c7a185d9-5d9f-4f04-89b1-5cc74311833b..jpg

Altı yaşında Ağdaban faciəsinin şahidi olan dünya çempionu: “Ayaqlarım donmuşdu, atam ayaqqabını kəsib…”

Baxış sayı: 640 dəfə baxılıb.

Altı yaşında Ağdaban faciəsinin şahidi olan dünya çempionu: “Ayaqlarım
donmuşdu, atam ayaqqabını kəsib…”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Ağdaban faciəsindən 32 il ötür. 1992-ci il aprelin 7-dən 8-nə keçən
gecə erməni silahlıları tərəfindən Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban
kəndi tamamilə yandırılıb və yer üzündən silinib. Kəndin 779 nəfər dinc
sakininə qeyri-insani işgəncələr verilib, 67 nəfər qətlə yetirilib, səkkiz
nəfər 90-100 yaşlı qoca, iki azyaşlı uşaq, yeddi qadın diri-diri yandırılıb.

Kunq-fu üzrə beşqat dünya çempionu Ellər Orucov da faciəni öz gözləri ilə
gördüyünü bildirib.

Moderator.az-a açıqlama verən idmançı o illəri bu gün də ürək ağrısı ilə
xatırladığını deyib.

“Ağdaban faciəsindən 32 il keçir. Bu faciəni öz gözlərimlə görmüşəm. Altı
yaşın içində idim. Çətin günlər idi. Səhər saat 6-7 radələrində insanların
bəzilərinin xəbəri var idi ki, Ağdabanı ermənilər mühasirəyə alıblar.
Qışqırırdılar ki, “çıxmağa, qaçmağa yeriniz yoxdur, təslim olun”. Evin divarına
söykənmişdik. Tərpənə bilmirdik. Hərəkət edən kimi bizi görüb güllə atırdılar.
Güllə yağış kimi yağırdı. Uşaq idim, ağlım kəsmirdi. İstədim ki, yerə tökülən
patronları yığım. Əmim qolumdan tutub məni arxaya çəkdi. Bir saata yaxın o
vəziyyətdə qaldıq, mühasirədən çıxa bilmirdik”, – o deyib.

Ellər Orucov bildirib ki, çətinliklə də olsa, mühasirədən çıxa biliblər:

“Əmim hərbçi idi. Atam isə postda keşik çəkirdi. Əmim silahı götürüb qarşı
tərəfə qaçdı. Elə qaçırdı ki, nə qədər güllə atsalar da, ona dəymirdi. Qonşunun
evinin yanından keçib onlar tərəfə atəş açdılar. Əslində, belə etməklə
ermənilərin başını qatırdılar ki, kənd camaatı mühasirədən çıxa bilsin. Çıxış
üçün bir yol var idi. O yol da qarlı, dərəli, meşəli yoldan keçirdi. Qaça
bilənlər qaçıb getdilər, qaça bilməyənləri isə ermənilər oradaca güllələdilər.
Ayaqqabım ayağımdan çıxmırdı, şişmişdi. Atamla anam ayaqqabımı bıçaqla kəsib,
çətinliklə də olsa, çıxardılar. Ağdaban sakinləri böyük qəhrəmanlıq
göstərirdilər. Onların hesabına kimlərsə sağ-salamat çıxdılar. Babam kənddən
çıxarkən onu Aşıq Şəmşirin abidəsinin yanında snayper vurdu. Babam və dayım
Birinci Qarabağ müharibəsində şəhidliyə ucaldılar. Babam o qədər məşhur döyüşçü
idi ki, ermənilər onun başına pul qoymuşdular”.

O, doğma Ağdaban kəndini işğaldan sonra hələ görmədiyini bildirib:

“Şükürlər olsun, artıq dörd ildir ki, Kəlbəcərimiz işğaldan azad edilib. Doğma
yurdumu gedib görmək hələ ki mənə qismət olmayıb. Amma valideynlərim gedib
görüblər. Evimizin divarlarının yarısı qalıb. Söküb apardıqlarını aparıblar,
apara bilmədiklərini yandırıblar. Qəbirlər qalıb. Atama Ağdaban kəndinə getmək
qismət olub. İnşallah ki, mən də gedərəm”.

Source link