4de75300-0c93-4e99-b38e-612598fcefaf..jpg

Almaniyalı alim: “İrəvanda 1918-ci ilədək erməni hökmdarlığı olmayıb” – FOTO

Baxış sayı: 846 dəfə baxılıb.

Almaniyalı alim: “İrəvanda 1918-ci ilədək erməni hökmdarlığı olmayıb” – FOTO

“İrəvanda 1918-ci ilədək erməni hökmdarlığı olmayıb”.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, bunu almaniyalı
tədqiqatçı Dr. Mixael Reynhard Hess “Spiegel” jurnalına ünvanladığı məktubda
bildirib.

Almaniya mediasında Azərbaycana qarşı yayımlanan audioreportaja (podkast)
layiqli cavab verilib. Belə ki, son illər aparılmış məqsədyönlü fəaliyyət
nəticəsində ölkəmizə dost münasibəti bəsləyən və Azərbaycanla bağlı mükəmməl
tarixi biliklərə sahib əcnəbi alimlərdən biri olan almaniyalı tədqiqatçı Dr.
Mixael Reynhard Hess ölkəmiz əleyhinə böhtanlarla dolu reportajı
əsaslandırılmış faktlarla darmadağın edib.

Qeyd edək ki, Almaniyanın “Spiegel” jurnalının beynəlxalq mövzularda
yayımlanan “8 milyard” başlıqlı audioreportajları sırasında aparıcı Olaf Heuser
yanvarın 14-də növbəti podkastını Azərbaycan-Ermənistan münasibətlərinə həsr
edib (https://www.spiegel.de/thema/podcast-acht-milliarden/
). “Dağlıq Qarabağın
blokadasının Rusiya müharibəsi ilə nə əlaqəsi var?” başlıqlı audioreportajda
Ermənistan və Azərbaycan arasındakı keçmiş münaqişənin tarixi və hazırkı
vəziyyəti, o cümlədən azərbaycanlı ekofəalların Laçın dəhlizi ətrafındakı
etiraz aksiyası, Azərbaycanın siyasi rəhbərliyi tərəfindən irəli sürülən Qərbi
Azərbaycan konsepsiyası məsələləri əks olunub. 33 dəqiqəlik podkast tamamilə
təhrif olunmuş və yalnız erməni mövqeyindən hazırlanıb, bir İrəvan sakini və
Anna Aridcanyan adlı bir erməni jurnalistdən isə “zamin qismində” müsahibə
alınıb.

Almaniyalı alim, “Şuşanın irsi” kitabının müəllifi Dr. Mixael Reynhard Hess
təhriflərlə dolu və qeyri-peşəkar hazırlanmış reportajla bağlı “Spiegel”in
redaksiyasına geniş həcmli, etiraz məzmunlu oxucu məktubu göndərib.

Dr. Hess oxucu məktubunda Qarabağın “Spiegel” jurnalı tərəfindən səhvən
“eksklav” kimi təqdim olunması ilə bağlı 44 günlük müharibə dövründən bəri
dəfələrlə etiraz məktubları göndərdiyini vurğulayıb. Onun fikrincə,
audioreportajın əsas məğzi ermənilərin yalnız qurban kimi, azərbaycanlıların
isə əksinə – avtokrat və cinayətkar kimi təqdim edilməsi olub. Bütün veriliş
ərzində Dağlıq Qarabağ dedikdə, yalnız orda yaşayan ermənilər nəzərdə tutulur,
bu regionun 1990-cı illərdə Ermənistan tərəfindən işğal olunmasına qədər
“Dağlıq Qarabağ Muxtar Vilayəti”ndə 40 000 azərbaycanlının yaşaması,
ümumiyyətlə, dilə gətirilmir. Ermənistan təcavüzünün qurbanı olan
azərbaycanlılar Heuser tərəfindən “əhəmiyyətsiz məsələ”, “ikinci dərəcəli
qurban” kimi bir dəfə belə olsun, xatırlanmır.

M.Hess qeyd edib ki, “audioreportaj 100% Azərbaycansız Qarabağ təqdim etməklə
tam olaraq Ermənistanın etnik təmizləmə siyasəti mənasında yayımlanıb”. Bununla
aparıcı Heuser Ermənistanın 1990-cı illərdə həyata keçirdiyi müharibə
cinayətini dolayısı ilə legitimləşdirmiş olub.

Dr. Hess Qarabağın Arsax kimi təqdim edilməsinə də məhz erməni elmi
mənbələrindən sitat gətirməklə münasibət bildirərək, bu sözün son 1000 il
ərzində, XI əsrdən 1990-cı illərin əvvəllərinə kimi administrativ-hüquqi termin
kimi işlənmədiyini faktlarla sübut edib. Qarabağın tarixi ilə bağlı bir neçə
kitabın müəllifi Hess Olaf Heuseri “Ermənistanı tarixi mifologiyasını tarixi
reallıqla dəyişik salmaqda” ittiham edib.

Heuser reportaj boyu erməni əsilli jurnalist həmkarı Anna Aridcanyana etiraz
etmədən tam şərait yaradıb ki, bugünkü Ermənistan dövlətinin Azərbaycan
tərəfindən Qərbi Azərbaycan kimi təqdim edilməsinə istehzalı münasibət
bildirsin. Dr. Hess Səfəvilər dövlətinin tarixinə (1501-1736) ekskurs etməklə,
o dövrdə İrəvan bəylərbəyliyinin mövcud olduğunu və orada yaşayanların
əksəriyyətinin Azərbaycan dilli müsəlmanlardan ibarət olduğunu vurğulayır,
XVIII əsrdə İrəvan xanlığının mövcudluğunu və onun 1828-ci ildə Rusiya
tərəfindən ləğv olunduğunu fakt kimi təqdim edərək yazır ki, “İrəvan/Yerevan
şəhərinin ermənilərin Ararat Respublikasının idarəçiliyinə keçməsi tarixdə ilk
dəfə 28 may 1918-ci ildə baş verib. Hətta bu məsələnin tarixi və hüquqi
legitimliyi Azərbaycan tərəfindən şübhə altına alınır. Bu mənada İrəvan
xanlığının ərazisi və ətrafının Qərbi Azərbaycan kimi təqdim edilməsinin Heuser
və Aridcanyan cütlüyü tərəfindən sual altına alınması absurddur. Çünki
ermənilərin 1918-ci il Ararat Respublikasınadək iddia etdiyi erməni dövləti
1375-ci ildə süqut etmiş Kilikiya knyazlığıdır ki, erməni iddialarına
baxmayaraq, bu dövlətin paytaxtı Türkiyədə yerləşən Sis şəhəri olub. Bütün
bunlar bir daha sübut edir ki, İrəvanda heç bir erməni hökmdarlığı olmamışdır
və bu ərazilərin Azərbaycanın qərb hissəsi kimi göstərilməsi daha legitimdir”.

Dr. Hess reportajda şəxslərə yönəlmiş emosionallığı qətiyyətlə pisləyərək
bildirib ki, Azərbaycan Respublikasının Prezidentinə qarşı olan bu hücumlar
Azərbaycanın öz ərazisini geri qaytarmaq hüququnun legitimliyini sual altına
qoymaq niyyəti ilə edilib: “Qarabağda aktual məsələ ermənilərin qovulması yox,
oranı separatçılardan və işğalçılardan təmizləməkdir”. Hess yazır ki, oxşar
fəaliyyətin Zelenski tərəfindən olunması sivil dünya tərəfindən alqışlanır.
Maraqlıdır ki, podkast müddətində Paşinyanın adı bir dəfə də olsun, çəkilməyib,
amma Aridcanyana şərait yaradılır ki, Ukrayna müharibəsi ərəfəsində Prezident
Əliyevin Prezident Putinlə xoş atmosferdə görüşməsini tənqid etsin. Dr. Hess
oxucu məktubunda Almaniya kansleri Olaf Şoltsun da Moskvada Putinlə oxşar
görüşünü xatırladaraq bildirir ki, dövlət başçılarının görüşü diplomatiyada adi
haldır. Yəni Azərbaycan Prezidentinin əleyhinə dəqiqələrlə edilən “əsassız
arqumentlərin külək dolu boş polemikadan başqa bir şey olmadığı” üzə çıxır.

“Spiegel” podkastının ziddiyyəti ondadır ki, başlıqda Azərbaycanı “Dağlıq
Qarabağın blokadasında” ittiham edir, reportaj boyu isə bunu rusların
barrikadalar qurmaqla etdiyini bildirir.

Dr. Hess oxucu məktubunun sonunda jurnalistin həm də seçdiyi veriliş formatı
ilə öz imkanının sərhədlərini aşdığını tənqid edib, Almaniyanın fikir
formalaşdıran jurnalistlərini lazımi bilgilərə malik olmadıqları mövzu barədə
və danışmamağa çağırıb.

Qeyd edək ki, dr. Mixael Reynhard Hess 25 ildən çoxdur Azərbaycanı tədqiq edən
almaniyalı alimdir. Dr. Hess “Tanklar cənnətdə. Ermənistan və Azərbaycan
arasında Dağlıq Qarabağ münaqişəsi”, “Qarabağ 13-cü əsrdən 1920-ci ilədək.
Azərbaycan tarixinin açılımı” və “Şuşanın irsi. Azərbaycan mədəniyyət
paytaxtının tarixi və inkişaf yolu” kimi kitabların müəllifidir.

Source link