Almaniyada top qovan həmyerlimiz: “Bəzi komandalarla danışıqlar gedir” –
MÜSAHİBƏ + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Bəzi komandalarla danışıqlar gedir. Lakin rəsmi anlaşma yoxdur. Buna görə də
konkret klub adı çəkməyim düzgün olmaz”.
Bu sözləri AZƏRTAC-a müsahibəsi zamanı Azərbaycanın U-15 yığmasının və
Almaniyanın “Herta Zelendorf” klubunun futbolçusu Zeyd Nəsirulla deyib.
Həmin müsahibəni təqdim edirik.
– Almaniyanın “Herta Zelendorf” klubunda işləriniz necə gedir?
– Hazırda hər şey qaydasındadır. Əsas heyətdə mərkəz müdafiəçisi kimi çıxış
edirəm. Çempionat da artıq sona yaxınlaşır. Dörd turdan sonra çempion
müəyyənləşəcək. Bu vaxta kimi üç qola imza atmışam. Müdafiəçi üçün yaxşı
göstəricidir. Mövsümü özüm üçün yaxşı qiymətləndirirəm.
– Təhsilinizlə bağlı məlumat verərdiniz. Həm təhsil, həm futbol… Çətin deyil?
– Çıxış etdiyim klub aşağı yaş qruplarında olan futbolçuların təhsilinə çox
böyük önəm verir. Günün birinci yarısında məktəbə gedirəm. Çalışıram ki,
dərslərim də yaxşı olsun. Alman dilini artıq sərbəst danışıram. Bu da mənə
məşqlərdə çox kömək olur.
– Səhv etmirəmsə, bu yaxınlarda turun oyunçusu seçilmişdiniz?
Təəssüratlarınızı bilmək maraqlı olardı…
– Bəli, bu yaxınlarda səfərdə çox önəmli matça çıxdıq. Almaniyanın məşhur
komandalarından biri olan “Union Berlin”lə qarşılaşdıq. 4:2 hesabı ilə qalib
gəldik. İkinci qolun müəllifi özüm idim. Qarşımızda güclü rəqibin olmasına
baxmayaraq, sona kimi mübarizə apardıq. Belə güclü rəqib üzərində əldə
etdiyimiz qələbəyə görə çox sevincliyəm. Yaxşı çıxışım nəticəsində həftənin
oyunçusu adına da layiq görüldüm. Komandama xeyir vermək məni çox sevindirir.
– Komandanız hazırda yuxarı pillələrdə qərarlaşıb. Komandanızın hədəfləri
nədir?
– Regional Liqada çıxış edən bütün komandalar olduqca güclüdür. “Leypziq”,
“Herta Berlin” və “Maqdeburq” kimi iddialı klubların adlarını çəkə bilərəm.
Amma biz də bir o qədər təhlükəli rəqib hesab olunuruq. Hazırda ilk beşlikdə
qərarlaşmışıq. Hədəf mövsümün sonuna kimi mövqeyimizi qoruyub saxlamaqdır. Eyni
zamanda çempionatın ən az qol buraxan komandalarından biriyik. Bu da müdafiə
xəttimizin çox güclü olduğunun göstəricisidir.
– Artıq mövsüm sona yaxınlaşır. Başqa təklifləriniz varmı? Hazırkı klubunuzda
sizə yeni müqavilə təklif olunubmu?
– Düzdür, təkliflər var. Bəzi komandalarla danışıqlar gedir. Lakin rəsmi
anlaşma yoxdur. Buna görə də konkret klub adı çəkməyim düzgün olmaz. Karyeramı
hazırkı klubumda davam etdirsəm, gələn il bizi 17 yaşadək futbolçulardan ibarət
komandada oynatmağı planlayırlar. Çünki Regional Liqa uşaqlar üçün olduqca
güclülərdən hesab olunur. Almaniyada təxminən 7-8 liqa mövcuddur. Regional
Liqaya çox önəm verilir. Nəzərə almaq lazımdır ki, bu, ən üst liqadır.
– Hazırkı klubunuzda sizə yeni müqavilə təklif olunubmu?
– Hələ mövsüm davam edir. Bütün diqqətimi son oyunlara yönəltmişəm. Mövsümün
sonunda hər şeyə aydınlıq gələcək.
– Əvvəlki müsahibənizdə demişdiniz ki, Bundesliqada oynamaq ən yaxın
hədəflərinizdən biridir. Bunun üçün təqribən neçə il lazımdır?
– Bəli, bu, hələ də əsas hədəflərimdən biridir. Bunun üçün də 16-18 yaş
aralıqlarında keyfiyyətli komandada oynayıb, özümü yaxşı tərəfdən göstərməyi
planlayıram. Bundesliqada oynamaq imkanı əldə etmək üçün öz üzərimdə fərdi
olaraq çox işləyirəm. Qollar vururam, istəyimi reallaşdırmaq üçün əlimdən
gələni edirəm. Səylərim nəticəsində məqsədimə çatacağıma inanıram. Azərbaycan
millisində çıxış etmək də ən böyük arzularımdan biridir. U-17-nin heyətində
Avropa çempionatına dəvət almaq istəyirəm.