AMB-də jurnalistlərə təlim keçirildi – FOTO
Azərbaycan Mərkəzi Bankda media nümayəndələri üçün təlim keçirilib.
Təlimdə bildirilib ki, əsas hədəf qruplarından biri kimi media institutları
ilə peşəkar əməkdaşlığın gücləndirilməsi, jurnalistlərin makroiqtisadiyyat və
maliyyə sistemi, xüsusən mərkəzi bankçılıq sahəsində biliklərinin artırılması
məsələləri Mərkəzi Bank tərəfindən daim diqqət mərkəzində saxlanılır.
Pul və maliyyə sabitliyi siyasətinin geniş ictimaiyyət tərəfindən aydın başa
düşülməsi, siyasət mesajlarının ictimaiyyətə düzgün ötürülməsi, bank-maliyyə
fəaliyyətinin mediada geniş işıqlandırılması, bununla da ölkədə həyata
keçirilən iqtisadi islahatların cəmiyyət tərəfindən aydın qavranılması, nəticə
etibarilə ictimaiyyətdə düzgün iqtisadi gözləntilərin formalaşdırılması
baxımından media institutları ilə sıx əməkdaşlıq, onların maliyyə biliklərinin
təkmilləşdirilməsi istiqamətində görülən işlər mühüm əhəmiyyət kəsb edir.
Mərkəzi Bank tərəfindən bu xüsusda media nümayəndələri üçün ənənəvi olaraq
mərkəzi bankçılıq, maliyyə-bank sisteminə dair bilik və bacarıqların
təkmilləşdirilməsi mövzularında təlimlər, həmçinin “Açıq qapı” tədbirləri
təşkil olunur.
Bu prosesin davamı olaraq 5-6 oktyabr tarixlərində Mərkəzi Bank, Milli Depozit
Mərkəzi və Bakı Fond Birjasının birgə təşkilatçılığı ilə media nümayəndələri
üçün növbəti təlim təşkil olunub.
Təlimlərdə Mərkəzi Bankın tətbiq etdiyi prudensial tənzimləmə çərçivəsi,
kapital bazarlarının üstünlükləri, həmçinin Milli Depozit Mərkəzinin fəaliyyət
istiqamətlərinə dair mövzularda təqdimatlar keçirilib.
Təlim zamanı jurnalistləri maraqlandıran suallar cavablandırılıb.
Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.