Hər üç alpinist təxminən eyni yerdə, çadır qurduqları ərazidə tapıldı. Böyük ehtimalla, onlar çadırda istirahət vaxtı gözlənilmədən qar uçqununa düşüblər. Dörd aydan çox vaxt keçsə də, meyitlər tanınan halda idi. Qarın altından çıxarılanda alpinistlərin şəxsiyyətini müəyyənləşdirmək olurdu.
ÇıxışYolu.Com AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə dekabrın 27-dən itkin düşən “Gilavar” idman klubunun üzvləri Namin Bünyatov, Babur Hüseynov və Fəridə Cəbrayılzadənin axtarışlarını həyata keçirən qrupun rəhbəri Toğrul Mehdiyev məlumat verib.
Toğrul Mehdiyev deyib ki, Quba rayonunun Xınalıq kəndindən Tufandağ istiqamətində yürüşə çıxan alpinistlərin axtarışları müvafiq təlimata uyğun olaraq fasiləsiz davam edib. Son günlər havanın daha çox istiləşməsi axtarışların intensivləşməsi üçün şərait yaradıb. Qarın səviyyəsi azaldığından alpinistlərin olduğu yeri müəyyənləşdirmək üçün bəzi ipucuları ortaya çıxıb:
“Əvvəl həmin ərazidə 10-12 metr hündürlükdə qar var idi. İsti havadan sonra qarın hündürlüyü dörd metrə qədər azalmışdı. Alpinistlərin yerini təxmini müəyyənləşdirdikdən sonra bütün qüvvəmizi səfərbər edib, həmin ərazidə axtarışları gücləndirdik.
İki gün ərzində səhər saat 7-dən axşam 8-dək ərazidən çıxmamaq şərtilə iş apardıq. Mayın 16-da onların cəsədlərini aşkarladıq”, – deyə Toğrul Mehdiyev əlavə edib.
Xilasetmə qrupunun komandiri Anar Alxanov jurnalistlərə açıqlamasında alpinistlərin meyitlərinin qarın dörd metr dərinliyində aşkar olunduğunu bildirib:
“Əvvəlcə Babur Hüseynovu, sonra isə Fəridə Cəbrayılzadə və Namin Bünyatovu üzə çıxardıq. Onlar birlikdə çadırın içərisində böyük qar uçqununun altında qalıblar”.
Alpinistlərin axtarışları ilə əlaqədar yaradılan Əməliyyat Qərargahının bu barədə açıqlamasında bildirilir ki, Fövqəladə Hallar Nazirliyinin peşəkar xilasedicilərindən ibarət dəstələrin, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə aparılan axtarışlar nəticəsində mayın 16-sı saat 18 radələrində itkin düşən alpinistlərə aid çadırın yeri müəyyənləşdirilib. Həmin ərazidən bir kişi cəsədi tapılıb. Saat 19 radələrində isə daha bir kişi və bir qadın cəsədi aşkarlanıb.
Meyitlər hüquq-mühafizə orqanları əməkdaşlarının iştirakı ilə Əməliyyat Qərargahından Quba Rayon Mərkəzi Xəstəxanasının morquna gətirilib və tibbi ekspertizadan keçirildikdən sonra aidiyyəti üzrə təhvil veriləcək.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən axtarış-xilasetmə işlərinə dekabrın 27-də başlanılmışdı. Axtarış-xilasetmə işləri mürəkkəb relyefli yüksək dağ massivində (dəniz səviyyəsindən 2500-3000 metr yüksəklikdə) çətin meteoroloji şəraitdə aparılırdı.
Bu müddətdə axtarış-xilasetmə işlərinə Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasediciləri, mülki müdafiə qoşunlarının canlı qüvvəsi və müvafiq texnikası, Şimal Regional Mərkəzinin xilasediciləri, aviasiya dəstəsinin “Mi-17” markalı helikopteri və xüsusi təlim keçmiş itlər cəlb olunub. Eyni zamanda, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, peşəkar alpinistlərdən və yerli sakinlərdən ibarət könüllü dəstələr axtarışlarda iştirak edib.