Allahşükür Paşazadə: Etnik və dini müxtəliflik ölkəmizin milli sərvətidir

Allahşükür Paşazadə: Etnik və dini müxtəliflik ölkəmizin milli sərvətidir

Baxış sayı: 2. 581 dəfə baxılıb.

Allahşükür Paşazadə: Etnik və dini müxtəliflik ölkəmizin milli sərvətidir

Etnik və dini müxtəliflik ölkəmizin milli sərvəti kimi dəyərləndirilir.

ÇıxışYolu.Com xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə “Dinlərarası və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib. 

Onun sözlərinə görə, Azərbaycanda dini-mənəvi irsə böyük ehtiram, müxtəlif mədəniyyətlərin dialoqu, tolerantlıq ənənələri olduqca yüksək səviyyədədir: 

“Milli və dini tolerantlıq ölkəmizdə dövlət səviyyəsində dəstəklənir. Etnik və dini müxtəliflik ölkəmizin milli sərvəti kimi dəyərləndirilir. Təbii ki, burada siyasi iradənin böyük əhəmiyyəti var”. 

Şeyx qeyd edib ki, Azərbaycan artıq mədəniyyətlərarası, dinlərarası dialoqa dair mötəbər beynəlxalq tədbirlərin, o cümlədən, Dini Liderlərin Ümumdünya Sammitinin keçirildiyi ənənəvi məkana çevrilib. 

A.Paşazadə onu da əlavə edib ki, prezident İlham Əliyevin qlobal miqyasda dəyər kəsb edən təşəbbüsləri bəşəriyyətin ümumi inkişafına xidmət edir: 

“Müasir Azərbaycan bu gün dini dəyərlərə ən yüksək ehtiramın, məscidlərlə yanaşı, xristian və yəhudi dini məbədlərinə dövlət səviyyəsində qayğı və himayənin mövcud olduğu nümunəvi məkandır. Azərbaycan müxtəlif sivilizasiyalar arasında tarixən oynadığı mənəvi körpü rolunu bu gün də layiqli şəkildə davam etdirir”. 

“Təəssüf ki, bu gün dünyada humanitar fəlakətlər, insan qırğını, miqrant böhranı kimi hallar mövcuddur. 20 faiz torpağı erməni ekstremistləri tərəfindən işğal olunmuş, bir milyondan artıq soydaşı qaçqın-məcburi köçkün taleyi yaşamağa məcbur olan, Xocalı soyqırımına məruz qalmış Azərbaycan xalqı ən ağrılı problemimiz olan Qarabağ münaqişəsinin müharibə yolu ilə deyil, beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu ilə ədalətli həllinin tərəfdarıdır.

Bu gün bütün problemlərin fövqündə duran sülhün qorunması probleminin həllində, habelə terrorçuluq, islamofobiya, antisemitizm, ekstremizm və radikalizmin önlənməsində dövlət rəhbərlərinin, ictimai və dini qurum liderlərinin birgə əməkdaşlığı vacibdir. 

Konfessiyalararası anlaşma, dinlərarası dialoq, müxtəlif din xadimlərinin əməkdaşlığı – milyonlarla insan üçün ən gözəl örnəkdir. Məzhəbindən asılı olmayaraq, bölgə müsəlmanlarının tarixi dini mərkəzi olan Qafqaz Müsəlmanları İdarəsi dinlərarası dialoq sahəsində malik olduğu təcrübəni məhz bu istiqamətdə davam etdirir.

Azərbaycanda din-dövlət münasibətlərinin yüksək səviyyəsi bütün bu uğurlarımıza rəvac verən məqamlardandır”, – deyə Şeyxülislam bildirib.

Könül Cəfərli