56bd0275-a4a5-4c6b-99b1-3f0d186b8d7e..jpg

ANAMA-nın yaradılmasının 25-ci ildönümü qeyd edilib – FOTO

Baxış sayı: 603 dəfə baxılıb.

ANAMA-nın yaradılmasının 25-ci ildönümü qeyd edilib – FOTO

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) yaradılmasının
25-ci ildönümünü qeyd edib.

Bu barədə ANAMA məlumat yayıb.

Bildirilib ki, tədbirdə Agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanov,
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Aparat rəhbəri Rüfət Məmmədov,
BMT-nin ölkəmizdəki Rezident Əlaqələndiricisi Vladanka Andreeva, Avropa
İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko,
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə
Əliyeva çıxış ediblər.

Həmçinin, tədbirdə hökumət rəsmiləri, ölkəmizdə akkreditə olunmuş diplomatik
korpus nümayəndələri və vətəndaş cəmiyyəti təşkilatları təmsilçiləri iştirak
ediblər.

1998-ci il 18 iyul tarixində ümummilli lider Heydər Əliyevin sərəncamı ilə
yaradılan ANAMA minatəmizləmə sahəsində əldə etdiyi 25 illik təcrübəsi ilə
qlobal miqyasda aparıcı quruma çevrilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən Agentliyin İdarə Heyətinin sədri Vüqar
Süleymanov qeyd edib ki, Agentlik işğaldan azad edilmiş ərazilərin partlayıcı
qurğulardan təmizlənməsi, bu ərazilərdə bərpa-quruculuq fəaliyyətinin
təhlükəsiz icrası, keçmiş məcburi köçkünlərin dayanıqlı məskunlaşması, eləcə də
regionda sülh və əmin-amanlığın bərpası və davamlı inkişafına öz müsbət
töhfəsini verir. Ötən 25 il ərzində ANAMA tərəfindən 900 mindən çox mina və
digər partlayıcı sursatlar aşkar edilərək zərərsizləşdirilib. Vüqar Süleymanov
mina təhlükəsi ilə mübarizə fəaliyyətində göstərdikləri dəstəyə görə həm yerli,
həm də beynəlxalq qurumlara öz təşəkkürünü bildirib.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Aparat rəhbəri Rüfət Məmmədov
çıxış edərək bildirib ki, bu gün ən aktual və şərəfli işlərdən biri də ANAMA
əməkdaşlarının həyata keçirdiyi minatəmizləmə fəaliyyətidir. Minatəmizləmə
fəaliyyəti ilə məşğul olan şəxslər öz həyat və sağlamlıqlarını təhlükə altına
ataraq şərəfli vəzifələrini yerinə yetirirlər. Onların bu fəaliyyəti ölkə
rəhbərliyi tərəfindən yüksək qiymətləndirilir və bu sahəyə xüsusi diqqət
yetirilir.

BMT-nin ölkəmizdəki Rezident Əlaqələndiricisi Vladanka Andreeva bildirib ki,
mina qurbanlarının sayının artması Azərbaycanda humanitar minatəmizləmə
işlərinin sürətləndirilməsi üçün birgə səy və resurslara ehtiyac olduğunun
göstəricisidir. Həmçinin, partlayıcı sursatların təhlükəsinin aradan
qaldırılması, maarifləndirmə işinin gücləndirilməsi üzrə ANAMA-nın həyata
keçirdiyi fəaliyyətin dəstəklənməsində BMT qurumlarının bu günədək olan
səylərinin davamlı olacağını ifadə edib.

Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Peter
Mixalko çıxışı zamanı qeyd edib ki, Avropa İttifaqı dünyada mina təhlükəsi ilə
mübarizə fəaliyyətinin dəstəklənməsində qlobal liderdir. Azərbaycanda bu
fəaliyyətin dəstəklənməsi isə Aİ və Azərbaycan arasındakı əməkdaşlığın başlıca
prioritetlərindən biridir. Regionda sülh və davamlı inkişafın əsas
şərtlərindəndir.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə
Əliyeva istər İkinci Qarabağ müharibəsi, istərsə də postmüharibə dövründə
Ermənistanın törətdiyi hüquq pozuntuları, kütləvi şəkildə basdırılmış tank və
piyada əleyhinə minaların səbəb olduğu insan itkiləri hallarına dair
hesabatların hazırlanaraq, beynəlxalq və regional təşkilatlara, habelə müxtəlif
ölkələrin milli insan hüquqları təsisatlarına təqdim olunduğunu bildirib.

Tədbirdə ANAMA-nın humanitar minatəmizləmə sahəsində 25 illik təcrübəsini əks
etdirən “Minaları təmizləyək, insanları xilas edək” adlı film nümayiş olunub.

Həmçinin, minatəmizləmə fəaliyyətində əvəzsiz rola malik olan minaaxtaran it
və bələdçinin iştirakı ilə imitasiya təşkil edilib. Yaradılan imitasiya
sahəsində minaaxtaran it partlayıcı qurğuları aşkar edib. Mina və sursat
nümunələrinin maketləri, minaaxtaranın alət və avadanlığı, fərdi qoruyucu
geyimindən ibarət sərgi nümayiş olunub.

ANAMA Qarabağ və Şərqi Zəngəzurda mina və müharibənin partlayıcı qalıqlarının
yaratdığı təhlükədən təmizləmək missiyasını qətiyyətlə davam etdirir.

Source link