356223f2-d05e-4d1f-9823-d8185486e043..jpg

AMB-nin notlarının investor bazasının genişləndirilməsi bazara nə vəd edir? – ARAŞDIRMA + FOTO

Baxış sayı: 646 dəfə baxılıb.

AMB-nin notlarının investor bazasının genişləndirilməsi bazara nə vəd edir? –
ARAŞDIRMA + FOTO

Azərbaycan Mərkəzi Bankı (AMB) bu il yanvarın 26-dan notları ilə bağlı
hərraclara fasilə versə də, bu gün sükutu pozdu.

Məlum oldu ki, qurum bundan sonra banklarla yanaşı qeyri-neft və qeyri-dövlət
sektorunda fəaliyyət göstərən rezident kommersiya hüquqi şəxslərinə də onun
qısamüddətli notlarına sahib olmaq imkanı yaradıb. Amma bu, müəyyən limitlər
çərçivəsində olacaq.

Limitlər bankların likvidlik mövqeyində, qiymətli kağızlar bazarının müxtəlif
seqmentlərində kəskin dəyişikliklərə yol verməmək üçün tətbiq edilir. AMB-də
hesab edirlər ki, qisamüddətli notların məbləğinin genişləndirilməsi
investorların sayını artırmaqla qiymətli kağızlar bazarında aktivliyə müsbət
təsir göstərəcək.

“Report” mövzunu kapital bazarı üzrə ekspertlərlə müzakirə edib.

Onlardan biri Cəfər İbrahimli deyir ki, AMB-nin notlarının investor bazasının
genişləndirilməsi qiymətli kağızlar bazarı üçün mühüm yenilikdir, bu addım
bazarın böyüməsinə ciddi təkan verəcək:

“Bundan sonra şirkətlər cari hesablarındakı vəsaitləri qısa müddətə AMB-nin
notlarına yatıra biləcəklər. Onlara 28 günlük və 3 aylıq qiymətli kağızlara
investisiya qoymaq, faiz gəlirləri əldə etmək imkanı yaradılıb. Notlar ölkənin
ən likvid kağızlarıdır. İstənilən an qiymətli kağızı satıb pulu geri almaq
mümkündür. Şirkətlər bu işə başlamaq üçün ilk öncə Azərbaycandakı investisiya
şirkətlərinin biri ilə müqavilə bağlamalıdır. Müqavilə bağlanılan gün ərzində
hesablar aktivləşdirilir, Milli Depozit Mərkəzində hesablar açılır və
investorlar istədikləri zaman AMB-nin not hərraclarına qatıla bilərlər”.

Kapital bazarı üzrə digər ekspert Pərvanə Qasımova da hesab edir ki, AMB-nin
qərarı özəl şirkətlərə və bazara böyük imkanlar qazandıracaq:

“Ümumiyyətlə, ilk növbədə notların mahiyyətinə aydınlıq gətirmək doğru olardı.
Onlar pul siyasətinin tənzimlənməsi üçün istifadə olunan qısamüddətli qiymətli
kağızlardır. Bu günə qədər hərraclarda yalnız banklar iştirak edə bilirdisə,
dəyişiklikdən sonra not hərraclarında həm də qeyri-neft və qeyri-dövlət
sektorunda fəaliyyət göstərən rezident kommersiya hüquqi şəxsləri də iştirak
edə biləcəklər. Notlar qısamüddətli aktiv olduğu üçün bu özəl şirkətlərin
hesablarında olan vəsaitlərin qısamüddətli olaraq yerləşdirilməsi və gəlir əldə
edilməsi üçün böyük fürsətə çevriləcək. Bundan başqa, nəzərə almaq lazımdır ki,
qərar həm də bazarda aktivliyi artıracaq. Bu isə şirkətlərin kapital bazarının
bütün imkanları ilə tanış olması ilə baş verəcək”.

Source link