Almaniyanın dövlət katibi: “Azərbaycan enerji sahəsində keçid etmək üçün
unikal vəziyyətdədir”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Azərbaycan payızda keçiriləcək COP29-un prezidenti olmaqla üzərinə böyük rol
götürüb ki, bu, ölkə üçün böyük imkanlar, amma eyni zamanda böyük öhdəliklər
deməkdir”.
“Report” xəbər verir ki, bunu Almaniya Xarici İşlər Nazirliyinin beynəlxalq
iqlim siyasəti üzrə xüsusi nümayəndəsi, dövlət katibi Cenifer Morqan Bakıda bir
qrup jurnalistlə görüşündə deyib.
Tədbirə ev sahibliyi edəcəyi ilə bağlı ölkə hökumətini təbrik edən C.Morqan
qeyd edib ki, COP-un Bakıda keçirilməsi müəyyən mənada “tam tsikl” yaradır:
“Dünyada böyük miqdarda qalıq yanacaq ehtiyatlarının intensiv kəşfiyyatına və
işlənməsinə başlayan ilk ölkə kimi Azərbaycanın hazırda bərpa olunan enerji
mənbələrinə keçid üzərində işləməsi və enerji səmərəliliyinə çalışması
həqiqətən maraqlıdır. Ölkə hökuməti bərpaolunan enerji mənbələrinə keçiddə
maraqlı olduğunu bildirir. COP28-də qəbul edilmiş qərarları həyata keçirmək
üçün daha yaxşı yeri haradan tapmaq olar?!”
Onun sözlərinə görə, Almaniya ənənəvi enerji resurslarından bərpa olunan
mənbələrə keçidi çox fəal şəkildə həyata keçirir, elektrik enerjisinin demək
olar 50 %-i onlardan əldə edilir və ölkə neft, qaz və kömürdən tamamilə
imtinaya doğru gedir. “Almaniya bu sahədə toplanmış təcrübəsini bölüşməyə
hazırdır”, – C.Morqan bildirib.
Almaniya XİN nümayəndəsinin fikrincə, iqlim böhranı hamının razılaşdığı
reallıqdır və vəziyyət getdikcə daha da pisləşir. “2023-cü il Yer kürəsində ən
yüksək temperaturun olduğu il kimi qeydə alınıb, eyni zamanda intensiv yağışlar
və nəticədə daşqınlar və quraqlıq olub”, – o söyləyib.
Azərbaycan da dünyanın digər ölkələri kimi iqlim dəyişikliyinin nəticələrini,
o cümlədən su qıtlığı və quraqlıq halları, digər tərəfdən leysan yağışların
yaratdığı sürüşmələr və digər neqativ nəticələr ilə üzləşir.
“Aydındır ki, bütün ölkələr Paris Sazişinin üç əsas məqsədinə, o cümlədən
qlobal temperatur artımını 1,5 dərəcə Selsi civarında qorumaq, 2030-cu ilə
qədər istixana qazı emissiyalarını 43 faiz azaltmaq və 2050-ci ilə qədər sıfır
emissiyaya nail olmaq, iqlim dəyişikliyi və maliyyə resurslarının yenidən
yönləndirilməsi şəraitində davamlılıq və adaptasiyaya nail olmaq üçün səy
göstərməlidirlər”, – o deyib.