a692e7e6-b8f7-4f4a-ae17-a9c809de78ef.jpg

Alkoqollu içkilərə dair minimal qiymət siyasəti səmərə verə bilərmi?

Baxış sayı: 145 dəfə baxılıb.

Pərviz Heydərov yazır…

Son günlər mübahisə doğuran məsələlərdən biri də ölkə üzrə alkoqollu içkilərin
pərakəndə satış qiymətində minimum həddin müəyyən olunacağıdır.
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna edilən dəyişikliklərə
əsasən alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymətin müəyyən
edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsbit edilən orqan
(qurum) vasitəsilə təsdiq olunacaq ki, sözügedən məhsul növü həmin qiymətdən
aşağı satılmayacaq.

Qeyd olunan dəyişiklik ölkənin, habelə yerli istehsalçıların iqtisadi
maraqlarını qorumaq, istehlakçıların sağlamlıqları ilə hüquqlarının müdafiəsini
daha yaxşı təşkil etmək, daxili bazarda minimum keyfiyyət və təhlükəsizlik
göstəricilərinə cavab verməyən alkoqollu içkilərin satışını və bu sahədə
qanunsuz sahibkarlığın qarşısını almaq məqsədilə Prezidentin 7 fevral 2023-cü
il tarixli müvafiq sərəncamına əsasən hazırlanaraq irəli sürülüb.

Bu da spirtli içkilərlə bağlı yeni qiymət-satış siyasətinin ortaya qoyulacağı
deməkdir. Ancaq hesab edirəm ki, müəyyən nüansları nəzərə almaq və ehtiyatla
addımlamaq lazımdır. Məsələn, sözügedən sərəncamın 1.3. bəndində yazılıb ki,
alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymət tələbi beynəlxalq
təcrübə nəzərə alınmaqla müəyyən edilməlidir.

Sual olunur, bunun bizə xeyri ola bilərmi? Ümumiyyətlə, qiymətdə döşəmə
siyasəti istehlak bazarımızda dövriyyədə texniki normativ hüquqi aktlarla
müəyyən olunan minimum keyfiyyət, təhlükəsizlik göstəricilərinə cavab verməyən
alkoqollu içkiləri sıradan çıxaracaqmı? Minimum qiymət səviyyəsinin tətbiqi ilə
bu sahədə tələb olunan səviyyədə dövlət tənzimlənməsinə real olaraq nail olmaq
mümkündürmü?

Hesab edirəm, indiki şəraitdə xeyr. Bunun bir neçə səbəbi var. Əvvəla, bu kimi
məsələlərin həllində inzibati metodlar effekt verməyib, vermir və verə də
bilməz. Ölkəmizdə alkoqollu içki satışı sahəsində mövcud vəziyyət həqiqətən də
dövlət tənzimlənməsinin təkmilləşdirilməsini və bu sahədə əlavə tədbirlərin
həyata keçirilməsini vacib sayır. Ancaq hələ ki birbaşa olaraq bu yolla deyil.

Doğrudur, alkoqollu içkilərin pərakəndə satışı sahəsində minimum qiymət
tətbiqi beynəlxalq təcrübədə var. Lakin onlarda bu, sırf sağlamlıq, keyfiyyətə
nəzarət etmək deyil, istehlakı azaltmaq məqsədi daşıyır.

İnzibati şəkildə qiymət tətbiqi yolu ilə alkoqollu içkilərin təhlükəsizliyi və
keyfiyyəti sahəsində istehlakçıların hüquqlarını tam şəkildə qorumaq, onları
aldadan hər hansı digər fəaliyyətin qarşısını almaq və bu sahədə qanuni
fəaliyyət göstərən intizamlı, peşəkar sahibkarlıq subyektlərinin maraqlarını
təmin etmək, ümumiyyətlə daxili bazarı aşağıkeyfiyyətli məhsullardan hifz
etmək, qeyri-qanuni istehsalı aradan qaldırmaq mümkün deyil.

İkincisi, qiymət məlum olduğu kimi tələb və təklifin nisbəti əsasında təşəkkül
tapır və formalaşır. Əlverişli qiymətlərin ortaya çıxması üçünsə ortada rəqabət
amili olmalıdır. Azərbaycan özü bu gün çoxlu çeşiddə alkoqollu içkilər istehsal
edir və bu sahədə idxal-ixrac həyata keçirir. Bəzi idxal məhsulları yerli
məhsullardan baha olsa da, elə yerli alkoqollu içkilər də var ki, bir sıra
xarici analoqlarından keyfiyyəti üstün olduğuna görə baha təklif olunur. Hansı
ki, yerli alıcıların çoxunun bunlara heç də “əli çatmır”.

Bu, nəyi göstərir? Demək, sözügedən məhsullar üzrə daxili bazar əslində,
formalaşmış vəziyyətdə sayılır. O zaman biz nəyi tənzimləmək istəyirik və yaxud
nəyə nail olmağa çalışırıq?

Bəli, doğrudur: satışda texniki normativ hüquqi aktlarla müəyyən olunmuş
minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinə cavab verməyən alkoqollu
içkilər mövcuddur və heç də az deyil. Ancaq bu, qiymətlərin mövcud
səviyyəsindən deyil, qanunsuz istehsal, qaçaqmalçılıq, vergidən yayınma,
nəzarətsizlik kimi amillərin varlığından irəli gəlir. Odur ki, qiymətdə döşəmə
siyasətinin tətbiqi indilikdə bütün bunları aradan qaldıra bilməz.

Belə ki, hər şeyin necə deyərlər, öz alıcısı var. Başqa sözlə, keyfiyyətsiz
məhsulun da alıcıları olduğundan döşəmə qiyməti kara gələ bilməyəcək.

Üçüncüsü və bəlkə də ən mühümü isə ondan ibarətdir ki, alkoqollu içkilər satış
həcmi, alqı-satqı dövriyyəsi yüksək xarakter daşıyan məhsullar sırasına daxil
olduğundan bunlara həm də aksiz vergisi tətbiq olunur. Aksiz – qanunvericilikdə
müəyyən edilən aksizli malların satış qiymətinə daxil edilən dolayı (istehlak)
vergi növü sayılır. Ölkədə istehsal edilən, yaxud ölkəyə idxal olunan aksizli
mallardan, vergidən azad edilən mallar istisna olunmaqla, aksiz tutulur.

Aksizli mallara içməli spirt, pivə və spirtli içkilərin bütün növləri, tütün
məmulatları, neft məhsulları və sair daxildir. Aksiz dərəcələri ən çox istehlak
olunan, alqı-satqısı çox olan məhsullar üzrə həyata keçirildiyindən büdcə
gəlirlərini artırmaq məqsədi ilə demək olar, hər il yüksəldilir.

Alkoqollu içkilər üçün isə sonuncu dəfə cari ilin əvvəlində, 80 qəpik
qaldırılıb.

Belə ki, içməli spirt (o cümlədən tərkibində 80%-dən az spirt olmayan
denaturlaşdırılmamış etil spirti; tərkibində 80%-dən az spirt olan
denaturlaşdırılmamış etil spirti), araq (vodka), tündləşdirilmiş içkilər və
tündləşdirilmiş içki materialları, likör və likör məmulatları, konyak və konyak
materiallarının hər litri üçün sözügedən dərəcə 4 manatdan 4,8 manatadək
yüksəldilib.

Bütün bunlar da sözügedən məhsullar üzrə qiymətlərin artmasına səbəb olub.
Ümumiyyətlə, aksiz dərəcələri son illər ərzində xüsusən tütün məmulatları və
alkoqollu içkilər üzrə bir neçə dəfə artırılıb ki, hər dəfə də bu, qiymətlərə
təsir edib və edir. Sadəcə olaraq, adıçəkilən məhsullar ən zəruri tələb duyulan
istehlak malları sırasına daxil olmadığından, bütün bunlar ölkədəki sosial
duruma təsirsiz ötüşür.

Lakin…

Təcrübə göstərib və göstərir: hər hansı bir məhsulun satış qiyməti əgər, vergi
və yaxud digər səbəblər üzündən ardıcıl bahalaşırsa demək, həmin növ məhsulun
qeyri-qanuni istehsalı, qaçaqmalçılığı, vergidən yayındırma yolu ilə bazara
çıxarılması üçün münbit şərait yaranır.

Ona görə də aksiz dərəcələrini davamlı olaraq yüksəltmək məqsədəuyğun deyil və
bunu, xüsusən də alqı-satqısı geniş xarakter daşıyan məhsullar üzrə nəzərə
almaq vacib sayılır. Büdcə gəlirlərinin artırmaq üçün həyata keçirilən
sözügedən siyasətin müəyyən bir həddi olmalı, bəzi nüanslar mütləq şəkildə
nəzərə alınmalıdır.

Qeyd oluna bilər, Ümumdünya Səhiyyə Təşkilatı sözügedən məhsullar üzrə aksiz
dərəcələrini 60-65%-ə çatdırmağı tövsiyə edir. Düzdür, ancaq bu, bazara tam
nəzarət olunan şəraitdə mümkündür. Belə ki, davamlı və sürətli artım əks effekt
yarada, gəlirləri azalda, qanunsuz və qeyri-normal rəqabət mühiti ortaya çıxara
bilər.

Odur ki, alqı-satqı dövriyyəsi yüksək xarakter daşıyan məhsullar üzrə aksiz və
vergi dərəcələrinin artırılması ümumi tənzimləyici iqtisadi siyasət
kontekstindən kənara çıxmalı deyil. Minimal qiymət həddinin müəyyən və təsbit
olunması də eyni çərçivədə baxılaraq, həll edilməli məsələ sayılır.

Source link