müvafiq yarımbəndlərində nəzərdə tutulan
aşağıdakı sənədlərin apostil edilməsinə diqqət yetirilməlidir:

– dövlət orqanından və ya dövlətin məhkəməsi və ya iqtisadi məhkəməsi ilə
əlaqəsi olan vəzifəli şəxsdən alınan sənədlər, o cümlədən dövlət
ittihamçısından (prokurordan), məhkəmə katibindən, məhkəmə icraçısından alınan
sənədlər üzrə məhkəmə aktları (qətnamə, qərardad, hökm və qərar), məhkəmə
tapşırıqları, icra qeydi, icra vərəqəsi (“a” yarımbəndi);

– inzibati sənədlər üzrə – inzibati orqanların və bələdiyyələrin sərəncamları,
qərarları, inzibati orqan və bələdiyyə rəhbərlərinin əmrləri, inzibati orqanlar
tərəfindən verilmiş şəhadətnamələr, lisenziyalar, icazələr, mülkiyyət, doğum,
ölüm və sair faktlar haqqında şəhadətnamələr, digər hüquqmüəyyənedici sənədlər
(“b” yarımbəndi);

– notarial aktlar üzrə notarial qaydada rəsmiləşdirilən və verilən bütün
sənədlər (“c” yarımbəndi);

– özəl fiziki şəxs tərəfindən imzalanmış sənədlərə bərkidilən (əlavə edilən)
rəsmi qeydlər, sənədin qeydiyyatını və ya müəyyən tarixdə baş vermiş faktı
təsdiq edən və imzaların notarial və rəsmi təsdiqlənməsinə bərabər tutulan
rəsmi sənədlər (qeydlər) (“d” yarımbəndi).

4.6. Konvensiya ilə diplomatik və ya konsulluq idarələri tərəfindən icra
edilən sənədlərin, eləcə də kommersiya və ya gömrük əməliyyatlarına birbaşa
aidiyyəti olan inzibati sənədlərin apostil edilməsi nəzərdə tutulmamışdır.

4.7. Azərbaycan Respublikasından kənarda Azərbaycan Respublikasının vətəndaşı
və ya hüquqi şəxsləri, yaxud əcnəbilər barədə verilmiş, tərtib edilmiş və ya
xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən müəyyən edilmiş qaydada
təsdiq edilmiş sənədlər, əgər qanunla və ya Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrdə başqa qayda nəzərdə tutulmamışdırsa, konsul
orqanları tərəfindən qanuniləşdirildikdən sonra Azərbaycan Respublikasının
məhkəmələri tərəfindən qəbul edilir (MPM-in 457-ci maddəsi).

4.8. Konsul leqallaşdırması sözügedən Konvensiyaya üzv olmayan dövlətlərdə
verilmiş sənədlərdəki imzaların həqiqiliyini, bu sənədin konsulluğun yerləşdiyi
dövlətin qanunlarına uyğun olmasını müəyyənləşdirmək və təsdiq etmək üçün
həyata keçirilir. Sənədlərin apostil edilməsinə nisbətən konsul leqallaşdırması
daha uzunmüddətli prosedur olaraq bir neçə qurumun təsdiqini zəruri edir;
sənədin təqdim olunması nəzərdə tutulmuş xarici dövlətin diplomatik və
konsulluq idarələri tərəfindən təsdiq edilməsi üzrə formallıqların həyata
keçirilməsini nəzərdə tutur.

4.9. Sənədlərin rəsmiləşdirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının
tərəfdar çıxdığı digər beynəlxalq müqavilələrdə də müvafiq qaydaların müəyyən
edilməsi mümkündür. Belə ki, 2002-ci il oktyabrın 7-də Kişinyov şəhərində
Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının iclasında imzalanmış
“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər
haqqında” Konvensiyanın 43-cü maddəsinə əsasən, etibarnamənin forması və
müddəti onun verildiyi Razılığa gələn Tərəfin qanunvericiliyinə əsasən müəyyən
edilir. Bu cür etibarnamə ərazisində istifadə ediləcək Razılığa gələn Tərəfin
dilinə, yaxud rus dilinə notarial qaydada təsdiqlənmiş tərcümə ilə birlikdə
Razılığa gələn digər Tərəflərin ərazilərində hər hansı bir xüsusi təsdiq tələb
etmədən tətbiq ediləcəkdir.

4.10. Bundan başqa, “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası
Qanununun 18-ci maddəsinin tələbi baxımından etibarnamənin forması və qüvvədə
olması müddəti onun verildiyi ölkənin hüququ ilə müəyyən olunur. Lakin
etibarnamənin formasına riayət edilməməsi nəticəsində o, etibarsız sayıla
bilməz, bu şərtlə ki, onun forması Azərbaycan Respublikası hüququnun
tələblərinə uyğun olsun. Bu baxımdan, etibarnamə onun verildiyi ölkənin hüququ
ilə tələb olunan formaya uyğun verilmişsə etibarlı hesab edilməlidir.

Xarici elementli mübahisələrdə tətbiq edilməli maddi hüququn seçilməsi, həmin
mübahisələrdə tətbiq edilən xarici maddi hüququn məzmununun məhkəmələr
tərəfindən müəyyən edilməsi

5.1. Xarici elementli mübahisələr xarici elementli mülki dövriyyədən
yarandığından mübahisənin düzgün həlli üçün hansı dövlətin (Azərbaycan
Respublikasının və ya müvafiq xarici dövlətin) maddi hüququnun tətbiq edilməsi
düzgün müəyyən edilməli, bu zaman beynəlxalq xüsusi hüququn tələblərinə əməl
edilməlidir.

5.2. Beynəlxalq xüsusi hüquq xarici elementli mübahisələrdə münasibətin hansı
dövlətin hüquq sisteminə tabe olmasını iki metodla müəyyən edir: 1) kollizion
hüquqi metod; 2) maddi hüquqi metod. Həmin metodlara uyğun olaraq, beynəlxalq
xüsusi hüquq normaları da iki qrupa bölünür: 1) kolliziya hüquq normaları; 2)
xüsusi təyinatlı maddi hüquq normaları.

5.3. Beynəlxalq xüsusi hüquqda eyni münasibəti tənzimləyən müxtəlif milli
hüquq sistemlərinə mənsub hüquq normaları arasında kolliziya yaranır. Həmin
münasibətin tənzimlənməsi üçün ilkin olaraq onlardan birini seçmək zərurəti
meydana çıxır. Məsələ kollizion hüquq normalarının tətbiqi ilə həll edilir. Bu
baxımdan, münasibəti mahiyyət etibarı ilə tənzimləməkdən ötrü ilkin olaraq məhz
kolliziya məsələsini həll etmək lazım gəlir.

5.4. Kolliziya hüquq normaları dövlətdaxili qanunvericilikdə və beynəlxalq
müqavilələrdə nəzərdə tutula bilər. Azərbaycan Respublikasının
qanunvericiliyində kolliziya hüquq normaları əsasən 2000-ci il 6 iyun tarixində
qəbul edilmiş “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının
Qanununda öz əksini tapmışdır.

5.5. Kolliziya hüquq normalarından fərqli olaraq xüsusi təyinatlı maddi hüquq
normaları xarici elementli xüsusi hüquq münasibəti iştirakçıları üçün
bilavasitə davranış qaydası yaradır. Belə normalar kollizion mərhələdən yan
keçərək birbaşa tətbiq edilir. Məsələn, Azərbaycan Respublikasının Ticarət
Gəmiçiliyi Məcəlləsinin “Tətbiq edilən hüquq” adlanan XXVI fəslində ticarət
gəmiçiliyindən yaranan xarici elementli münasibətlər tənzimlənərkən hansı
dövlətin hüquq normalarının tətbiq edilməsi birbaşa müəyyən edilmişdir.

5.6. Mübahisəli hüquq münasibətinə tətbiq edilməli dövlətin maddi hüququnun
məhkəmələr tərəfindən seçilməsinin hüquqi əsasları aşağıdakılardır: 1) mübahisə
tərəfləri arasında bağlanmış müqavilə (razılaşma); 2) Azərbaycan
Respublikasının tərəfdar çıxdığı dövlətlərarası ikitərəfli və ya çoxtərəfli
beynəlxalq müqavilələr; 3) ümumi qəbul olunmuş beynəlxalq adətlər; 4)
“Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanunu; 5) digər
milli qanunvericilik aktları (“Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan
Respublikası Qanununun 1.2-ci maddəsi).

5.7. Tətbiq edilməli olan maddi hüququn seçilməsinə dair tərəflərin razılığı
ayrıca müqavilə formasında və ya hər hansı müqavilənin şərtlərindən biri kimi
ifadə edilə bilər.

5.8. Mübahisə tərəfləri yazılı ifadə olunmuş razılaşmada aralarında yaranan
konkret mübahisənin hər hansı xarici ölkənin maddi hüququ əsasında həllini
nəzərdə tutmuşlarsa, həmin ölkənin qanunu tətbiq edilməlidir (“Beynəlxalq
xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsi).

5.9. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun
24.3-cü maddəsinin tələbi baxımından tərəflər tətbiq olunmalı hüququ yalnız
müqavilənin imzalandığı vaxt deyil, sonra da seçə bilərlər. Tərəflər həm də
istənilən vaxt müqavilə ilə əlaqədar tətbiq olunan hüququn dəyişilməsi barədə
razılığa gələ bilərlər.

5.10. Bu baxımdan, tərəflər arasında konkret mübahisəyə xarici hüququn
tətbiqinə dair müqavilənin və ya müqavilə şərtinin mövcudluğuna baxmayaraq,
tərəflərdən biri mübahisəyə Azərbaycan Respublikası qanununun tətbiqini
məhkəmədən xahiş edirsə və qarşı tərəfin etirazı yoxdursa, həmin hal nəzərə
alınaraq mübahisəyə Azərbaycan Respublikasının maddi hüquq normaları tətbiq
edilməlidir.

5.11. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr
Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsi
olduğundan, tərəflərin bildirməsindən asılı olmayaraq, “jura novit curia” –
“məhkəmə hüququ bilir” prinsipi əsas götürülərək xarici elementli mübahisəni
tənzimləyən, xarici maddi qanunun tətbiqinə dair Azərbaycan Respublikasının
tərəfdar çıxdığı beynəlxalq müqavilənin olub-olmaması araşdırılmalıdır.

5.12. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə
müvafiq münasibətə tətbiq edilməli maddi hüquq norması mövcuddursa, belə
münasibətlərin tənzimlənməsi məqsədilə kolliziya normasına istinad istisna
olunur. Bu hal Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinin
tələblərindən irəli gəlir.

5.13. Eyni məsələni tənzimləyən bir neçə beynəlxalq müqavilə mövcud olduğu
halda (misal üçün hüquqi yardım ilə əlaqədar), hansının üstünlüyə malik olması
müəyyən edilərkən, Azərbaycan Respublikasının 2017-ci il 2 oktyabr tarixində
qoşulduğu 1969-cu il 23 may tarixli “Beynəlxalq müqavilələr hüququ haqqında
Vyana Konvensiyası”nın eyni məsələyə aid olan ardıcıl surətdə bağlanmış
müqavilələrin tətbiqi qaydasını nizamlayan 30-cu maddəsinin tələbləri əsas
götürülməlidir.

5.14. “Xüsusi qanun ümumi qanunu üstələyir” prinsipinə əsasən ümumi normaları
nəzərdə tutan beynəlxalq müqavilələr xüsusi normaları müəyyənləşdirən
beynəlxalq müqavilələrə nisbətdə tətbiq üstünlüyünə malik deyildir. Belə
yanaşma yalnız xüsusi norma müəyyənləşdirən beynəlxalq müqavilənin özündə başqa
qaydanın nəzərdə tutulması halında istisna olunur və onun tətbiqinin nə
müqavilələrin qəbul edilmə tarixindən, nə də müqavilə tərəflərinin sayından
asılılığını nəzərdə tutur. Konkret məsələ üzrə iki beynəlxalq müqavilənin
rəqabəti zamanı üstünlüyün hansı müqaviləyə verilməsinin müəyyən edilməsi üçün
həmin müqavilələrin məzmununa diqqət yetirilməli, tərəflər üçün daha xüsusi
hüquqi rejim müəyyən edən beynəlxalq müqaviləyə üstünlük verilməlidir.

5.15. Beynəlxalq ticarət adətləri beynəlxalq təcrübədə uzun illər ərzində
formalaşmış elə davranış qaydalarıdır ki, beynəlxalq hüquq subyektləri onları
hüquqi baxımdan hamılıqla qəbul edirlər. Belə adətlərə daha çox beynəlxalq
ticarət dövriyyəsində, beynəlxalq pul hesablaşmalarında, beynəlxalq ticarət
gəmiçiliyində müxtəlif ölkələrin hüquqi və fiziki şəxsləri arasında sahibkarlıq
sahəsində yaranan münasibətlərdə rast gəlinir.

5.16. Məhkəmə beynəlxalq ticarət adətlərini aşağıdakı əsaslarla tətbiq edə
bilər:

– daxili qanunvericilikdə nəzərdə tutularsa (Məsələn: Ticarət Gəmiçilik
Məcəlləsi, maddə 224 və s.);

– Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə
tutularsa (Məsələn: “Malların beynəlxalq alqı-satqısına dair müqavilələr
haqqında” 1980-ci il Vyana Konvensiyası, maddə 9);

– Mübahisə tərəflərinin müqaviləsində bu adətlərə istinad edilərsə və ya
müvafiq sahibkarlıq münasibətləri sferasında konkret davranış qaydası artıq
adətə çevrilibsə (“lex mercatoria” – ticarət adəti hüququ).

5.17. Xarici elementli mübahisələrdə beynəlxalq ticarət adətləri tətbiq
edilərkən bu adətləri təsbit edən aşağıdakı sənədlərin: “Ticarət terminlərinin
unifikasiyalaşdırılmış şərhi üzrə Beynəlxalq Qaydalar” (İNKOTERMS), “Sənədli
akkreditivlər üçün unifikasiya edilmiş qayda və adətlər”, “İnkasso üzrə
unifikasiya edilmiş qaydalar”, “Müqavilə qarantiyaları üzrə unifikasiya edilmiş
qaydalar”ın və s. tələbləri nəzərə alınmalıdır.

5.18. Beləliklə, xarici elementli mübahisəyə hansı dövlətin maddi hüququnun
tətbiq edilməli olduğu müəyyənləşdirilərkən aşağıdakı ardıcıllığa əməl
edilməlidir.

– mübahisəyə hansı ölkənin maddi hüququnun tətbiqi ilə bağlı tərəflər arasında
bağlanmış ayrıca yazılı razılaşmanın (müqavilə, saziş və s.) və ya razılaşma
şərtinin, yaxud Azərbaycan Respublikası qanununun tətbiqi barədə məhkəməyə
ünvanlanan aydın iradə ifadəsinin mövcudluğu;

– Azərbaycan Respublikasının tərəfdar çıxdığı ikitərəfli və ya çoxtərəfli
beynəlxalq müqavilənin, yaxud uzun illər ərzində formalaşmış beynəlxalq
adətlərin mövcudluğu;

– Azərbaycan Respublikasının mübahisəli münasibətləri tənzimləyən və hansı
ölkənin qanununun tətbiq edilməli olmasını müəyyən edən sahəvi qanunlarının
mövcudluğu;

– “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən edilmiş kolliziya hüquq normalarının mövcudluğu.

5.19. Tətbiq edilməli olan xarici hüququn məzmununun müəyyən edilməsi xidməti
vəzifəsinə görə (ex officio) məhkəməyə aiddir. Xarici elementli mübahisələrdə
tətbiq edilməli xarici hüququn məzmunu məhz müvafiq ölkədə onların rəsmi
təfsirinə və tətbiqi praktikasına uyğun olaraq müəyyən edilməlidir. Xarici
hüququn məzmununun müəyyən edilə bilmədiyi aşağıdakı hallarda məhkəmə
dövlətdaxili hüququ (lex fori) tətbiq edir: a) xarici qanunun məzmununun
müəyyən edilməsi ilə bağlı görülmüş tədbirlər nəticə verməsin; b) yaxud bu
tədbirlər həddən çox xərc tələb etsin; c) mübahisə tərəflərindən heç biri öz
tələb və etirazlarını əsaslandırmaq üçün istinad etdikləri hüquq normalarını
təsdiqləyən sənədləri təqdim edə bilməsin.

5.20. Müvafiq ölkədə rəsmi təfsir və tətbiq praktikası müəyyənləşdirilərkən,
həmin ölkədə aidiyyəti dövlət və peşəkar qurumların, o cümlədən elmi tədris
müəssisələrinin və ya peşəkar hüquqşünas alimlərin rəylərinin alınmasına
üstünlük verilə bilər.

5.21. Ələt azad iqtisadi zonasında mülki işlər və kommersiya mübahisələri üzrə
məhkəmə icraatının aparılması zamanı “Ələt azad iqtisadi zonası haqqında”
Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınır (MPM-in 1.6-cı
maddəsi). Bu baxımdan, hazırkı Plenum qərarı ilə müəyyən edilən izahlar “Ələt
azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun (maddə 25, 26)
tələbləri baxımından Azad Zonada mübahisələrə baxılmasını və onların həllini
təmin edən qurumların yurisdiksiyasına aid olan kommersiya mübahisələrinə şamil
edilmir.

5.22. Hazırkı Plenum qərarı ilə verilmiş izahlar mülki mübahisələrin
xüsusiyyətləri, habelə inzibati məhkəmə icraatının prinsipləri nəzərə
alınmaqla, həmin işlər üzrə məhkəmə icraatlarında da tətbiq oluna bilər.

Source link