Amerikalı jurnalist: “Ermənistanın basdırdığı minalar vəhşiliyin davam etdiyini göstərən reallıqdır” – FOTO

Baxış sayı: 796 dəfə baxılıb.

Amerikalı jurnalist: “Ermənistanın basdırdığı minalar vəhşiliyin davam
etdiyini göstərən reallıqdır” – FOTO

“Qarabağ bölgəsində baş vermiş hadisələr bəşəriyyətə, insanlığa qarşı
qəddarlıq və cinayətdir. Ermənistanın bu bölgəyə basdırdığı minalar vəhşiliyin
davam etdiyini göstərən acı reallıqdır”.

Bunu “Report”a Azərbaycana səfərdən yenicə dönən amerikalı jurnalist,
“Schirach Report” İnformasiya Agentliyinin təsisçisi və baş redaktoru Paolo fon
Şirax Qarabağda gördükləri barədə öz təəssüratlarını bölüşüb.

P.Şirax Ermənistanın Azərbaycanın tarixi torpaqlarında törətdiyi terror və
vandalizm aktlarından dəhşətə gəldiyini bildirib:

“Bir qrup amerikalı jurnalistlə Azərbaycanın işğaldan azad olunmuş
ərazilərində yol boyu hərəkət edərkən tamamilə yerləyeksan olmuş kəndləri, yer
üzündən silinmiş yaşayış məntəqələrini görmək həqiqətən dəhşətli idi. Sanki bu
evlər min illər öncə tərk edilib, viran qalıblar. Sivilizasiyanın mərkəzi olan
bu ərazilər indi xarabalıqlara bənzəyir. Bütün bunları etmək sadəcə
qəddarlıqdır. Həmin ərazilərdən məcburi öz yurd-yuvalarını tərk edən insanlar
həm də xatirələrini, arzularını, xəyallarını, bir sözlə, hər şeylərini
itiriblər. Bilirsiniz, məhv etmək, dağıtmaq çox asandır. Yenidən qurmaq isə çox
çətin və çox xərc tələb edir. Mən bir tərəfdə yerlə-bir olmuş şəhərlər, digər
tərəfdən yenidən ucaldılan, həyat verilən yaşayış məntəqələrini gördüm.
Azərbaycan hökumətinin və cəmiyyətinin genişmiqyaslı, uzunmüddətli yenidənqurma
səyləri diqqətəlayiqdir. Yollarda qoyulan lövhələrdə yenidən inşa ediləcək
yaşayış yerləri, məktəblər, xəstəxanalar və s. ilə bağlı məlumatlar yer alıb.
“Kabus şəhərlər”in yenidən inşasını görmək, təbii ki, çox gözəl olardı”.

Amerikalı jurnalist İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın
qarşılaşdığı ən böyük problemlərdən biri olan mina təhlükəsi ilə bağlı bölgədə
müşahidələri barəsində də söz açıb:

“Hər gün bölgədə insanların və canlıların həyatına son qoyan yüzminlərlə mina,
təəssüf ki, erməni işğalının dəhşətli mirasıdır. Azərbaycan rəsmilərindən
aldığımız məlumata görə, Ermənistanın uzun illər nəzarətdə saxladığı ərazilərdə
basdırdığı piyada və tank əleyhinə minalar əraziləri tamamilə zəhərləyib və
məhv edib. Digər vacib məqam ondan ibarətdir ki, Ermənistan hökuməti 30 ildən
çox işğal altında tutduqları ərazilərdə basdırdıqları minaların dəqiq yerini
göstərən xəritələri bölüşməkdən imtina edir. Təəssüf ki, minaların ərazilərdən
təmizlənməsi olduqca yüksək məvaciblər tələb edən və vaxt aparan prosesdir. Biz
bölgədə səfərdə olarkən Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA)
ekspertləri tərəfindən minaların partladılması prosesini izlədik. Təhlükəsizlik
tədbirləri baxımından biz yüzlərlə metr aralıda dayanmışdıq. İki tank əleyhinə
minanın partladılmasını izlədik və o prosesi izlədikdən, mina qurbanına
çevrilməyin necə dəhşətli bir şey olduğunu gördükdən sonra hisslərimi ifadə
etməkdə çətinlik çəkirəm. Bu minalar olduqca güclüdür və bir minanın partlaması
yaxında olan bütün canlıların yer üzündən silinməsi deməkdir. Əfsus ki, bölgədə
çoxlu qəzalar olub və bu dəhşətdən bixəbər olan yüzlərlə günahsız insan minaya
düşərək ya həyatlarını itirib, ya da ağır yaralanıb. Onu da öyrəndim ki,
Ermənistan bu minaların gücünü daha da artırmaq üçün onları bir neçə mina ilə
bərabər basdırıb. Belə bir minanın partladığını təsəvvür etmək belə məni
dəhşətə gətirir. Bölgədə minaların yerini dəqiq göstərən xəritə olmadan hərəkət
etmək olduqca təhlükəlidir və Azərbaycan rəsmiləri hər qarış toprağı
zərrə-zərrə yoxlayaraq təmizləməyə çalışırlar. Görünən odur ki, Azərbaycanın bu
sahədə artıq ixtisaslaşmış çox güclü komandası var. Onlar mənim bütün
suallarıma aydınlıq gətirdilər və bildirdilər ki, çətin və riskli olan bu işdə
onlardan heç biri həyatını itirməyib. Bu xəbər məni çox sevindirdi. Qarabağda
Ermənistanın basdırdığı minalar müharibənin vəhşiliyinin hələ də davam etdiyini
ortaya qoyan acı reallıqdır. Hərbi əməliyyatlar bitdi, ermənilər ərazini tərk
etdi, ancaq onların minaları hələ də burdadır və bölgəni məhv etməkdə davam
edir. Qarabağda Ermənistanın törətdiyi cinayəti təmizləmək uzun illər və böyük
məbləğli vəsaitlər tələb edəcək. Bu prosesin daha ağrısız və asan keçməsi üçün
dualarımız Azərbaycan xalqı və Azərbaycan hökuməti ilədir”.

P.Şirax bölgədə gördükləri barədə ABŞ-nin yerli mətbuatında qlobal
problemlərlə bağlı tez-tez məruzəçisi olduğu televiziya və radio proqramlarında
şərh edəcəyini deyib:

“Amerikadan Azərbaycan və Ermənistan arasında davam edən konflikti və bölgədə
cərəyan edən hadisələri xəbərlər vasitəsilə yaxından izləyən biri olaraq
bölgədə vəziyyətin daha acınacaqlı olduğunu açıq şəkildə etiraf edə bilərəm.
Azərbaycana gedib, bölgəni qarış-qarış gəzib və burada cərəyan edənləri
yaxından görmək mənə fərqli bir pəncərə açdı. Artıq baş verənlərlə bağlı
danışacaq və deyəcək daha çox şey olduğunu düşünürəm”.

Source link